Gürcüstan – yeni hökumətlə yeni yollar ayrıcında

Saakaşvilini artıq axtarmağa başlayıblar…

Gürcüstanda yeni hökumətin 100 günü çoxdan bitib. Insanlar daha “gözləyirik” demirlər. Tiflisin küçələrində hər kəs məyusluqla dolaşır. Saakaşvili zamanından fərqli olaraq, indi hökumətin hər hansı geopolitik yönü də dartışılmır. Çünki bu, faydasız hesab olunur.
Bidzina Ivanişvili bir biznesmendir. Onun haqqında bir cümlə ilə kifayətlənmək mümkün deyil. Niyə? Çünki o, həm Rusiya diktatorları Putin və Medvedevin sahib olduğu “Qazprom” şirkətinin bir faizinə sahibdir, həm də Batı yönümlü Saakaşvilinin hakimiyyətə gəlməsinə və keçirdiyi bir çox islahatlara maliyyə dəstəyi vermiş şəxsdir. Yeni baş nazir siyasətdən gedəcəyini deyib. O, mediaya açıqlamasında bildirib ki, bu barədə Saakaşvili ilə də danışıb: “Mən ona dedim ki, siyasətdən gedəcəm, amma öncə səni yola salacam”.
Bu bəyanat indi Gürcüstanın əsas siyasi hadisələrinin köküdür. Və bu iki şəxs arasındakı münasibət demokratiyasına yeni qovuşmuş Gürcüstanı hara aparacaq?

Gürcüstanda nə var?

Gürcüstan keçmiş Sovetlər Birliyi ölkəsi kimi, yüngül sənayenin və kənd təsərrüfatının, kurort bölgələrinin inkişaf etdiyi bir ölkə idi. Sovetlərdən sonra kənd təsərrüfatı və sənaye yavaş-yavaş əvvəlki gücünü itirdi. Yalnız kurort bölgələri qalsa da, Rusiya ilə olan ərazi (Güney Osetiya, Abxaziya) sorunları bu sahədə də inkişafa mane oldu.
Gürcüstan əhalisi Batı ölkələrindən, xüsusilə Almaniyadan gətirdiyi avtomobilləri qonşu dövlətlərə satmaq işində də bir qədər fəaldır. Bundan başqa, şərabçılıq əsas yaşam qaynağıdır. Amma 2008-ci ilin 8-ci ayında Rusiya ilə olan  müharibə şərabçılığın da önünü xeyli kəsdi. Çünki bu ölkədəki şərabçılıq savaş səbəbindən Rusiyadakı bazarını itirdi. Gürcüstan bundan sonra yalnız Qərb dövlətlərinin verdiyi maddi yardımla ayaqda durmağa cəhd edir. Ölkə əhalisinin böyük bir hissəsi demək olar ki, xırda ticarətlə gündəlik qayğılarını həll etməyə çalışır.
Amma Gürcüstanda bütün bu olanlar şəffafdır. Ölkədə seçki azadlığı var. Əhali rüşvətlə bağlı sadəcə, belə danışır: “Yuxarılarda var”. Amma təcrübə də göstərir ki, yuxarılar adətən rüşvəti aşağıdan alırlar. Yəni, xalq hakimiyyətin mənbəyi ola bilməyəndə, rüşvətin mənbəyi olur. Gürcüstanda isə hələlik, xalq hakimiyyətin mənbəyi qismində çıxış edə bilir.
Gürcüstanda bölgə ölkələri üçün nümunə ola biləcək yeni təhsil müəssisələri iqtisadiyyat üzrə müasir tədris proqramları tətbiq edir. Bu ölkəyə marağı artırır.

Bidzinanın üzü haradır?

Bidzina Ivanişvili haqqında bir çox fikirlər var. Onu Rusiya yanlısı hesab edənlərin daha çox olmasına baxmayaraq, belə fikirlər də var ki, yeni baş nazirin əsas dayaq nöqtəsi Israildir. Onun biznesinin əsasən Rusiyada olması birinci tezisi gücləndirsə də, vaxtilə Rusiyanın sevmədiyi Saakaşviliyə islahatlarında yardımçı olması, həm də Qərblə Israil vasitəsilə əlaqəli olduğunu deyir. Amma ikinci iddia  həm də ona görə tam əsaslı görünmür ki, Bidzina ilə Saakaşvilinin münasibətləri məhz 2008-ci ilin avqust müharibəsindən sonra korlanıb. Yəni, yenə də Rusiya faktoru önə çıxır.
Bir məsələ də var ki, yeni hökumət Saakaşvilinin partiyasına qarşı koalisiya ilə qurulub. Yəni, Bidzinanın gələcək siyasi peşəkarlığı yerində olmasa, Mişanın sabit seçiciləri onu yenidən hökumətə gətirə bilərlər.

Gürcüstanı nə gözləyir?

Ivanişvili Rusiyanın böyük maraqlarına görə Gürcüstanı uzun müddət öz cibindən dolandıra bilməz. Buna görə Qərbin yardımlarından üz döndərə də bilməz. Digər tərəfdən, Qərbə doğru Saakaşvilinin getdiyi sürətlə də gedə bilməz. Çünki Rusiya bölgədə yenidən aktivləşmək istəyir və Ivanişvili üçün elə də ciddi manevr imkanları qalmır. Qərb isə əsas qapısını əldən vermək istəməz.
Gürcüstan yeni seçkiyə qədər ciddi siyasi tərəddüdlər yaşamağa məcburdur. Bu da ölkədəki sosial narazılığı xeyli artıracaq. Bir sözlə, yeni hökumət həm xarici, həm də daxili ziddiyyətlərdə çabalamaq məcburiyyətində qalacaq.