eabdullayev-enyeni

Elşad Abdullayev prokurorluğa nələr deyib?

eabdullayev-enyeniQardaşı oğurlanması ilə bağlı sabiq rektorun verdiyi ifadə «Azadlıq»da

Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin Baş Prokurorluğun Ağır cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə zərərçəkmiş şəxs qismində 15 may 2009-cu ildə verdiyi ifadə redaksiyamıza daxil olub. Sabiq rektorun ifadəsini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

Onlar mənə Mahirin adam oğrularının əlindən azad olunması işinə kömək edəcəklərini dedilər
“Həmin hadisələr vaxtı Rövşanə adlı bir qadın mənə yaxınlaşaraq Mahirlə bağlı məlumat verəcəyini söylədi. O, Mahirin tapılmasının açarının çox varlı bir biznesmen olan Arzu Kazımovski deyilən şəxsin və DIN-in sabiq birinci müavini Zahid Dünyamalıyevin əlində olduğunu bildirdi. Əvvəllər, yəni 17.10.2003-cü ilə kimi Rövşanə adlı qadınla tanış deyildim və onunla hansısa əlaqəm olmayıb. Bu qadın qardaşım Mahirin itkin düşdüyü 13.10.2003-cü il tarixdən sonrakı 14-15 oktyabr tarixlərdə universitetin rektorluğunun  qəbul otağında görmüşdüm. Mahirin onu tanıyıb-tanımaması barədə yalnız bunu deyə bilərəm. Rövşanə ilə sonrakı uzunmüddətli söhbət əsasında mənə bəlli oldu ki, o Mahirlə tanış olmayıb. Digər qardaşlarım və qohumlarım da həmin tarixədək Rövşanəni tanımayıb. Rövşanənin rəsmi olaraq harada işləməsini bilmirəm, amma mən onu həmişə Arzu Kazımovskinin ofisində və Zahid Dünyamalıyevin Zuğulbada  yerləşən ofisində görürdüm. Rövşanə ABU-da təhsil almayıb və onun qohumlarından heç kim rektoru olduğum universitetdə təhsil almır və işləmir. Rövşanə mənə gah mingəçevirli, gah naxçıvanlı, gah da ermənistanlı olduğunu deyirdi. Xarici görünüşünə görə ona 25 yaş vermək olardısa, davranışı və danışığına əsasən 35-40 yaşında görünürdü. Rövşanə ”Gənclik” metrostansiyasının yaxınlığında yerləşən 5 mərtəbəli binada  yaşayırdı. 2003-cü ilin 17 oktyabrında Rövşanənin mənə dediyi sözləri şərti işarə kimi başa düşdüm və Arzu Kazımovskinin belə işlərlə əlaqədar Zahid Dünyamalıyevlə işbirliyinin olması barədə mənə çox mühüm məlumatlar verdi. Rövşanənin bu qəbildən olan söhbətlərini videokamera ilə çəkmişəm və bu danışıqların audio-video kasetlərini  istintaqa təqdim edə bilərəm. Həmin kasetlər məndə evdədir. Söhbət vaxtı Rövşanə məni Arzu ilə mütləq görüşdürəcəyini  bildirdi. Bundan bir gün sonra, 18.10.2003-cü ildə əvvəllər tanımadığım Arzu Kazımovski yaşıl rəngli BMV markalı maşınla Rövşanə ilə birlikdə yanıma gəldi. Onlar mənimlə danışaraq qardaşım Mahirin adam oğrularının əlindən azad olunması işinə kömək edəcəklərini dedilər. Bu işdən heç kimin məlumatı olmaması barədə də xəbərdarlıq etdilər. Onlar əks təqdirdə, “Mahiri görməyəcəksiniz” deyə, məni hədələdilər.

