Neftçilər üsyana qalxdı (VİDEO)

Tibbi sığorta problemi və maaş azlığı fəhlələri tətilə məcbur etdi

2000 fəhlə etiraz etdi, zavod direktoru, icra başçısı onların görüşünə gəldi

Bakı Dərin Özüllər Zavodunun fəhlələri ötən gün səhər saatlarında tətil ediblər. Sözügedən zavod əvvəllər ARDNŞ tərkibində olub. Sonradan Neft Şirkətinin balansından çıxardılaraq “Bos Shelf”in nəzdinə keçib. Fəhlələrinsə tələbi tibbi sığorta və əmək haqlarının artırılmasıdır…

“Əvvəl 600-700, indisə 350-450 manat maaş alırıq”

2000-ə yaxın fəhlənənin ayağa qalxması şirkətin bütün sexlərində işin dayanmasına gətirib çıxarıb.
Fəhlələr deyir ki, onların maaşı çox aşağıdır: “Bizlə eyni işi görən əcnəbilər iki-üç dəfə artıq maaş alır. Bizim tibbi sığortamız da yoxdur. 2012-ci ilin dekabrına qədər tibbi sığorta olsa da, sonradan ləğv edildi”.
Bir müddət rəhbərlikdə təmsil olan şəxslərlə söhbət etmək istəyən etirazçılar onların qarşısına heç kimin gəlmədiyini görüb şirkətin ərazisini tərk etdilər. Onlar etirazlarını yaxınlıqdakı yolu bağlamaqla ifadə etmək istəyirdilər. Vəziyyətin çıxılmaz olduğunu görən “Bos Shelf”in direktoru Ixtiyar Axundov onların qarşısına çıxdı.
Fəhlələri zavodun zalına dəvət edərək orada söhbət etmək qərarına gəldi.

Toplantı zamanı fəhlələr “over taym”, yəni işdən sonra iş istədiklərini dilə gətirdilər. Bundan başqa, etirazçılar əcnəbi vətəndaşların təhqirinə görə məhkəməyə müraciət edəcəklərini söylədilər. Həmçinin 1 ildir “Bos Shelf”ə verilən zavodun yenidən ARDNŞ-ə qaytarılmasını tələb etdilər.
Iclasda Qaradağın icra başçısı Süleyman Mikayılovla yanaşı ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov da iştirak edirdi.

Fəhlələr deyir ki, həmin dövrdə 600-700 manat maaş alırdılar, indi isə 350-450 manat alırlar.
Etiraz edən Iradə Pirquliyeva deyir ki, 160-170 manat əməkhaqqı alırlar: “Sex rəislərinə çox pul verirlər. Ona görə də rəislər fəhlələrin etirazını yuxarılara, ARDNŞ-ə çatdırmırlar. Fəhlələrin məzuniyyətləri 21 gündür. Onlar tələb edirlər ki, 40 günə çatdırılsın. Sex rəisi deyir ki, istehsal etdikləri elektrod Isveçdən alınan elektroddan keyfiyyətlidir. Ancaq bu sexi bağlamaq istəyirlər”.

“Hamımızın bir-birimizə borcu var, bezmişik borc alıb-verməyə”

Qaynaqçı Ramin Musayev çıxışına əmək haqlarının aşağı olmasından başladı: “Əmək haqlarımız çox aşağıdır. Azərbaycan qanunvericiliyinə görə, ölkə ərazisində milli pul vahidi əsas götürülməlidir. Bizim 1 saatımız 5 dollar 50 sentdən hesablanır. Bunun məişəti var, krediti var. Burada çalışan xarici vətəndaşlar bizi söyür, təhqir edir, usta qaynaqçıları imtahandan kəsirlər. Söyüşün biri bir qəpikdir”.

“Bütün Azərbaycan nefti bu zavodun məhsuludur. 18 yaşımdan burda işləyirəm. Neftimiz bu zavodun əziyyəti ilə çıxırsa, biz də bunun nəticəsini görməliyik. Hamımızın bir-birimizə borcu var, bezmişik borc alıb-verməyə. 220 manat ipoteka verirəm, 400 manat da maaş alıram. Hər gün qara metalı kəsib doğrayır, evə gedəndə üstümüzdən qara pas tökülür. Elə gün olub ki, deyiblər bir ayın işini 15 günə görün, o cür də eləmişik”,- deyə etiraz edən başqa bir fəhlə deyir.

1987-ci ildən zavodda işlədiyini deyən Füzuli Mövsümov ədalətsizliyin baş alıb getdiyini bildirdi: “Indi 10 kompüterlə görülən işi, 3 ay bundan öncə bir kompüterlə görmüşəm”.

İcra başçısı: “Burada qaldırılan məsələlər boş bir şeydir”

Fəhlələrin çıxışı bitdikdən sonra direktor Ixtiyar Axundov bəzi tələblər haqsız olduğunu dilə gətirdi. O, qısa vaxtda maaşların artırılmasını real saymayıb: “Bu, bir günün və ya bir ayın işi deyil. Ona görə də kim maaşın 52 faiz artırılmasını tələb edirsə, aprelin 1-ni gözləmədən indidən tətilə başlaya bilər”.

Maaşların dollarla deyil, manatla verilməsinə gəlincə, Ixtiyar Axundov deyib ki, “Bos Shelf” bp şirkəti ilə işləyir. Buna görə də maaşlar dollarla verilir: “Ancaq dolların kursu maaşa təsir etməməlidir. Əgər belədirsə, mühasibatlığa deyərik, bunu yoluna qoyar”.
O ki qaldı tibbi sığorta tələbinə, Ixtiyar Axundov bu yöndə iş getdiyini, ancaq iyundan kartların paylana biləcəyini də dedi.

Direktor əcnəbi işçilərin fəhlələri təhqir etməsiylə bağlı bu yöndə araşdırma aparılacağını bildirib.  
Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib ki, zavoda xarici mütəxəssislər işin yaxşılaşdırılması üçün dəvət olunublar. Hazırda Qaradağ ryonunda tikilən yeni məktəbdən danışaraq bildirib ki, bu məktəbdə yerli mütəxəsislər öz ixtisaslarını artıracaqlar. Mikayılov şirkət fəhlələrinin şikayətinə toxunaraq bildirib ki, burada qaldırılan məsələlər boş bir şeydir. Fəhlələr onun bu fikrinə etiraz ediblər.
Bunu görən icra başçısı sözünə düzəliş edib: “Bu məsələləri həll etmək elə də çətin deyil və bu məsələlər həll ediləcək”.

ARDNŞ vitse-prezidenti Xaliq Məmmədov şirkətin sex rəisləri problemləri yuxarılara çatdırmadığını söylədi:

“Bu məsələ Rövnəq Abdullayevə məruzə olunacaq”.

Sonda fəhlələr bir daha öz tələblərini irəli sürdülər. Etirazçıların 5 tələbi var. Apreldən maaşların 52 faiz artırılması, maaşların dollarla yox, manatla verilməsi, məzuniyyət haqqının və tibbi sığortanın bərpası və onları təhqir edən əcnəbi işçilərin cəzalandırılması. Bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə, fəhlələr tətilin aprelin 1-dən davam edəcəyini də söylədilər.

Ramin DEKO