Ədliyə Nazirliyinin idarə rəisi məhbus ailələrini kütləvi tədbirlərdən daşınmağa çağırıb, əks halda “uşaqlar üçün pis olacaq” deyib
Ədliyyə Nazirliyinin penitensiar xidmətinin idarə rəisi, əslən İsmayıllının Lahıc qəsəbəsindən olan Musa Hümbətov martın 16-da rayona gəlib, həbsdə olan şəxslərin valideynləri və yaxınları ilə görüşüb. Görüşdə məhkumların yaxınlarına bildirilib ki, heç bir kütləvi tədbirlərə əl atmasınlar, imza toplama kampaniyasını saxlasınlar, “yoxsa uşaqların işi pis olacaq”.
Onlar bu iddialarını belə əsaslandırıblar ki, güya həbs edilənlərin saxlanma şəraiti əladır, onlara yaxşı qulluq göstərilir. Valideynlərə bildirilib ki, övladlarının həbsdə saxlanması onların təhlükəsizliyi baxımından daha məqsədəuyğundur. Ədliyyə Nazirliyinin rəsmisi insanları inandırmağa çalışıb ki, bu məsələləri ictimailəşdirməyə ehtiyac yoxdur, bundan “bəzi qüvvələr istifadə edə bilər”. Valideynlərə hətta misal da çəkilib ki, güya Quba olaylarına görə yerli əhali hökuməti tələsdirdiyindən yekunda belə qərar alındı.
Saxlanılanlardan birinin valideyni bizimlə söhbətində bütün bunların hökumətin növbəti uydurması olduğunu bildirdi: “Bunlar dövlət səviyyəsində yalan danışırlar və əhalini sakitləşdirməyə çalışırlar. Deyirlər ki, uşaqlarınıza super xidmət göstərilir. Hansı xidmətdən söhbət gedə bilər ki, onlar bizdən yemək və digər zəruri şeylər istəyirlər. Hər həftə 100-150 manat xərclə onlara ərzaq və sair alıb aparırıq. Belə yalanla kimi aldatmağa cəhd edirlər? İcra başçısı yeni gələndə dedi ki, mənə 15 gün vaxt verin prezidentlə danışım və uşaqları buraxdırım. İndi sözün danır, deyir, tələsməyin. Hansı istintaqdan söhbət gedir? Heç bir istintaq filan aparılmır. Başımızın altına yastıq qoyurlar”.
Valideynlər məsələyə ölkə başçısı İlham Əliyevin müsbət müdaxiləsini gözləyirlər. Onlar bizimlə söhbətdə diqqətə çatdırdılar ki, ölkə başçısının özü İsmayıllıda baş verənlərin sırf məmur və övladlarının qudurğanlığı ilə bağlayıb, icra başçısını işdən kənarlaşdırıbsa, onda sakinləri həbsdə saxlamağın nə adı var? Valideynlər deyir ki, övladlarının azad olunması üçün mübarizəni dayandırmayacaqlar. Onlar artıq 800-ə yaxın imza toplayıblar. Həbs edilənlər tezliklə azad olunmasa etiraz aksiyalarına, kütləvi şəkildə aclığa başlayacaqlar.
Elçin İsmayıllı


