Razi Nurullayev: “Diplomatlara qarşı belə davranış onların təmsil etdiyi ölkələrlə münasibətləri gərginləşdirə bilər”
Azərbaycan hakimiyyətinin atdığı addımların beynəlxalq qurumlar, Avropa dövlətləri tərəfindən tənqid olunması iqtidarı ciddi narahat etməkdədir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəsmi mətbuata verdiyi müsahibəsində səsləndirdiyi fikirlər də bu narahatçılığı bir daha ortalığa qoyur. PA rəhbəri öz müsahibəsində xarici ölkələrin Azərbaycanda səfirlərini hədəfə alıb. R.Mehdiyevin sözlərinə görə, diplomatik nümayəndəliyin əməkdaşları bəzi hallarda Azərbaycanın daxili işlərinə müdaxilə edir, siyasi proseslərə, öz təlimatları ilə onun icraçılarına təsir göstərməyə çalışır və müəyyən mənada maraqlı tərəfə çevrilərək həm beynəlxalq, həm də Azərbaycan qanunlarının tələblərini pozurlar. Azərbaycanın diplomatik missiya nümayəndələrinin təhlükəsizliyini təmin etməli oluduğunu deyən PA rəhbəri bunun üçün ölkənin bölgəsində rəsmi görüşlər keçirmək və ya rəsmi tədbirlərdə iştirak etmək istəyən diplomatların nəzərdə tutulan səfərdən 7 iş günü əvvəl Azərbaycan XİN-ə yazılı müraciət etməli olduğunu deyib. PA rəhbəri bunu etməyən səfirlərin və digər diplomatların təhlükəsizliyinə zəmanət vermədiklərini də bildirib.
R.Mehdiyevin bu açıqlaması təsadüfi sayıla bilməz. Görünür, Azərbaycanda fəaliyyətdə olan səfirlərin bölgələrə, xüsusilə də Naxçıvana səfəri, problemlərlə yaxından tanışlığı hakimiyyəti naraht edir. Səfirlərin xəbərdarlıq etmədən bölgələrə səfəri zamanı onların təhlükəsizliyinə zəmanət verilməyəcəyini demək isə diplomatların istənilən təxribatla üzləşə biləcəyindən xəbər verir. Belə yanaşma Azərbaycan hökumətinə nə vəd edir?
Politoloq Razi Nurullayev hesab edir ki, xarici diplomatların, beynəlxalq təşkilatların nümayəndələrinin regionlara səfər edərək oradakı vəziyyəti görməsi hakimiyyətin inkişaf yalanlarını üzə çıxarır. Digər tərəfdən, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi də ciddi narahatçılıq yaradır. Son zamanlar ölkədə siyasi aktivliyin artması da beynəlxalq təşkilatları, Avropa dövlətlərini düşünməyə vadar edir. Onlar xalqın narazılığını öz gözləri ilə görmək istəyir.
R.Nurullayevin sözlərinə görə, bölgələrə səfər edən diplomatlardan XİN-ə məlumat verilməsini tələb etmək onların hərəkət marşrutunu, planlarını öyrənmək məqsədi daşıyır. Lakin belə xəbərdarlıq olsa da, səfirlər istədikləri görüşləri keçirib, məlumatlar əldə edəcəklər. Səfirlərin regionlarda aldıqları məlumatlar sonradan beynəlxalq hesabatlara daxil edilir. Ramiz Mehdiyevin narahatçılığı da məhz bundan irəli gəlir.
Ekspertin fikrincə, xarici ölkə səfirlərinin müxalifətlə əmkədaşlıq etdiyini iddia etmək doğru deyil. Çünki müxalifət dəfələrlə səfirlikləri tənqid edib.
Ekspert Azərbaycan hakimiyyətinin diplomatlarla bu cür davranışının ölkəmizə yaxşı heç nə vəd etmədiyini vurğulayır: “Bu cür danışıq tərzi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun azalmasına xidmət edir. Eyni zamanda belə davranış səfirlərin təmsil etdiyi ölkələrlə Azərbaycanın münasibətlərində gərginliyin yaranmasına səbəb ola bilər. Onların Azərbaycanla bağlı fikirlərində dəyişiklik əmələ gələcək və bu dəyişikliklər müsbətə doğru olmayacaq”.
Fizzə