“Van ilə İrəvan arasında aviareysi Ermənistanın rəsmi dairələrinə verilən dəstək kimi dəyərləndiririk”
Azərbaycanın hakim partiyası Türkiyədən Ermənistana aviareysinin açılması ilə bağlı izahatın verilməsini istəyir.
Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, icracı katib Əli Əhmədov şənbə günü jurnalistlərə bildirib ki, Van-Yerevan aviareysinin açılması Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədar Türkiyənin tutduğu mövqeyə uyğun gəlmir.
“Belə aviresylərin açılması müəyyən narahatlıqlar yaradır. Güman edirik ki, Türkiyə tərəfi bu məsələ ilə bağlı izahat verəcək”, – Əhmədov qeyd edib.
O bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olmamış Ermənistanla Türkiyə arasındakı münasibətlərdə yumşalmanın baş verməsini istəmirlər.
“Biz istəməzdik ki, Azərbaycan torpaqları işğaldan azad olmamış Ermənistanla Türkiyə arasındakı münasibətlərdə yumşalma baş versin. Dəfələrlə Türkiyə rəhbərliyi ən yüksək səviyyədə torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla Türkiyə arasındakı münasibətlərdə yumşalma baş verməyəcəyi barədə bəyanatlarla çıxış edib” – Əhmədov əlavə edib.
***
“Azərbaycan işğalçı rejimlə – Ermənistanın bugünkü hakimiyyəti ilə hər hansı təmasa qısqanclıqla yanaşır. Xüsusən də bu təmas dost dövlətlər tərəfindən olanda”. Bunu isə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cümə günü jurnalistlərə bildirib.
“Bir müddət əvvəl Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı həyata keçirilən separatçı fəaliyyət Türkiyənin rəsmi dairələri və ictimaiyyəti tərəfindən dəstəklənmədi. Biz Van ilə İrəvan arasında aviareysi dolayısı ilə də olsa, işğalçı rejimə, Ermənistanın rəsmi dairələrinə verilən dəstək kimi dəyərləndiririk”, – Həsənov bildirib.
Həsənov deyib ki, Azərbaycan Ermənistanla istənilən təmasa bu işğalçı rejiminin gücləndirilməsi faktı kimi yanaşır, çünki bu, işğal faktını, Azərbaycanın işğal alıtında olan torpaqlarının azad olunması prosesini uzadır.