Bir nəqarətin izi ilə

Dünən məlum oldu ki, Fövqəladə Hallar Nazirliyi keçən ilin mayında Qax-Zaqatala bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ayrılan 340 milyon manatı xərcləyib, halbuki, işlərin yarısı hələ görülməmiş qalıb. Həm absurd, həm əcaib, bir az ağlamalı, bir az gülməli mənzərə yaranır: belə çıxır ki, bu ölkədə 340 milyona bir zəlzələnin maddi zərərlərini qarşılamaq mümkün deyil, amma 2 milyona “facebook” vasitəsilə inqilab edib hakimiyyəti devirmək mümkündür.
Lap kimlərinsə irəli sürdüyü ittihamı ciddi qəbul edək, axı necə ola bilər ki, bir tərəfin əlində saya-hesaba gəlməyən milyardlar cəmlənir, amma kimsə çıxıb 1-2 milyonla onu puça çıxarır?
Hə, yaranmış mənzərə absurdun dibidir artıq. Qudurğan məmur balalarını hədələyib sonra da kirayələrdə can çəkişən kasıb balalarını tuturlar. Guya, iğtişaş hazırlayırmışlar. Xəyali, hələ baş verməmiş iğtişaşa görə həbs edirsiniz, bəs faktiki baş verən iğtişaşın səbəbkarları – məmurlar, onların övladları niyə azadlıqdadır? Bu məntiqsizliyi necə izah etmək olar? Ümumiyyətlə, izah etmək olarmı?
Məncə, yeni repressiya dalğası həm də ona görə belə qəzəbli aparılır ki, rejim uzun illərdən sonra ölkədə kütləvi narazılığın tam fərqindədir. Indiyədək hansısa yaltaq şairin, yaxud AzTV-nin (və onun başqa adlar altında zühur edən teletöküntülərinin) gücünə, onların toplumu sistemin arxasınca aparacağına inanırdılar. Artıq həmin inam yoxdur. Total mədhetmə nəticə verməyəndə isə total məhvetmə başlayır – bu gün olduğu kimi.
Bəli, bir halda ki, yalan gücünü itirib, başqa nə etməli? Bir halda ki, cəmiyyətdə həqiqət axtarışı başlayıb, bunun önünə başqa nə cür keçməli? Həbslərsiz, repressiyalarsız, zorakılıqlarsız necə keçinməli?
Amma digər tərəfdən düşünürsən ki, axı birinci dəfə deyil, axı bu cür kütləvi repressiyalar əvvəllər də olub. Axırda isə meydana yeni-yeni qüvvələrin çıxmasından, prosesə yeni-yeni adamların qoşulmasından başqa bir şeyə yaramayıb. Belədə nəqarətə nə ehtiyac var? Bir halda ki, bu repressiyalar toplumun dəyişim ruhunu və inancını yox etmir, əksinə, çox keçmədən onun daha da güclənmiş, qüvvətlənmiş formada ortaya çıxmasına vəsilə olur, nəyə lazımdır bu uğursuz təcrübəni təkrarlamaq?
Ola bilər fikirləşirlər ki, bəlkə bu dəfə alındı, bəlkə bu dəfə axını dayandırmaq mümkün oldu?
Əgər rejimi repressiyaları gücləndirməyə sövq edən bu “bəlkə”lərdisə, onda zəhmət çəkib digər sualları da versinlər özlərinə. Bir oturub öz-özlərindən soruşsunlar: “Bir halda ki, bütün imtiyazlar, resurslar bizdədir, bir halda ki, bizim pulumuzu balta kəsmir, bir halda ki, yalnız bizimlə bir yerdə olub həyatını təmin etmək mümkündür, elə isə niyə bu ölkədə hələ də əksini – məhrumiyyəti, məşəqqəti, işgəncəni, həbsi, hər cür fiziki təhlükəni seçənlər var və onların sırası durmadan artır? Axı niyə onlar da bizim vəd etdiyimiz gözqamaşdırıcı, lüks həyatı seçmirlər, niyə özlərini odun-alovun içinə atırlar?”
Bax, bu sualları da soruşsalar özlərindən və cavabını tapsalar, onda anlayacaqlar repressiyalarla bir yerə varmağın mümkünsüzlüyünü. Başa düşəcəklər, kütləvi şərləmələrlə, həbslərlə ölkəni qəbiristanlıq sükutuna qərq etməyin mənasızlığını.
Yaptokratiya dərk etməlidir ki, o hansı uca, ülvi dəyərdir, insanlar özlərini qarşıda necə məşəqqətlərin, əzabların, zülmlərin gözlədiyini bilə-bilə həmin dəyərin arxasınca gedir. Əks halda – bəli, repressiyalar davam edəcək, amma yüz illərdən bəri gələn təcrübə də davam edəcək: süqut.