Sabiq rektorun sözçüsü anons verdi; xalq artisti “Azadlıq”ı təsdiqlədi
Azərbaycanın tanınmış rejissoru Mərahim Fərzəlibəyovun Elşad Abdullayevin işilə əlaqədar istintaqa çağırıldığı barədə məlumat vermişdik. Bildirmişdik ki, ümumiyyətlə Elşad Abdullayevlə əlaqəli olan məmur və tanınmış şəxslər istintaqa çağırılır. Bu sırada övladları ABU-da təhsil alan məmur və tanınmış şəxslər xüsusi yer tutur.
“Azadlıq”ın xəbəri təsdiqini tapıb.
Mərahim Fərzəlibəyov APA-ya açıqlamasında deyib ki, bir müddət əvvəl Bakı Şəhər Prokurorluğundan ona zəng edərək Elşad Abdullayevlə aralarında telefon danışığının olub-olmadığını soruşublar: “Mən də dedim ki, Elşadla telefon söhbətimiz olub. Qızım Azərbaycan Beynəlxalq Universitetində oxuyurdu. Elşad Abdullayevlə telefon söhbətimiz də bununla bağlı olub. Sonradan ödəniş edə bilmədiyim üçün qızım universitetdən xaric edilib. Sonradan istintaqdan mənə dedilər ki, prokurorluğa gəlib dediklərimi təsdiqləməliyəm. Mən də prokurorluğa gedərək Elşad Abdullayevlə telefon söhbəti barədə dediklərimi təsdiqlədim”.
Bu arada Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması faktı ilə müstəqil araşdırma aparan blogger Elnur Məcidli “Azadlıq”a bildirib ki, sabiq rektor növbəti videonu yaymağa hazırlaşır: “Növbəti video çox yaxında olacaq. Elşad müəllimlə belə qərara gəldik ki, dəqiq vaxtı açıqlamayaq. Ancaq növbəti video məncə kifayət qədər şok effekti yaradacaq”.
Elnur Məcidli video barədə çox danışmaq istəmədiyini bildirib.