Əliyevin müşavirəsi niyə nəticə vermədi?

Aradan bir ay ötsə də yenə «köhnə hamam, köhnə tas»dır

Dövlət başçısının sonuncu müşavirəsi yəqin ki, hamının yadındadı. Bu müşavirədə ən çox yadda qalan prezidentin məmurlara barmaq silkələməsi oldu. Belə ki, prezident məmurların səriştəsizliyindən, insanların problemlərinə biganə qalmalarından, dəbdəbəli həyat yaşamalarından narazılığını ifadə etmişdi.
Bu müşavirədən müəyyən müddət keçsə də nə məmurların yaşam tərzində, nə də nazirlərin iş prinsipində dəyişikli hiss olundu. Yadda qalan o oldu ki, bir-iki maşının plyonkası çıxarıldı, camaatın daha çox narazı olduğu rayonda icra başçıları dəyişdi.
Azərbaycanda ən çox narazılıq olan sahələrdən biri Gömrük məntəqələridi. Insanlar burdakı növbələrdən, yüksək rüsumdan cana doyublar. Ancaq biz Gömrük Komitəsinin sədrinin, gömrük məntəqələrində vəziyyətlə tanış olmasını, birbaşa yoxlama keçirməsini müşahidə etmədik. Və yaxud kənd təsərrüfatı ilə məşğul olan sahibkarların tələbləri, şikayətləri ilə bağlı Kənd Təsərrüfatı Nazirinnin bölgələrə səfərinə şahidlik etmədik.
Müxtəlif bölgələrdə yol döşəmələrinin yarasız hala düşməsinin, körpülərin uçmasının, insanların gediş-gəlişlə bağlı şikayətlərinin şahidi oluruq. Ancaq Nəqliyyat Nazirinin bölgələrə səfər edib, vəziyyətlə yerində tanış olmasının şahidi olmadıq.
Icra başçılarının camaatla ərazilərdə açıq dialoqunun, kəndlərdə birbaşa şikayətləri dinləməsinin də şahidi olmadıq.
Bu cür hallar bütün nazirliklərə, bütün qurumlara aiddir.
Bəs, prezidentin müşavirəsi niyə öz effektini vermədi? Ümumiyyətlə, bu müşavirədən sonra dəyişiklik hiss olundumu?

AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli bildirdi ki, cəmiyyət bu müşavirədən heç nə gözləmirdi. “Buna qədər də dəfələrlə bu cür tapşırıqlar olmuşdu, ancaq vəziyyət daha da mənfiyə doğru istiqamət aldı. Azərbaycandakı vəziyyəti barmaq silkələməklə düzəltmək mümkün deyil. Müsbət dəyişikliyə nail olmaq üçün demokratik idarəetmə, hesabatlı hökumət olmalıdı. Bu gün icra başçısı rüşvətlə vəzifə tutursa, üzərinə öhdəliklər qoyulursa, icra başçısı da eyni proseduru sahibkarın üzərində gerçəkləşdirir. Yəni bu neqativ hallar hansısa məmurla bağlı deyil. Sistem özü korrupsiya, talançılıq üzərində qurulub. Bu gün MM-də bir nəfər də real müxalifət qüvvəsi yoxdursa, məmurun, nazirin hesabat verəcəyi kimsə yoxdursa, heç bir məmur intizamından, ədalətli idarəetmədən söhbət gedə bilməz. Artıq Azərbaycan xalqı da başa düşür ki, onun yaşadığı məhrumiyyətlər, ədalətsiz məhkəmə, keyfiyyətsiz səhiyyə, sosial problemlər birbaşa siyasi hakimiyyətlə bağlıdı. Artıq hakimiyyət üçün geriyə say başlayıb”- deyə S.Kərimli vurğuladı.

Millət vəkili Zahid Orucun fikrincə, bu sahədə hiss olunma hər kəsin çıxardığı mənfi nəticə ilə müəyyən edilir. “Hər bir məmur bilməlidir ki, onun fəaliyyətindən, atdığı hər bir addımdan taleyi asılıdı. Başa düşürəm ki, bu müşavirədən sonra hər kəs kütləvi işdən çıxarılmalar, rəsmi dəyişiliklər gözləyirdi. Bu məsələdə dövlətin müəyyən bir proqramı var. Mən indi açıqlamaq istəmirəm ki, hansı strukturlarda dəyişiklik ola bilər, hansı məmurlar vəzifədən uzaqlaşdırıla bilər. Düşünürəm ki, sahibkarlıq fəaliyyətinə müdaxilə etmək olmaz, insanların mülkiyyət hüququna toxunmaq olmaz. Hesab edirəm ki, nazirlər nəinki Bakıda oturub tapşırıq verməlidi, əksinə, bölgələrə getməlidilər, insanların problemləri ilə birbaşa tanış olmalıdılar. Ancaq problemin həlli şəxslərin dəyişdirilməsində yox, yeni qaydaların, metodların işlənib hazırlanmasında özünü göstərməlidir. Düşünürəm ki, sonuncu müşavirə bu istiqamətdə müsbət addımların atılacağını zəruri etdi”.

İlham Hüseyn