ABŞ Qarabağda qəfil müharibə anonsunu verdi

Serj Sərkisyanın Moskvaya səfəri Azərbaycanla müharibə variantının müzakirəsi ola bilər

Vəfa Quluzadə: «Mərkəzi Kəşfiyyat Idarəsinin narahatlığı başadüşüləndir»

Yerevan və Bakı arasında Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində yaranan qarşıdurma regionda potensial gərginlik mənbəyi olaraq qalır. “Trend”in məlumatına görə, bu barədə çərşənbə günü ABŞ Milli Kəşfiyyat Idarəsinin rəhbəri Ceyms Klepperin ABŞ təhlükəsizliyinə təhdidlər barəsində Konqresə təqdim etdiyi hesabda qeyd olunub.
“Kəskin ritorika, tərəflər arasında inamsızlıq və qoşunların təmas xətti boyu baş verən zorakılıqlar vəziyyəti qəfildən çətinləşdirə biləcək riskləri artırır”,- deyə hesabatda qeyd olunub.
ABŞ-dan gələn narahatlığın əsassız olmadığını Ermənistan prezidentinin ilk xarici səfərini Rusiyaya etməsi və orda Putinlə hərbi əməkdaşlığa dair bir sıra məsələləri müzakirə etməsi deməyə əsas verir. Rusiya prezidentinin rəsmi saytı xəbər verib ki, görüşün mətbuata açıq hissəsində tərəflər qarşılıqlı protokol çıxışları ediblər.
S.Sərkisyan Rusiya prezidentinə hərbi sahədə əlaqələrin inkişafına görə təşəkkürünü bildirib: “Biz siyasət, iqtisadiyyat, hərbi və humanitar sahələrdə nəticələr əldə etmişik. Bundan sonra da Rusiyanın köməyinə və dəstəyinə ümid edirik”. Sərkisyan Rusiya ilə Ermənistan arasında son vaxtlar hərbi münasibətlərdə mühüm irəliləyişlər olduğunu, müdafiə nazirinin, baş qərargah rəisinin Irəvana səfərlər etdiyini xatırladıb.
Politoloq Vəfa Quluzadə bildirdi ki, ABŞ regionda stabilliyin bərpa olunması üçün Qarabağ probleminin həllini istəyir. Amma Rusiya hər zaman Ermənistan sülh müqaviləsinə imza atmağa yaxın olan zaman prosesi pozur: “Bu hərb və sülh vəziyyəti əbədi ola bilməz. Bir gün bu durum pozulacaqdır. Rusiyanın hələ müharibəyə ehtiyacı yoxdur. Bu vəziyyət Rusiyaya iki ölkəyə nəzarət etməyə imkan verir. Eyni zamanda indiki vəziyyətdə Rusiya böyük hərbi təxribata da əl ata bilər. Ona görə Rusiya Azərbaycanda hakimiyyətə istədiyi qüvvələri gətirmək arzusunda ola bilər. Məsələn, müharibə başlayır. Rusiya yeni rayonların işğalına nail olduqdan sonra sülhün qarantı kimi çıxış edərək erməniləri əvvəlki vəziyyətinə qaytarmaqdan ötrü təşəbbüslə çıxış edə bilər. Bu təşəbbüs də Rusiyanın regionun yeganə lider olduğunu nümayiş etdirəcək”.
Bu baxımdan MKI-nin hesabatındakı narahatlığın başadüşülən olduğunu deyən V.Quluzadə bildirdi ki, onu da nəzərə almaq lazımdır ki, Rusiya Ermənistana yeni silahlar gətirib. “Serj Sərkisyanın Moskvaya səfəri Azərbaycanla müharibə variantının müzakirəsi ola bilər. Eyni zamanda aydındır ki, erməni ordusu bu müharibəyə hazır deyil. Baxmayaraq ki, ermənilər hər cür silahla təmin ediliblər. Burada Rusiya hərbi birləşmələri erməni bayrağı altında vuruşacaqlar”, deyə V.Quluzadə vurğuladı.

Xəyal