Xırdalanda dərəbəylik (VİDEO)

Sakinlər qanunsuz olaraq evlərindən çıxarılır; Zorakılığın başında polislər dayanır

Xırdalan şəhəri, Heydər Əliyev prospektində yaşayan 20 ailənin evini sökürlər. Səbəb isə “AAAF Park” tikinti şirkətinin ərazidə göydələn ucaltmasıdır. Vətəndaşlar isə tələb edir ki, birinci onları evlə təmin edib, sonra yaşadıqları yerdən çıxarsınlar.
Narazı sakinlər “Azərnəqliyyatyoltikinti” ASC-nin 835 saylı tikinti idarəsinin işçiləridir. Onlar deyirlər ki, yaşadıqları mənzilləri 1984-cü ildə çalışdıqları idarədən alıblar. Burada 1993-cü ildən məcburi köçkünlər də məskunlaşıb. Hazırda sözügedən ünvanda 12 məcburi köçkün ailəsi yaşayır.

“Bizi yalançı müqavilə ilə aldatdılar”

Füzuli rayonundan məcburi köçkün olan sakin Qədim Quliyev deyir ki, onları zorla evlərindən çıxarmaq istəyirlər: “Qalmağa yerimiz yoxdur. Deyirik ki, əvvəlcə ev verin, sonra buranı uçurun. 8 ay öncə müqavilə bağlayıblar. Icra hakimiyyətinə getmişik, məlum olub ki, bu müqavilənin heç bir hüquqi statusu yoxdur”.
Ölkə başçısının 2010-cu tarixli sərəncamı ilə “Azərnəqliyyatyoltikinti” ASC-nin dövlət mülkiyyətində olan səhmlərinin özəlləşdirilməsi Dövlət Əmlak Komitəsinə tapşırılıb.

Sakinlər isə ərazini kimin almasından xəbərsizdirlər: “Evimizi Ilham Cavadov adlı bir nəfərə satıblar. Onları məhkəməyə verdik. Məhkəmə qərar çıxartdı ki, biz mənzillərlə təmin olunmasaq buranı sökmək olmaz. Ancaq məhkəmə qərarını saymırlar. Bütün günü iş-gücü atıb oturmuşuq evdə ki, birdən biz olmayanda gəlib sökərlər. Bu gün (dünən – red.) yenə polislər gəlmişdi evimizi sökməyə, özümüzü qabağa verməsəydik, sökəcəkdilər. Bir neçəmizə xəsarət yetirdilər. Qadına, uşağa, qocaya baxmadan döydülər. Belə Allahsızlıq olar?”.
Sakinlərin sözlərinə görə, “AAAF Park” ərazini alanda onlara yeni evlə təmin edəcəyinə dair müqavilə imzaladıb: “Müqavilədə yazılıb ki, 8 ay müddətində evlə təmin olunacağıq. 8 aydan da artıq vaxt keçib. Hələ ki, ortada heç nə yoxdur. Biz belə başa düşürük ki, onlar tikintiyə başlamaq üçün bizi aldatdılar”.

Başçı müqavilənin yararsız olduğunu deyir

Cəbrayıl rayonundan məcburi köçkün olan Yeganə Ağayeva deyir ki, onları təhqir edirlər: “Qadınları söyürlər. Icra hakimiyyətinin işçiləri, polislər hamısı üstümüzə tökülüşmüşdülər. Məqsədləri odur ki, ”katlavan” qazsınlar. Biz qoymadıq, bir neçə nəfəri döydülər, döymədiklərini təhqir etdilər. Müqavilənin vaxtından artıq üç ay keçib. Evə köçürülmədiyimiz üçün heç nəyə inanmırıq”.
Sakinlərə mənzil veriləcəyi təqdirdə bu ya Xırdalan şəhərində olacaq, ya da Masazır qəsəbəsində: “Bu iki ünvandan birində bizə mənzil verəcəklər. Deyirlər ki, mənzillər üç otaqlı, sahəsi 70 kvadrat olacaq. Biz isə öncə ev tələb edirik. Buradan çıxsaq, sonra ev verilməyəcək”.

“Fikrət Orucov bizi ”AFFF Park”ın ofisinə apardı. Orada da dedilər ki, sizə ev veriləcək. Biz isə tələb edirik ki, ikinci “katlavanı” qazmazdan öncə ev verin, ya da qazmayın. Deyirlər ki, buranı Ilham Cavadov adlı şəxs alıb. Ancaq məhkəmədə nə qədər çalışsaq da Ilham adlı şəxsin üzünü görə bilmədik. Müqavilə müddəti bitdiyi üçün Icra Hakimiyyətinə getdik. Icra başçısı Zakir Fərəcov müqaviləyə baxdı və onu yerə atdı. Dedi ki, bu heç nəyə yaramır. Bizim yaşamaq hüququmuz yoxdur? Polislərin bizə elədikləri çox dəhşətli idi. Onlarla polis qadının, uşağın üzərinə yeriyirsə, daha onlara sözümüz yoxdur. Ramil Usubova müraciət edirik ki, polis özbaşınalığına son qoysun. Polis vətəndaşların asayişini qorumalıdır, kiminsə əlaltısına çevrilib bizi döyməli deyil. Bu ölkənin sahibi var? Sahibi yoxdursa, gedib başqa ölkələrdən sığınacaq istəyək. Ölkənin müstəqilliyi üçün nə lazımdırsa edə bilərik, hətta canımızdan keçərik. Ancaq bu cürə yox. Bizi evimizdən çıxarmasınlar. Burada yaşamaqdan qorxuruq. Bunlar bizi hədələyirlər. Bizə çox maraqlıdır, Ilham Əliyev nəyə görə Zakir Fərəcova “Şöhrət” ordeni verdi? Hansı xidmətlərinə görə? Indiyə kimi hansı qaçqını razı salıb? Işıqlarımızı kəsirlər. Çünki tikinti şirkətində iş gedir? Işıqlarımız o qədər zəifləyib ki, soyuducu, televizorlar xarab olub”,- deyə sakinlər söyləyirlər.

“Mülk Allaha məxsusdur”?!

Cəbrayıl rayonundan məcburi köçkün olan Nadir Hüseynov evlərindən çıxmağa etiraz etmədiklərini deyir: “Biz hər an köçməyə hazırıq. Iki ildir məhkəmələrdə sürünürük. Guya buranı qeyri-qanuni ələ keçirmişik. Ilham Əliyevin də qərarı var ki, qaçqın harada məskunlaşıbsa, orada da yaşamaq hüququ var. Indi bizim sözümüzə qulaq asan yoxdur. Hər gün bura polis tökürlər. Adam döyürlər, bizi təhqir edirlər. Evimizi versinlər, gedək yaşayaq. Qonşumu döydülər”.
Sakin Esmira Hüseynova polislərin zorakılığına məruz qaldığını deyir: “Icazə alınmadan evimə daxil oldular. Buna razı olmadım. Guya mən Novruz adlı şəxsi təhqir etmişəm. Durduğu yerdə kim kimi təhqir edir? Birinci o təhqir edib, mən də cavabını vermişəm. Buna görə mənə qarşı zorakılıq oldu”.
“AAAF Park” tikinti şirkətinin şüarı belədir: “Mülk Allaha məxsusdur!”. Sakinləri də hiddətləndirən elə budur: “Allahdan qorxmurlar. Onun mülkünə necə qəsd edə bilərlər?”.

Ramin DEKO