Hökumət niyə ABŞ-ı hədəf seçib?

«Xarici düşmən obrazı yaradıb daxildəki bütün narazılıqları onun adı ilə bağlamağa çalışırlar»

Xeyli vaxtdır əsasən Iran və Rusiyanın əleyhinə təbliğat aparan, bu ölkələrin Azərbaycanda vəziyyəti qarışdırmaq niyyəti güddüyünü iddia edən hakimiyyət indi də ABŞ-ın üzərinə aktiv hücuma keçib. Son günlər hakimiyyətin nəzarətində olan telekanallarda, həmçinin rəsmi qəzetlərdə Amerika və onun bəzi aparıcı qurumlarının əleyhinə gedən təbliğat bunu açıq-aydın sübut edir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, seçki ərəfəsi ölkədə fəallıq nəzərəçarpacaq dərəcədə artıb. Bu da istər-istəməz hakimiyyəti isterikaya salıb: “Bir tərəfdən regionlarda yerli əhali öz təşəbbüsü ilə etiraz aksiyaları keçirir, o biri tərəfdən bütün cəmiyyətdə etiraz ab-havası kütləviləşib. Son vaxtlar diqqət çəkən məqamlardan biri də gənclərin təşəbbüsü ilə əsgər ölümlərilə bağlı keçirilən etiraz aksiyalarıdır. Bu, Azərbaycan gəncliyinin kütləvi şəkildə siyasətin subyektinə çevrildiyini göstərir. Gənclərin öz tələblərini davamlı və israrlı şəkildə ifadə etməsi hakimiyyəti isterik vəziyyətə salıb. Müxalifətin konsaldasiya prosesinin güclənməsi və seçkidə vahid güc mərkəzi kimi iştirak niyyətini bəyan etməsi də hakimiyyəti ciddi şəkildə narahat edir. Ona görə də xarici düşmən obrazı yaradıb ölkə daxilində baş verən bütün təlatüm və narazılıqları həmin düşmənin adı ilə bağlayırlar. Ictimai rəyə təlqin etmək istəyirlər ki, insanları etiraza yönəldən xarici qüvvələrdir”.
F.Qəhrəmanlı deyir ki, hakimiyyət bu yolla öz repressiyalarına haqq qazandırmaq, haqlı narazılığı isə boğmaq istəyir: “Yanlış rəy yaratmaq istəyirlər ki, guya hansısa xarici qüvvələr Azərbaycanda sabitliyi pozmağa çalışır. Bu baxımdan ABŞ əleyhinə təbliğat kampaniyasına start verilməsi daha çox kütləyə hesablanıb və hakimiyyət bu yolla həm də öz zorakı addımlarını ört-basdır etməyə çalışır. Əgər hakimiyyətin əlində Qərbin Azərbaycanda siyasi proseslərə qanundan kənar müdaxiləsi ilə bağlı hər hansı fakt olsaydı, bununla bağlı çox böyük ajiotaj yaradardılar”.