Zahid Dünyamalıyev gizli işarələrlə məni başa salmağa çalışırdı ki…

Söhbətin əvvəli üçümüzün arasında oldu, sonra Rövşanə otaqdan çıxdı və Arzu ilə ikilikdə söhbət etdik. Arzu mənə Mahirin kim tərəfindən oğurlanmasını bildiyini ilk görüş vaxtı demədi. Mən də bunu həmin görüşdə soruşmadım. Arzuya yalnız onu deyirdim ki, qardaşımı kimin oğurladığı məni maraqlandırmır, yeganə istəyim onun azad edilməsidir. Bu işdə mənə kömək göstərməsini xahiş etdim. Arzu mənə dedi ki, daxili işlər nazirinin sabiq birinci müavini  Zahid Dünyamalıyevlə çox yaxın əlaqələri var və bundan istifadə edərək qardaşımın azad olunması məsələsini həll edəcək.  Mahir itkin düşəndən bir gün sonra qardaşım Elsevər Abdullayevlə birlikdə DIN rəhbərinin qəbulunda olmuşduq və Ramil Usubov bizi dinləyəndən sonra Zahid Dünyamalıyevi çağırıb bu işi araşdırmağı ona tapşırdı. Nazirin yanında belə qərar verildi ki, Mahirə xətər toxunmasın deyə,  texnikadan istifadə edilməli və ciddi məlumat olsa, dərhal nazirə və Dünyamalıyevə məlumat verib onunla əlaqə saxlamalıydıq.
Texnika deyəndə, telefonlara qulaq asma, videomüşahidə aparma, zərərçəkmişlərin danışıqlarına qulaq asma nəzərdə tutulurdu. Nazirin qəbulundan çıxanda Zahid Dünyamalıyevin otağına getdik. O, Mahir haqqında məlumat topladı və  təxminən 30 dəqiqə ümumi tanışlıq barədə söhbətlər edib bizə  ehtiyatlı olmağı tövsiyə etdi. Dedi ki, onun da oğlunu oğyurlayıblarmış və bu işi edən çeçenlərə Moskvaya uçan təyyarədə pulu verib uşağını azad etdirib. Zahid Dünyamalıyev “sığorta Mamed”in oğlunun qulağının atası səhv etdiyinə görə kəsilib atasına göndərildiyini deyərək maksimum ehtiyatlı olmağı söylədi. O, həmçinin zəruri tədbirlərin görüləcəyi barədə bizi əmin etdi. Işin Dünyamalıyevə tapşırılması və həm də Arzunun mənimlə söhbətində onun adını çəkməsi məni inandırdı. Arzunun bu işin çox ağır başa gəldiyini, Mahirin “yalnız general Zahid Dünyamalıyev tərəfindən geri qaytarıla bilər” sözlərini işlətməsi və hadisədən qısa müddət sonra Rövşanə adlı qadının meydana çıxması, onun Arzu Kazımovu dəstəkləməsi məni onlara inanmağa sövq etdi. Bu söhbətdən sonra Zahid Dünyamalıyevlə onun iş otağında və onunla işbirliyi quran Arzunun şirkətində dəfələrlə söhbətimiz oldu. Söhbət vaxtı Dünyamalıyev gizli işarələrlə məni başa salmağa çalışırdı ki, Mahiri sağ-salamat geri almaq üçün külli miqdarda pul vəsaiti lazımdır. Dünyamalıyev və Kazımov söhbət əsnasında  mənə deyirdilər ki, bu işdən bir adam xəbər tutsa, danışan adamın aqibəti heç də yaxşı olmayacaq. Onlar Mamedin oğlunun başına gələn hadisəni tez-tez xatırladırdılar. Mahirə xətər yetirilməsin deyə, onların bütün şərtlərini yerinə yetirirdim. Dünyamalıyevlə aramızda vasitəçiliyi Arzu edirdisə, bizimlə Arzu arasında vasitəçiliyi Rövşanə edirdi.  

