Min bir gündüz nağılı (4)

Dördüncü gündüz

Eldəniz Quliyev

…Hə, əzizlərim, sizə kimdən deyim, nədən danışım? Keçən dəfə yarımçıq qalan nağılımızın qəhrəmanı Şahlıq quşundan!.. Ərz elədiyim kimi, Aaa məmləkətinin çoox həşəmətli və laap əzəmətli hökmdarı qibleyi-aləm Həə həzrətləri yeni padşah seçmək məqsədilə möhtəşəm bir mərasim qurub Şahlıq quşu uçurmağa qərar vermişdi.
Baa şəhərinin başdan-ayağa gül-çiçəklə, xalça-palazla bəzənib-sığallanmış baş meydanında kimlər yox idi, kimlər yox idi, Ilahi?!
– Ölkənin Ərəbzəngidən dərs almış sərhəd gözətçiləri;
– Nəsiminin dərisini soyanların əlindən su içmiş vergi-xərac nəzarətçiləri;
– “Ağanəzərin” özünəməxsus yerişini və yumruq vurmaq məharətini müvəffəqiyyətlə yamsılayan bığıburma sərbazlar;
– “zindan-zindan” deyə-deyə qan-qan eləyən əlizopalı fərraşlar;
– Hippokrat andını dövrün ən gülməli lətifəsi sayan loğmanlar, təbiblər;
– hər şeyə qulp qoyub heç nəyin qulpundan yapışmayan Milli Müğənnilər xorunun tutuquşu bölməsi;
– vedrə bağlamaq, qulp qoymaq, şəbədə qoşmaq üzrə ixtisaslaşmış əyanlar, qazilər, xəfiyyələr və nədimlər;
– siyasət dənizində üzməkdən ləzzət alan vəzir-vəkillər, mollalar, üləmalar və xədimlər;
– zəncirotu kimi zəif bir mehə bənd olan dəymədüşər söz və sənət adamları, xadimlər;
– təlxəklər, səylər, bəylər və münnəcimlər;
– bit-birə və digər həşəratların hüquqlarını qoruyanlar cərgəsində ən birinci olan ordu sərkərdələri, siləhsalar… və kimlər, kimlər, daha kimlər!..
Bir sözlə, bu UZANIQLI məmləkətin onurğa sütunu sayılan adlı-sanlı vücudi-şəriflərin hamısı mərasimdə iştirak edirdi. Meydana toplaşıb bu tarixi hadisəyə heyrətlə, həsrətlə tamaşa eləyən sadə və zəhmətkeş aaalılar da, heykəl təki donub qalmışdılar. Boğazlar uzanmışdı, ağızlar açılmışdı, gözlər bərəlmişdi, qaşlar apostrofa dönmüş, qulaqlar isə qartıyıb şəklənmişdi.
…Bəli, Şahlıq quşu nə “fikirləşdisə”, ağır ceyillər kimi ləng bir ədayla qanad çalıb havaya qalxdı. Bir müddət meydanın üzərində dövrə vurandan sonra ağır-ağır aşağı endi və… – desəm inanmazsız, gəlib-gəlib düz Həə şahın sağ çiyninə qondu.
Izdihamdan təəccüb dolu həzin bir “AH” nidası qopdu… Zarafat gəlməsin, quşun min-min adamın içində Həəni seçməsi və uçub məxsusi onun çiyninə qonması, həqiqətən məəttəl qalmalı işiydi.
Həə şah başının hərəkətilə quşbaz nökərə işarə elədi ki, bəs, quşu dübarə uçurtsun. Əmr əlbəəl yerinə yetirildi. Qəribəydi – yox, vallah, bu, lap möcüz bir şey idi! Şahlıq quşu bu dəfə də, eynən bayaqkı kimi, camaatın başı üstündə bir-iki dövrə vurub yenidən Həə şahın çiyninə (bu dəfə sol çiyninə) qondu.
Izdihamın içindən heyrət dolu kövrək bir “UF” dalğası keçdi.
Həə şah bir sağa baxdı, bir sola, sonra qaşlarını çatıb narazı-narazı başını buladı; sanki quşun “seçimi” onu bərk qeyzləndirmişdi. Nəhayət, narazılığının külli-rəiyyət tərəfindən “qiymətləndirildiyinə” əmin olub, çiynindəki quşu bu dəfə şəxsən özü tutub uçurtdu, hətta ardınca çəpik də çaldı ki, quş ondan iraq olsun. Ancaq “sən saydığını say” deyiblər… Şahlıq quşu öz dövrə vurmaq “vəzifəsini” canla-qanadla yerinə yetirəndən sonra, üsulluca aşağı endi və yenə də gəlib düz Həə şahın başına qondu. Sən bir işə bax!
Bu dəfə izdihamın həm içindən, həm də üzərindən heyrət və təəccüb qarışıq bir “AH-UF” dalğası kükrəyib keçdi.
Əlbəttə, bu, qaçılmaz bir tale və pozulmaz bir alın yazısıydı! Deməli, Aaa məmləkətinin padşahı elə Həənin özü olmalıydı və bunun heç o yan-bu yanı yox idi!!!
…Ağızlar “nırç-nırç”la bağlandı, boğazlar “qurt-qurt”la udqundu, gözlər qıyıldı, qaşlar fırlanıb vergülə döndü, qulaqlar isə əriştə qəbuluna hazır vəziyyət alıb sallandı…
Heç şübhəsiz ki, “Yazıya pozu, olacağa çarə yoxdur” və “Ot sudbı ne ubejiş” kimi müdrik kəlamlar da məhz elə həmin o tarixi anda yarandı.
