Daha 2 “NİDA”çı istintaqa çağırıldı

Ombudsman təşkilatın MTN-də saxlanılan üzvlərinə baş çəkdi

“NIDA” Vətəndaş Hərəkatının 4 üzvünə açılan cinayət işi ilə bağlı istintaq davam edir. Martın 18-də təşkilatın Idarə Heyətinin üzvləri Üzeyir Məmmədli və Aygün Pəncəliyeva şahid qismində Baş Prokurorluğun Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsinə çağırılıb. Gənc fəallar “Azadlıq”a bildiriblər ki, ciddi heç nə danışılmayıb. Sonra da iş saatı bitdiyi üçün gənclərə bu gün yenidən istintaqa gəlmək tapşırılıb.
Bundan başqa, “NIDA” Vətəndaş Hərəkatı Idarə Heyətinin üzvü Rəşad Həsənovun həbs qərarından apelyasiya şikayəti verilib.
Vəkil Əsabəli Mustafayev “Media forum” saytına bildirib ki, şikayətdə R.Həsənov barəsində həbs-qətimkan tədbirinin ləğv olunması və dərhal azadlığa buraxılması tələbini qoyublar: “Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsi və işi araşdıran müstəntiq iddia edir ki, guya Rəşad Həsənov istintaqdan yayınıb, çağırışlara gəlməyib və gizlənib. Ona görə də onun barəsində axtarış elan olunub, həbs qərarı verilib. Guya Rəşad barəsində martın 10-da ittiham elan olunub. Amma bu arqument əsassızdır və apelyasiya şikayətində bunu sübut edən foto, video faktları, qəzet materiallarını təqdim etmişik. Rəşad Həsənov necə axtarışda olub ki, martın 10-da Bakının mərkəzində keçirilən mitinqdə iştirak edib, növbəti gün bir neçə qəzetə müsahibə verib, martın 12-də ”EL” hərəkatının təsis toplantısına qatılıb, orada çıxış edib. Bütün bunlar mətbuatda geniş işıqlandırılıb. Ona görə də həbs qərarı ləğv olunmalı və Rəşad azadlığa buraxılmalıdır”.
Ombudsman Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına baxış keçirib, saxlanan “NIDA”çılarla görüşüb. Rəsmi məlumata görə, təkbətək görüş zamanı “NIDA” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və təşkilatın idarə heyətinin üzvü Rəşad Həsənov saxlanma şəraiti ilə əlaqədar heç bir şikayətlərinin, rəftarla bağlı narazlılıqlarının olmadığını bildiriblər.
Ombudsman Aparatından “Media forum”a göndərilən press-relizdə deyilir: “Söhbət zamanı ”NIDA” təşkilatının üzvləri Şahin Novruzlu vəÿBəxtiyar Quliyev etdikləri əməldən səmimi peşmançılıq çəkdiklərini bildiriblər”.
“NIDA”nın dörd üzvü həbsdədir. Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlunun həbsi ilə bağlı martın 9-da Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, guya gənclər martın 10-da paytaxtın Fəvvarələr meydanında etiraz aksiyası zamanı “Molotov kokteyli”ndən istifadə edilməsinə hazırlaşırmışlar.

Bəyim Həsənli