Gənclər təcridxanadan mübariz əhvalda çıxdılar
“Bundan sonra da aksiyalarda öndə olacağıq”
10 mart “Əsgər ölümlərinə son” aksiyasında saxlanılan və inzibati qaydada sutkalıq həbs cəzası alan AXCP üzvləri Məhəmməd Məcidli, Türkel Əlisoy və AGT üzvü İlkin Rüstəmzadə azadlığa çıxıb. 6 sutka həbs alan İlkin Rüstəmzadə 16 martda, gecə saatlarında azad edilib. AXCP üzvləri isə 17 mart saat 16:00 radələrində buraxılıblar. Digər AXCP fəalı Elvin Baycan isə martın 18-isaat 15:00-da azadliğa çıxmalıdır. Məhkəmə qanunsuzluğa yol verərək Elvin Baycanla bağlı qərarda onun saxlandığ vaxtı yox, məhkəmənin keçirildi vaxtı qeyd edib. Ona görə də o, 7 sutka həbs cəzası almağına baxmayaraq, bir gün gec azad edilcək.
Azadlığa çıxan keçmiş vicdan məhbusu Məhəmməd Məcidli “Azadlıq”a müsahibə verib. “Hökümət nə qədər bizə qarşı repressiv addımlar atırsa, bu, bizdə daha mütəşəkkillik, daha mübarizlik yaradır. İnanıram ki, bundan sonra da aksiyalarda öndə olacağıq. Sona qədər də mübarizəmizi davam etdirəcəyik. Təcridxanada işçilərin bizə qarşı münasibəti normaldır. Lakin, çox anti-sanitariya hökm sürür. Günün əksər saatlarında su gəlmir. Ümumiyyətlə, hamam işləmir. Bir də ki, vəkillə əlaqə saxlamağımıza heç bir şərait yaradılmayıb. Nə polis idarəsində, nə də təcridxanada”.
Türkel Əlisoy da geri çəkilməyəcəyini deyib. “Hakimiyyətin bu repressiyaları, cərimələr, həbslər bizi heç nədən çəkindirmir. Azərbaycan gəncliyi adından deyə bilərəm ki, qətiyyətliyik. Bu rejimi dəyişə biləcəyik. Demokratiyanı Azərbaycana bu gənclik gətirəcək. Həbsxanada olduğumuz müddətdə qəzetdə oxuduq ki, Rəşad Həsənovu həbs ediblər. Aksiyada Renad Nəcəfovu, Elşən Kərimovu çox pis döyüblər. Bunlar bizi çəkindirmir. Rejim özü elə bir şərait yaradır, məcbur edir ki, ölkədə köklü dəyişikliklər baş versin”,- deyə o bildirib.
Bəyim Həsənli