Partiya “NİDA”ya qarşı təxribatı dayandırmağı və repressiyalardan əl çəkməyi tələb edir
On illərdir avtoritar üsul-idarə altında əziyyət çəkən Azərbaycanda icitmai-siyasi vəziyyət getdikcə gərginləşməkdədir. Azərbaycan xalqı mövcud idarəçiliklə barışmayaraq, ölkədəki ədalətsizliyə, korrupsiyaya və hüquqlarının tapdalanmasına hər keçən gün daha ucadan etiraz edir, vətəndaşlarımız öz haqları uğrunda daha fəal mübarizəyə qoşulur.
Bu xüsusda istər bölgələrdə baş verən lokal sosial partlayışları (bunun ən ağır nümunəsini yanvar ayında İsmayıllı rayonunda gördük); istər ayrı-ayrı sosial qrupların, məsələn, Bakıdakı Binə Ticarət Mərkəzi işçiləri kimi, kollektiv etirazlarını; istərsə də qeyri-döyüş şəraitində əsgər ölümlərinin adi hal alması kimi ümummilli problemlə əlaqədar Bakıda təşkil olunan nümayişləri misal çəkmək olar.
Təəssüf ki, Azərbaycan hakimiyyəti ölkədə az qala hər gün və hər yerdə baş qaldıran belə irili-xırdalı etirazlardan düzgün nəticə çıxarmır, bunları özünə qarşı məqsədli şəkildə təşkil olunmuş hərəkətlər kimi qavradığını nümayiş etdirir. Belə yanlış yanaşmanın nəticəsi olaraq da, ölkədə dözülməz həddə çatan problemləri cəmiyyətin gücündən də bəhrələnməklə həll etmək əvəzinə, bu prolemləri diqqətə çatdıran, etiraz edən vətəndaş qruplarına, ictimai fəallara qarşı divantutma taktikası seçir. Biz bunu İsmayıllıda baş verənlərdən sonra rayon sakinlərinin repressiya olunmasında, eləcə də həmin olaylara görə REAL sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu kimi tanınmış siyəsətçilərin həbsində; “Binə” ticarətçilərinə aşırı polis gücü ilə divan tutulmasında; Bakıda “Əsgər ölümlərinə son” deyən gən etirazçıların önünə rezin güllələr, suvuran maşınlar, qaz bombaları ilə çıxılmasında görürük.
Yeri gəlmişkən, əsgər ölümlərinə qarşı gənclərin martın 10-da keçirdikləri tamamilə dinc etiraz aksiyasına polsin qeyri-adekvat şəkildə, aşırı gücdən istifadə ilə müdaxiləsi nəticəsində aksiyaçılar zorakılığa məruz qalıb, yüzdən artıq insan saxlanılıb, 19 nəfər yüksək məbləğdə cərimələnib, 6 nəfər – keçmiş vicdan məhbusları Məhəmməd Məcidli (AXCP, sədrin müşaviri), Babək Həsənov (AXCP), İlkin Rüstəmzadə (Azad Gənclik Təşkilatı), Elvin Baycan (AXCP) və Türkel Əlisoy (AXCP) müxtəlif müddətə inzibati həbs cəzasına məruz qalıb. Aksiya iştirakçılarından AXCP-nin iki gənc üzvü isə ağır xəsarətlər alıb. Onlardan biri – Renad Nəcəfov xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyata məruz qalıb, digəri – Elşən Kərimov isə qabırğası sındırıldığı üçün bir neçə həftəlik ambulator müalicə altına alınıb.
Azərbaycan hakimiyyəti çağdaş dünyada baş verənləri anlayıb, xalqın dəyişikliklər tələbinə adekvat cavab verməkdənsə, onu təzyiq və repressiya ilə susmağa məcbur etmək istəyini bu günlərdə uydurduğu yeni “dövlət çevrilişi” şousu ilə də gücləndirmiş oldu. Gənclərdən ibarət “NİDA” Vətəndaş Hərəkatının üç üzvü qurama ittihamlarla şərlənərək həbs olundu, təzyiqlə onlardan etmədikləri əmələ görə “etiraflar” alındı və bunun videoyazısı beynəlxalq hüquq normalarına zidd olaraq televiziyalarda nümayiş etdirildi. Hakimiyyət “NİDA”çılara qarşı repressiya dalğasını sonrakı günlərdə bir az da genişləndirdi və təşkilatın daha bir üzvü – Rəşad Həsənov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçildi.
Bütün bunlar göstərir ki, hakimiyyət ölkədə nə baş verdiyini anlamağa çətinlik çəkir, hələ də xalqın ucalan etiraz səsini repressiya və hədə-qorxularla batıra biləcəyini düşünür. AXCP bəyan edir ki, hakimiyyətin hadisələrə belə yanaşması kökündən yanlışdır və nə onun özünə, nə də bütövlükdə ölkəmizə və xaqlımıza yaxşı gələcək vəd edir.
Azərbaycan iqtidarı tutduğu yanlış siyəsətdən imtina etməli və ölkənin dözülməz həddə çatan problemlərini ictimai-siyasi institutlarla müzakirə etməli, cəmiyyətlə sağlam dialoqa başlamalıdır. AXCP hakimiyyəti ölkədə nələrin baş verdiyini ən yüksək səviyyədə müzakirəyə çıxarmağa və ciddi tədbirlər görməyə çağırır.
AXCP hakimiyyətdən haqlı etiraz aksiyalarına görə iştirakçılara qarşı həbslərə, təqib və təzyiqlərə son qoymağı, saxlanılanların azadlığa buraxılmasını; etiraz olunan problemləri adekvat şəkildə araşdıraraq aradan qaldırmağı tələb edir.
AXCP eyni zamanda “NİDA” Vətəndaş Hərəkatına qarşı təxribataçı fəaliyyətə son qoymağı, qurama cinayət işini dayandırmağı və təşkilatın həbs olunan üzvlərini sərbəst buraxmağı tələb edir.
AXCP bəyan edir ki, bunun əksi hakimiyyətin indi tutduğu dəst-xətt kimi ölkəni qarşıdurmaya sürükləmək, özünü də, cəmiyyəti də uçuruma aparmaqdır.
AXCP bir daha hakimiyyətdən avantürist hərəkətlərdən və dağıdıcı siyətdən əl çəkib ağıllı, çağdaş dövrün tələblərinə cavab verən, ölkəyə bu çətin vəziyyətdən dinc çıxış yolu vəd edən qərarlar qəbul etməyə çağırır.