Məddahlığın da etirafı başlayır?

“İlham Əliyev atasından hakimiyyəti alaraq ölkədə islahatlar etmək və onu hər kəsin rahat yaşaya bildiyi bir Vətənə çevirmək əvəzinə, hamını səksəkəli bir günə gətirdi. Ətrafındakı insanlar isə bu adamı ayıltmaq əvəzinə, maraqları naminə onu tanrılarına çevirdilər. Anlamadılar ki, tarixi əsrlər öncəyə qaytarmaq olmaz. Yaltaqlıq və bütpərəstlik elə güclü ünsürlər deyil ki, tarixə zidd olan bir sistemi yaşada bilsin.”

Yuxarıdakı cümlələr dünənki yazımdandır. Amma bu gün onları yenidən təkrarlamağa ehtiyac duydum. Çünki məddahlıq və yaltaqlıq da korrupsiya kimi gündəmə gəlir. Pisliklərdə ifrata varmağın nəticəsi budur, ayılırsan ki, dünənə qədər sənə xeyir verən bir şey artıq səni yıxır. Dünənəcən əzirdin – faydalı görünürdü. Dünənəcən korrupsiyanın gətirdiyi sərvətlərdən ruhlanır və hakimiyyətini möhkəmlədirdin – doğru görünürdü. Dünənəcən yaltaqlar və məddahlar səni ucaldır, göylərə qaldırırdı – uğur sayılırdı. Amma birdən anlam dəyişir, baxırsan ki, dayaqların çöküb, səni qoruyan ünsürlərin hamısı görüntüdür və artıq sənin əleyhinədir. 
Dünən Fazil Müstafanın qarışıq duyğularla verdiyi bir açıqlamanı oxudum. Hakimiyyətpərəst partiyanın sədri hətta məddahlığın əleyhinə danışıb. Deyəsən, korrupsiyadan sonra məddahlığın da etirafı başlayır. Prezident yanında Ictimai Palata yaratmağı təklif edən Fazil Mustafa deyir ki, ora məddah olmayan adamlar toplanmalıdır. Bu fikir hakimiyyəti ağuşuna alan məddahlığın etirafıdır. Hamısı hər şeyi gözəl bilir. Korrupsiyanın başında kimin durmasından tutmuş, ölkədəki real vəziyyətin bütün səbəblərinəcən. Lakin məddahlıq və qorxu onlara həqiqəti tamlığı ilə deməyə imkan vermir. Məddahları kim yaratdı? Kim bu məddahlığı yağ kimi canına sinirirdi? Bunu demədən məddahlığı pisləmək məddahlıqdan uzaqdırmı?

Gəlin görək, prezidentin yanında Ictimai Palata nəyə lazımdır? Parlamenti siyahı ilə seçib ora məddahları və qorxaqları dolduranda, xalqın qanunverici hakimiyyətini əl qurumuna çevirəndə, ictimai palata nə fayda verəcək ki?! Sənin istəyin doğrudursa, niyyətin yaxşıdırsa, yeni seçki keçirt, xalq da sənin islahat niyyətinə inansın və sən də xalqın seçdiyi yeni parlamentin timsalında ictimai palata qazan. Ölkədə də ictimai gərginlik yox olsun. Bax, məddahlıqdan uzaq konstruktiv təklif bu olardı. Ötən seçkilərdən Pənah Hüseyn Milli Məclisdə idi. Məddah deyildi ki! Parlamentdən xalqı inqilaba çağırmırdı ki! Işi-gücü qüsurları demək, təkliflər vermək idi. Daha nə qədər konstruktiv olmaq olar? Amma indi görün kimlərdir orada…

Ümumiyyətlə, bu hakimiyyət ölkədə konstruktiv adam qoymayıb. Tanınmış adamların az qala hamısını yaltaq edib, hamısını yalan danışmağa məcbur ediblər. Konstruktivliyi belə başa düşürlər. Bunu etməyənlər isə radikal və ekstremist adı qazanıb. Həqiqəti deyirsən, elə görünür ki, sən adamyeyənsən. Müsavat başqanı bir neçə dəfə ölkədəki dəyişiklər naminə hakimiyyətlə dialoqa hazır olduğunu demişdi. Amma özlərini elə hündür apardılar ki, guya bunları Tanrı müqəddəs yaradıb. 
Iqtidarın Ictimai Palata yaratmaq ideyası çox əcaib görünür. Cəmi bir ay öncə Bahar Muradova müxalifətin Ictimai Palata yaratmasını evcik-evcik oyunu adlandırmışdı. Fazil Mustafa onda yəqin bunu eşidib gülürdü. Indi Ictimai Palata axtarırlar. Çünki ölkəni 6-cı palataya döndərdiklərinin təhlükəli olduğunu anlayırlar. Başa düşürlər ki, tarix xalqları müxalifətsiz də qarşısıalınmaz gücə çevirib…

Fazil Mustafa dünənəcən avtoritarizmə, korrupsiyaya haqq qazandırırdı ki, bəs ölkəmizin xarici düşmənləri var. O xarici düşmənlər ölmədi ki? Durur onlar. Daha zalımlaşıblar. Pul, mandat gözünüzü tutub. Biz o vaxtdan deyirdik ki, məhz xarici düşmənlərin olması avtoritarizmin, ədalətsizliyin, korrupsiyanın aradan qaldırılmasını, xalqa dayaqlanın bir hakimiyyətin olmasını təcili tələb edir. Biz deyirdik ki, rüşvətxor sistem ən kiçik pullarla terrorçuya, bombaya yol açacaq. Biz bunu deyirdik…
Avtoritar sistemlər corab istehsal etməyi bacarmayacaq qədər faydasız, insan haqlarını hər gün daha çox tapdalamadan yaşaya bilməyəcək qədər ziyanlı bir sistemdir. Bu səbəbdən onlar uzun müddət yaşa bilmir. Odur ki, xalqa qarşı yeni hiylələr axtarmaq əvəzinə, həqiqətə söykənib, xalqın haqlarını ona qaytarmaq vaxtıdır.