AXCP sədri fəallarla görüşdə önəmli mesajlar verdi

“Bilməlidirlər ki, sabah Gülər Əhmədovanın, Sevinc Babayevanın aqibətini yaşaya bilərlər”

“Bu hakimiyyətin dövründə heç nəyə, heç kimə təminat yoxdur”

Ötən gün AXCP sədri Əli Kərimli partiyanın Suraxanı və Xətai rayon  şöbəsinin fəalları ilə  növbəti görüşünü keçirdi. Tədbir açıq elan olunandan sonra son günlər şəhid olan əsgərlərimizin xatiriəsi bir dəqiqəlik sükutla anıldı. Daha sonra AXCP sədri Əli Kərimlinin çıxışı dinlənildi.

Əli Kərimli bildirdi ki, görüş ölkədəki siyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda təsadüf edir. “Xeyli müddət idi ki, bu ölkədə şər aparatına qarşı bir neçə min nəfər idealist insan mübarizə aparırdı. Ancaq zaman keçdikcə hakimiyyətin yalan üzərində qurduğu illuziyalar dağıldı.  Əvvəlcə İlham Əliyevi islahatçı lider kimi cəmiyyətə sıramağa çalışdılar, daha sonra neft gəlirlərinin çoxluğundan, illər keçdikcə neft pullarından xalqın faydalanacağından danışdılar. Hətta Qarabağı da neft pulları hesabına ala biləcəklirinin mesajını verirdilər. Ancaq ötən illər, sübut etdi ki, Qarabağ bizdən daha da uzaqlaşıb. Bəli, Azərbaycanda pul çoxdu. Ölkəyə hər gün 100 milyonlarla, hər il 30-40 milyard neft pulu daxil olur. Bəs Azərbaycan xalqı bundan nə qazanır? Həkimlər 130-140, müəllimlər 140-150 manat maaş alır. İpoteka kreditindən sadə camaat faydalana bilmir.Azərbaycanın təhsili, səhiyyəsi dağıdılıb.Ölkədə insana heç bir qayğı yoxdu.
Təqaüdçüləri, Qarabağ qazilərini, şəhid ailələrini düşünün. Əgər bizim mentalitetimizdə böyüklərə, qocalara, yaşlı atalarımıza, analarımıza qayğı göstərmək ənənəsi olmasaydı, indi bu insanlar çoxdan acından ölmüşdülər.Əgər Avropadakı kimi hərə özü üçün yaşasaydı bizim 80-90 manat pensiya ilə yaşayan yaşlılarımızın aqibəti necə olardı?

Valideynlər dərd içindədi. Uşaq doğulanda rüşvət, bağçaya gedir rüşvət, orta məktəbdə rüşvət, ali məktəbdə rüşvət, pullu təhsil. Və beləliklə bir ailənin bütün həyatı, qazandıqları övladının təhslinə sərf olunur. Azərbaycan insanının həyat yanıdan gəlib keçir.
Bizim evin yanında bir tikinti gedir. Səhər saat 8-dən, axşam saatlarına qədər işləyirlər. Onların hər birinə 20 manat əmək haqqı yazılır, 5-i isə çıxılır. Bu adamlar günü 15 manata qul kimi işlədirlər.bu adam ailəsindən də məhrumdu, uşağının necə böyüməsindən də xəbərsizdi, mdəni həyatdan da uzaq düşüb. Faktiki qul həyatı yaşayırlar. Budur Azərbaycanın bu qədər neft sərvətlərindən sonra gəldiyi nöqtə”, – deyə AXCP sədri bildirdi.

Əli Kərimli qeyd edib ki, artıq 2 ildir neft gəlirləri azalmağa başlayıb. Ölkənin neft ehtiyatları tükənir və bir müddətdən də sonra Azərbaycan özü xaricdən neft almaq məcburiyyətində qalacaq. Ötən müddətdə gələn neft pullarından isə ölkəyə qalan bahalı binalar, saysız-hesabsız Heydər Əliyev parklarıdır.
“Bəziləri indi də utanmaz-utanmaz deyirlər ki, bunlar yeyib doyub. Harda göründü bunların gözlərinin doymağı? Daşkəsəndəki qızıl mədənləri bir ailənin, Dubaydakı 9 mülk bir ailənin, Sumqayıtdakı 15 şirkəti birləşdirən texnopark bir ailənin, 10 bank bir ailənin, “Eurovision”la bağlı konsert kompleksini tikən şirkət bir ailənin – Əliyevlər ailəsinidir. İndi də stadion tikirlər – 650 milyon manata. Bu stadionun analoqu olan digər stadionlar isə, ekspertlərin hesabladığına görə, 180-200 milyon dollara başa gəlib.
Əksəriyyətinizin yəqin ki, xəbəri var, bir neçə ildi Bakının mərkəzində “Qış bulvarı” tikirlər. Bu yaxınlarda maraqlandım, o tikilinin smetası 998 milyon manatdır. 1 milyarddan 2 milyon əskik. Bir park bizə bir milyarda başa gələcək. Bu, millətin heysiyyatı ilə oynamaqdı, milləti saymamaqdır…”, – deyə Əli Kərimli çışıxını davam edtirdi.

