ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın ölkədə repressiyaların, azadlıqsevər insanlara qarşı mənəvi və fiziki terrorun baş alıb getdiyi günlərdə Sevda Yəhyayeva adlı hansısa bozbaş müğənni ilə görüşməsi barədə oxuyunca çoxunun ağlına digər bir səfir – Enn Dersinin Namiq Məna başda olmaqla, bir dəstə meyxanaçını başına yığıb “Azərbaycan mədəniyyətinin təbliği” adı ilə ABŞ-a aparması gəldi.
Halbuki, siyahını daha da genişlətmək olar və lazımdır – Stenli Eskuderonun YAP-ın Binəqədi rayonunda özəyini yaratması, Rino Harnişin 2003 seçkilərindən sonra səslərinin oğurlanmasına etiraz edən xalq kütlələrinin cəzalandırılması məqsədilə Prezident Administrasiyasına zəng edib “Bakı küçələrində asayişin bərpa edilməsini” istəməsi, Metyu Brayzanın ARDNŞ-də işə düzəlməsi… Bütün bunlar doğrudanmı, bir təsadüfdür? Elə isə ard-arda bu qədər təsadüfü necə izah etməli?
Əlbəttə, ABŞ-ın öz sərhədləri içərisində demokratik nailiyyətlərini inkar etmək gülməli görünərdi, amma bu heç kimə onun dünyanın fərqli coğrafiyalarında demokratiya düşməni rejimlərlə asanlıqla dil tapdığını, belə rejimləri bəslədiyini, öz maraqları tələb etdiyi müddətcə diktatorların sırtını sıvadığını söyləməyə mane olmamalıdır.
ABŞ haqqında demokratik ölkə kimi bəhs etmək nə qədər məntiqə və həqiqətə uyğundursa, onun barəsində dünyada demokratiyanın dostu, demokratik dəyərlərin müdafiəçisi kimi danışmaq da bir o qədər absurd və komikdir.
***
Yazının məğzini daha yaxşı anlamaq üçün yaxın keçmişə kiçik bir səfər edək.
Hadisələr Toqoda cərəyan edir.
Ölkənin 40 illik “dahi rəhbər”i Eyademe Qnassinqbe qəfildən ölür.
Hə, qəfildən – inanmaq çətin olsa da.
Axı onun kimi “uzunömürlü”, “uzaqgörən” liderlər üçün belə ölüm nadir hadisədir. Onlar ya uzun müddət əcəlləri ilə boğuşur, ya da hakimiyyətdə olduqları müddətdə tökdükləri qanda boğulurlar.
Qnassinqbe isə istisna təşkil edir, amma istisnalar da qaydanı dəyişmir. Bütün zülmkar hökmdarlar üçün elə yuxarıda dediyimiz iki cür ölüm keçərlidir.
Nə isə. Mövzumuz Toqo diktatorunun “cəhənnəmə səfər”i ilə bağlı deyil. Anlatmaq istədiyimiz şey başqadır.
Onun gözlənilmədən vəfatı qarışıq situasiya yaradır. Konstitusiyaya görə, prezident postunu parlamentin spikeri tutmalıdır. Amma gəl gör ki, həmin günlərdə parlament sədri xarici səfərdədir. Belədə nə baş versə, yaxşıdır?
Əvvəlcə sərhədləri bağlayıb, parlament spikerini ölkəyə buraxmırlar. Sonra onu parlament sədrliyindən kənarlaşdırırlar. Daha sonra ölən diktatorun oğlu həmin vəzifəyə gətirilir.
Ən dəhşətlisi: o, bu postda heç yarım gün də oturmur. Bir neçə saat sonra parlament spikeri vəzifəsindən prezident kürsüsünə gətirilir.
Yad mənzərə deyil. Baş verənlər 2003-ü yaşamış bizlər üçün çox şey deyir.
Amma məsələ bununla bitmir: düzdür, ABŞ və Avropa oğul Qnassinqbenin andiçmə mərasiminə qatılmadı. Di gəl, sonra baş verənlər bunun “demokratiya adına növbəti Qərb oyunbazlığı”ndan başqa bir şey olmadığını göstərdi.
Toqoda ABŞ və Avropa səfirlikləri bu Afrika ölkəsindəki “cəngəllik rejimi”nə sivil don geyindirməkdə müstəsna rol oynadılar. Onlar illərdir oğul Qnassinqbenin rəhbərliyi altında Toqonun “qara qitə”də “sülh və təhlükəsizliyn təminatçılarından birinə çevrilməsi” barədə pafosla bəhs edirlər.
Hələ bu harasıdır? Hazırda ABŞ-ın Tonqoda hərbi kontingenti yerləşir, vaxtaşırı müxtəlif Afrika ölkələrində “sabitliyi” (!) bərpa etmək üçün onlardan istifadə olunur. Necə ki, indi eyni rolu biz ABŞ-ın Əfqanıstan projesində oynayırıq.
***
ABŞ-ın Bakıdakı səfirinin Sevda adlı hansısa palatka müğənnisi ilə görüşməsi və bu görüşdən fotolarını internet üzərindən bəh-bəhlə paylaşması məndə heç bir təəccüb və təəssüf hissi yaratmır.
Əksinə, bu, mənə xeyli dərəcədə simvolik, məntiqəuyğun görünür: Morninqstarın sevdiyi müğənni Sevda, Vaşinqtonun gündən günə qəddarlaşan, amansızlaşan, heç bir çağdaş dəyər tanımayan Əliyevlər rejiminə sevdasından daha abırlı, daha hörmətli, daha toya getməlidir.
Vəssalam. Məndən bu qədər…

Toya getməli Sevda
•
•