İnsanın başqa insanlardan fərqi

Komik vəziyyətdir. Komik olduğu qədər də bir özünüifşadır, özünütəkzibdir, son günlərin şərləmə və linçləmə kampaniyasının həqiqətə qarşı elan edilmiş növbəti müharibədən başqa bir şey olmağının etirafıdır. Bəli, Səməd Seyidovun ABŞ-a gedib orada hakimiyyətlərini təzyiqlərdən qorumaq üçün yardım istəməsi əslində bu gün aparılan “feysbuk inqilabı” şousu iflasa uğramış oldu. Axı hansı məntiqə və vicdana sığır ki, həm bir tərəfdən ölkənin vicdanlı, mübariz gəncliyi “Qərbin əli ilə dövlət çevrilişinə cəhd”də suçlandırılır, onlar repressiya edilir, həm də elə həmin Qərbin özündən dəstək istənilir. 
Bundan sonra yalnız ağlını və məntiqini tamamilə itirmiş adamlar “2 milyonluq feysbuk inqilabı” söhbətinin ciddiliyinə inana bilərlər. Aydın məsələdir ki, bu repressiyalar da əvvəlki illərdə olduğu kimi, yalan, şər, iftira üzərindən aparılır, məqsəd də artıq recimlə mübarizənin ön sıralarında addımlayan gəncliyin dəyanətini sarsıtmaq, onları qorxutmaq, geriyə çəkilməyə məcbur etməkdir.
Yapçılar həmçinin etirafı etmiş oldular ki, onların hakimiyyətinin mənbəyi heç də xalq deyil. Çünki gücünü öz xalqından alan, onun iradəsindən mayalanan bir rejim öz varlığını qorumaq üçün əsla və əsla gedib kimdənsə dəstək dilənməz, həm də gizli deyil, bağlı qapılar arxasında deyil, açıqdan-açığı, nümayişkaranə bir şəkildə!
Mən müxalifəti hakimiyyətə gəlmək üçün “xarici qüvvələrə işləməkdə” suçlamağı sevən yaptokratlardan soruşuram: tutaq ki, haqlısınız, bəs siz özünüz niyə hakimiyyətdə qalmaq üçün xarici qüvvələrin dəstəyinə, mərhəmətinə sığınırsınız? Mən hələ elə bir müxalifətçi tanımıram ki, hamının gözü qarşısında, hamının qulağı eşidə-eşidə hansısa qərbliyə “bizə kömək edin, hakimiyyətə gələk” dediyinin şahidi olmamışam. Amma fakt budur ki, ortada hakimiyyətdəkilərin hakimiyyətdə qalmaq üçün qərblilərə elçi düşməsi, dəstək dilənməsi gerçəkliyi var. Indi bundan sonra yaptokratlar hansı üzlə, hansı haqla bizi “Qərbin, xarici qüvvələrin əli ilə hakimiyyətə gəlməyə çalışmaqda” suçlayacaqlar? Bu suçlamalarda bulunarkən heçmi üzləri qızarmayacaq, heçmi vicdanları sızlamayacaq?!
Yazını isə hər cür ləkələməyə, iftiraya, yalana rəğmən…
Repressiyalara, işgəncələrə baxmayaraq sistemə qarşı mübarizəsini davam etdirən, onun qarşısında geri çəkilməyən…
Döyüldükcə bərkiyən…
Əzildikcə əzmi daha da güclənən insanlara xitabən tarixi bir dialoqla bitirmək istəyirəm.
Dialoq Londonda – həmin vaxt Ingiltərədə yaşayan Gertsenlə o illərdə Sibirə sürgün edilmiş, amma necə olmuşdusa qaçmağı bacarmış Bakunin arasında yaşanır.
Xoş-beşdən, hal-əhvaldan sonra Bakunin deyir:
– Işə başlamaq lazımdır.
– Polşada hələ ki, ancaq nümayişlər olur.
– Bəs Italiyada?
– Sakitlikdir.
– Avstriyada necə?
– Həmçinin.
– Bəs Türkiyədə?
– Hər yerdə sakitlikdir, heç bir şey gözlənilmir.
Bakunin məyus, amma qəzəbli səslə deyir:
– Bəs onda nə edək? Deyəsən, Irana, ya da Hindistana gedib orada işə girişməli olacağam?
Hə, əsl mübarizə adamları belədir: onlar həyatlarının bir anını belə, şərə, zülmə qarşı savaşsız təsəvvür etmirlər.
Onlar üçün mübarizənin heç vətəni də yoxdur: harda haqsızlıq varsa, orada da mübarizəni davam etdirmək və Xeyirin bəşəri qələbəsinə töhvə vermək olar.
Çünki bu gün Xeyir sizin ölkənizdən uzaqlarda da qalib gələ bilər, amma əmin olun ki, bunun bəhrəsini bir gün mütləq siz də görəcəksiniz.
Hər yerdə və hər zaman Şərə qarşı! – bir insanın bundan böyük amalı və əməli yoxdur, olmamalıdır.
Insanı başqa canlılardan ağlı, amma başqa insanlardan da məhz amalı fərqləndirir.