AXCP sədri hakimiyyətin xalqa münasibətinin ayrı-ayrı əhali qruplarının öz problemlərilə bağlı etirazlarına rəsmi reaksiyalarda da görünməsindən bəhs edərək dedi: “İnsanlar müxtəlif bölgələrdə, işlədiklləri sahələrdə öz hüquqları uğrunda mübarizəyə qalxır, haqsızlığa etiraz eləyir. Bütün dünyada hakimiyyətlər onunla fəxr eləyir ki, xalqın tələbi ilə filan işi görüb, filan layihəni həyata keçirib, filan islahatı aparıb.Hesabat verəndə bunu özlərinə üstünlük bilrilər. Ancaq Azərbaycan hökumətinin təfəkkürü ondan ibarətdir ki, xalqın istəyi ilə nəsə etmək əksiklikdi. Xalq kimdi, onun tələbiylə müşavirə keçirim, onunla hesablaşdığımı nümayiş etdirim, sabah da xalq başqa şey istəsin. Xalqla hesablaşmaq olmaz. Prinsip bundan ibarətdi”.
Əli Kərimli bildirdi ki, bu rejimin islah olunması mümkün deyil. Onun normal sistemə çevrilmək şansı yoxdur. Azərbaycan xalqı özü taleyinə sahib çıxıb, köklü dəyişikliklərə imza atmalıdır. Artıq bu istiqamətdə prosesin başladığını qeyd edən AXCP sədri indiki mərhələdə cəbhəçilərin qarşısında duran vəzivəyə də toxundu – daha yaxşı təşkilatlanaraq, daha mütəşəkkil qüvvəyə çevrilmək. “Avanqard, təşkilatlanmış siyasi qüvvə olmadan xalqın ayrı-ayrı nümayəndələri problemi lazımi formada həll edə bilməz.Təşkilatlanmamış xalq nəyisə dağıda bilər, ancaq nəyisə yarada biməz. Bizim məqsədimiz avtoritar sistemin yerinə normal, vətəndaşa xidmət eləyən sistem qurmaqdı. Bunu da ancaq təşkilatlanmış qüvvə edə bilər”, – deyə o bildirdi.

AXCP sədri daha sonra hakimiyyətə müəyyən mesajlar ünvanladı: “Azərbaycan hakimiyyəti anlamalıdır ki, vəziyyət bu cür davam edə bilməz, dəyişiklik mütləq olmalıdı. Bu prosesin dinc yolu siyasi islahatların önünü açmaqdan keçir”.
Əli Kərimli vurğuladı ki, ölkədə köklü dəyişikliklərin baş verməsinə indi hakimiyyətin yaratdığı müəyyən imkanlardan bəhrələnənlər və müxtəlif səbəblərdən özlərini proseslərdən kənarda görən təsirli şəxslər də maraqlı olmalıdırlar. Çünki dəyişikliklər onlara daha çox sərf edir. “Bu gün varlıdı, sabah Elşad Abdullayevin gününə düşə bilər. Bu gün deputatdı,sabah Gülər Əhmədovanın gününə düşə bilər. Bu gün siyasi maklerlik edir, sabah Sevinc Babayevanın aqibətin yaşaya bilər. Bu hakimiyyətin dövründə heç nəyə, heç kimə təminat yoxdur. Nazir də, icra başçısı da, oliqarx da arxayin deyil ki, sabah başına nə gələcək”, – deyə Əli Kərimli fikrini tamamladı.

***

Tədbirin sonunda AXCP sədri partiya fəallarının suallarını cavablandırdı.

İlham Hüseyn