Fəzail Ağamalıdan yeni “facebook” açıqlaması

Deputat ciddi etirazlar doğuran fikirlərinə aydınlıq gətirdi

«Hətta mənim ailə üzvlərim də bu şəbəkələrin fəaliyyətindən gen-bol istifadə edir»

Deputat Fəzail Ağamalının “Facebook” sosial şəbəkəsinin  məhdudlaşdırılması ilə bağlı çağırışına elə hakimiyyət düşərgəsinin özündən sərt reaksiyalar gəlib. YAP icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanda nə internet resurslarının, nə də “Facebook”un qadağan olunması gündəmdə deyil. YAP-çı deputat Mübariz Qurbanlı isə hesab edir ki, interneti məhdudlaşdırmaq ölkəni diktaturaya və avtoritar sistemə qaytarmaq demək olar.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev də hesab edir ki, Azərbaycanda “Facebook”a məhdudiyyətlərin qoyulması çağırışları günün tələblərinə cavab vermir: “Totalitar rejimlərdə olduğu kimi sosial şəbəkələrə qadağa qoymarıq”.
F.Ağamalıya müraciət edib səslənən reaksiyalarla bağlı mövqeyini öyrənməyə çalışdıq. Deputat bildirdi ki, əslində onun “Facebook”la bağlı fikirləri yanlış təqdim olunub: “Ona görə də bu cür sərt reaksiyalar verilir. Əgər mənə də kimsə desəydi ki, Azərbaycanda sosial şəbəkələr dayandırılmalı, internet ləğv edilməlidir, o zaman reaksiyam fərqli olmazdı. Mən sadəcə olaraq demişəm ki, Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına zidd olan çağırışlar sosial şəbəkələrdə getməli deyil və ya məhdudlaşdırılmalıdır. Yəni sosial şəbəkələrin, eləcə də ”Facebook”un faəliyyəti məhdudlaşdırılmalı deyil. Bunu tam məsuliyyətlə deyirəm. Xaricdə oturan kimsə özünün Azərbaycandakı emissarı və ya “Facebook” vasitəsilə zorakılıq çağırışları edirsə, Azərbaycanın konstitusion quruluşunu dəyişməyə səsləyirsə və bunun ətrafında böyük şəbəkə yaradırsa, bu, təhlükəlidir və qarşısı alınmalıdır. Bu xəbəri ilk dəfə bir sayt “Fəzail Ağamalı sosial şəbəkənin bağlanmasını təklif edir” başlığı altında yaymışdı. Mən dərhal zəng edib etirazımı bildirdim. Onlar da dedilər ki, diqqət çəksin deyə, başlığı belə qoyublar. Sonra dəyişiklik etdilər ki, Fəzail Ağamalı sosial şəbəkələrin fəaliyyətində təhlükəli məqamlar görür.
Mən avtoritar və köhnə təfəkkürlü deyiləm və hər zaman yeniliyin tərəfdarıyam. Hesab edirəm ki, sosial şəbəkələr insanların həyatında əhəmiyyətli yer tutur, bu gün bütün dünya internetlə nəfəs alır. Hətta mənim ailə üzvlərim də bu şəbəkələrin fəaliyyətindən gen-bol istifadə edir. Elə sizin qəzet vasitəsilə açıqlamamı düzgün anlamayanlara, qəzəblənənlərə və ya qərəzli yanaşanlara deyirəm ki, mən Azərbaycanda sosial şəbkələrin dayandırılmasına və ya məhdudlaşdırılmasına tərəfdar deyiləm”.
Bəzi xarici qüvvələr dedikdə Ermənistan, Rusiya və Iranı nəzərdə tutduğunu deyən F.Ağamalı hər üç ölkənin Azərbaycanda öz maraqlarının olduğunu bildirib.
“Əgər Iran və Rusiya Azərbaycan üçün təhlükədirsə, niyə hakimiyyət bunu açıq etiraf etmir və bu ölkələrlə dostluq münasibətində olduğunu bəyan edir?” sualına isə F.Ağamalının cavabı belə oldu: “Hakimiyyət belə də etməlidir. Əgər məsələləri açıq şəkildə qoysa, o zaman dövlətlərarası münasibətlər kəskinləşər, diplomatik əlaqələr kəsilər, xoşagəlməz situasiya yaranar. Lakin mən bir siyasətçi olaraq ayrı-ayrı mənbələrdən informasiyalar əldə edirəm, təhlil aparıb həmin nəticəyə gəlirəm və deputat olaraq bunu ictimailəşdirirəm”.

Gültəkin