BMT-də İlham Əliyevə qarşı aksiya

Azərbaycanlı fəallar BMT-nin binasında Azərbaycandakı repressiyaya etiraz etdilər

Amerikada yaşayan azərbaycanlı fəallardan bir neçəsi martın 15-də Nyu-Yorkda, BMT-nin binasında Azərbaycanda insan haqlarının pozulması əleyhinə aksiya təşkil ediblər. Bu barədə “azadliq.info”ya fəallardan Emil İsmayıl məlumat verib.
Onun bildirdiyinə görə, aksiyada məqsədləri Azərbaycanda demokraik qüvvələrə qarşı repressiyaların davam etməsinə, o cümlədən son günlərdə bir neçə nəfər gəncin həbs olunmasına, dinc etiraz nümayişinin qəddarlıqla dağıdılmasına etiraz etmək olub.
Təşkilatçılar BMT-nin iclas salonunda və foyedə “İlham Əliyev, Azərbaycanda repressiyanı dayandır” və “İlham Əliyev, Azərbaycan gənclərindən əl çək” kimi şüarlar qaldırıblar.
Emil İsmayıl onu da bildirib ki, Amerikadakı azərbaycanlı tələbələr və fəallar İlham Əliyevə ölkədə demokratik qüvvələrə qarşı repressiyanı dayandırmağa çağıran müraciət də imzalayıb yayacaqlar.