Bu prosesdə Zakir Nəsirovun qudası polkovnik Ağa Abbasov da iştirak edib

Çünki hər dəfə Rövşanə ilə Mahirlə bağlı söhbətlərimizdə o, Mahirin sağ-salamat və qardaşımın yanına gedib-gələn insanların olduğunu, qardaşıma Sevinc adlı bir qadının qulluq etdiyini deyirdi. Rövşanə Mahirin ağ köynəkdə, qırmızı qalstukda olduğunu, onu böyük bir həyətdə saxladıqlarını deyirdi. Mahir evdən çıxanda doğrudan da ağ köynək, qırmızı qalstukda olub. Rövşanə ilk dəfə mənimlə görüşəndə, aramızdakı söhbət vaxtı Mahirin belə paltarda olduğunu söyləmişdi.
Pulun alınmasıyla bağlı bir qədər vaxt keçdi, çünki Arzu ilə Dünyamalıyev həqiqətən bizim onları satmayacağımızı yəqin etmək üçün Mahirə görə pulun alınmasını qəsdən uzadırdı. Şəxsən Arzu və Zahid Dünyamalıyevə birlikdə ikincinin Bilgəhdəki istirahət pansionatında və onun xidməti otağında  Mahirin qaytarılması üçün veriləcək pulun məbləği barədə  dəfələrlə söhbətimiz olub. Şəxsən bu prosesdə Zakir Nəsirovun qudası, əvvəllər DIN-də işləyən polkovnik Ağa Abbasov da iştirak edib. Mahirin qaytarılmasıyla bağlı Arzu və Dünyamalıyevlə bütün danışıqlar qurtarandan sonra  Dünyamalıyevin xeyir-duası və Arzunun evindəki məsləhətləşmələrdən sonra Mahirin qaytarılması üçün qohum-əqrəbadan məcbur olub yığdığım, ümumi miqdarı 3 milyon dollar olan pulu onlara verdim. Rəsmi qaydada 1,5 milyon  dolları Arzuya, qalanını isə Dünyamalıyevə DIN-dəki xidməti otağında, həmçinin Bilgəhdəki pansionatda qaldığı mənzildə təhvil verdim. Onlara 3 milyon dolların verilməsi belə olub:
15.11.2003-cü ildə Zahid Dünyamalıyevin kabinetində ilk sövdələşməmiz olub və 100.000 dolları ilkin olaraq Mahirin qaytarılması  üçün tərəfimdən ona verilib. Rövşanə zəng edərək bidirdi ki, Arzu məni ofisində gözləyir və təcili onun yanına getmək lazımdır. Odur ki, Arzunun ofisinə getdim və o, Mahirlə bağlı söhbət etmək üçün Zahid Dünyamalıyevin məni xidməti kabinetində gözlədiyini dedi: “Sənə etibarı olsun deyə, ona 100.000 dollar verərsən və qalan məsələ ilə bağlı sənin işin olmasın. pulu verəndən sonra nəticəsi barədə mənə məlumat verərsən”.

Mahirin təhlükəsizliyi üçün bu söhbət barədə kimsəyə bir söz demirdim

Odur ki, 15.11.2003- cü ildə  Arzunun dediyi kimi hərəkət edərək DIN-ə gəlib Zahid Dünyamalıyevin kabinetində 100.000 dolları ona verdim. Bundan sonra da Arzunu məlumatlandırdım.
Zahid Dünyamalıyev kabinetində pulu məndən alandan sonra Arzu məni dəmiryolu vağzalında yerləşən, keçmiş Kamo küçəsi 195-də yerləşən ofisinə dəvət edərək Mahirin qaytarılması üçün Dünyamalıyevə əlavə olaraq 500.000 dollar gətirməyi tələb etdi. Arzuya etiraz edərək bildirdim ki, külli miqdarda pulu verməzdən əvvəl gərək Mahir mənimlə mütləq danışsın, yaxud da onun indiki vəziyyətilə bağlı onun fotosurəti bizə göndərilsin. Mahir sağdırsa, özü yalnız bizim bildiyimiz hansısa “kod” altında ailəmizin sirr olaraq bildiyi cümlə və ya söz yazılmış kağız bizə verilsin. Lakin Arzu mənə etiraz edərək belə bir məqamda Zahid Dünyamalıyevin etibarını itirməməyi deyib Mahirin evə tez qayıtması üçün deyilən məbləği verməyi söylədi. Mahirin təhlükəsizliyi üçün bu söhbət barədə kimsəyə bir söz demirdim. Amma məndə 500.000 dollar olmadığından əlacsız qalıb bu pulu qaynatam Hüseyn Əhmədovdan istədim. Hüseyn müəllim mənə kömək edəcəyini deyərək ömrü boyu damla-damla topladığı pulu mənə verdi. Həmin pulu da çantama qoyaraq  22.11.2003-cü ildə Arzunun ofisinə getdim. Qapını Arzu özü açıb məni içəri dəvət etdi və Zahid Dünyamalıyevin yanına apardı. Zahid Dünyamalıyevlə Arzunun ofisində bir qədər söhbətləşəndən sonra onlar Mahirin sağ olduğunu və mənim qardaş kimi vəzifəmi yerinə yetirəndən sonra onun salamat evə qayıdacağını dedilər. Mən içində 500.000 dollar olan çantanı Zahid Dünyamalıyevin qabağındakı stolun üstünə qoyub ondan Mahirin işini tezləşdirməyi xahiş etdim. Lakin Arzu və Zahid müəllim bu işin həll edilməsinin çox çətin olduğunu deyərək, buna baxmayaraq Mahirin tez bir vaxtda evə qayıdacağına məni əmin etdilər”.      

ardı var