Beləliklə, Həə şah yenidən ölkənin “zakonnı” padşahı seçildi. Şahlıq quşunun uçub, nə az-nə çox – düz üç dəfə dalbadal bir nəfərin, yəni Aaa məmləkətinin padşahı qibleyi-aləm Həə həzrətlərinin başına qonması inkaredilməz FAKT idi: kor-kor, gör-gör! Amma…
Amma necə olsa, deyəsən, bu FAKTda bir azca müəmma da varıydı. Və bu əməldə həqiqətən nəysə sirrə oxşayan bir zad gizlənmişdi…
Cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, bu “sirri” də malalamaq mümkün olmadı. Yəni bu məsələ əvvəl-axır əyan olmalıydı, necə ki, oldu da! Müxtəsəri, hər bir qəliz məsələnin məğzi çox vaxt sadə və adi olduğu təki, deməyəsən, Şahlıq quşu əhvalatı da adicə bir hiylənin üzərində qurulubmuş (Yeri gəlmişkən, bu fəndgirliyin nədən ibarət olduğunu rəhmətlik quşbaz nökər haradasa ağzınnan qaçırıbmış. Ona görə “rəhmətlik” deyirəm ki, həmin mərasimdən az keçmiş, birdən-birə onun dili, sonra isə gözləri tutuldu və zavallı bircə həftənin içində canını öz ağasına tapşırdı. Sözün qısası, bu ölümün özü də bir müəmmaydı).
…Belə ki, Həə şah hələ beş-altı ay əvvəldən quşbaz nökərə əmr eləyir ki, quşu bir neçə gün ac-susuz saxlasın. Bundan sonra, sarayın geniş zallarının birində qızğın təlim  məşqləri vüsət alır. Şah arpadan, buğdadan, düyüdən-filannan ovuclayıb başına tökür, çiyinlərinə isə balaca kasalarda su qoyur… Aclıq, susuzluq nökərin zala buraxdığı quşu uçub şahın başına, çiyinlərinə qonmağa vadar eləyir. Bir neçə ay mütəmadi təlim-məşqlər öz nəticəsini verir; belə ki, quş bir-iki dövrə vurandan sonra şığıyıb Həəni (hətta o, gizlənsə belə) tapır, başına, ya çiyinlərinə qonub dən, su axtarır! Görürsüz, azacıq əziyyətli də olsa, əslində, əl içi kimi sadə və aydın məsələdir!
Həə şahın çəkinib ehtiyat elədiyi yeganə bir şey varıydısa, o da quşun təsadüfən və ya səhvən özgə birisinin başına qonmasıydı. Hər halda, şəhər meydanı saray zalı deyildi və ehtiyat da təkcə igidin yaraşığı sayılmırdı.
Çox düşünüb-daşınandan sonra axır ki, buna da bir əncam tapıldı. Yəni (nədənsə, bu vacib məqama fikir verən olmamışdı!) şah meydana təşrif buyuranda, özüylə saray əyanlarından, qohum-əqrəba və varislərdən, əsasən, keçəlləri yığıb gətirmişdi. Başda Mirzə Barizmü əl-Qurbanlıq ibn Səyyadmuğan, Arifi Ben Rəhim Əli-yek, Adəmi Əli-dü Abutalib, Məd dah Zaysəməd Aaalı olmaqla, onların əksəriyyəti daz idilər, yəni ki, noxudu keçəl. Bildiyiniz kimi, balqabağın üstündə fındıq qərar tutmadığı kimi, keçəl başda da dən dayanmaz. Düzdü, namizədlərin arasında başında az-maz (bir çəngə, uzaqbaşı, iki çəngə) seyrək tükü olanlar da var idi. Misal üçün, Bu-Əli Əbu O, Əli Ben Yappıl Səyavuş, Hadıbıdı ibn Anti-tolış, Murvalet ibn Fəzail Ruhi-təəb Ağamalı və s. kimiləri. Amma onlar ciddi təhlükə mənbəyi sayıla bilməzdilər; çünki Həə şah özlüyündə onların başını başdan daha çox girdəfason tüklü bir şey sayırdı və hesab edirdi ki, Şahlıq quşu həlləhuş aaalı deyil ki, çaşıb “girdə bir şeylə” bəni-insan başını səhv salsın…
Nəysə, bunların hamısı bir yana, məni nigaran eləyən özgə məsələdi. Deyirəm, əgər Allahın dilsiz-ağızsız quşu ikicə-üçcə gün dənsiz-susuz qalanda adamın başına dırmaşırsa, bəs onun yerinə bütöv bir millətin ac-yalavac övladları olsa noolar? Və onda həmin o millət həmin o başa neynər görən?! “Kiş-kiş”lər olsun!
Dünyanın qəribə və atkeçməz işlərinə təəccüblənibən, düşünürəm ki, əcəba, doğrudan da, “elə şeylər var ki, mən bilirəm, sən bilmirsən. Elə şeylər var ki, sən bilirsən, mən bilmirəm. Amma elə şeylər də var ki, nə sən bilirsən, nə də ki, mən!..
Bax, belə!
Görürsüz, yenə bu “gülməşəkər” Axşam qəfil şillə kimi haqladı bizi… Deməli, elə buradaca dördüncü Gündüzün nağılını bitirib ayrılmalıyıq.
Inşallah, beşinci Gündüzə qədər!