İP xeyriyyə marafonu keçirəcək

Martın 13-də İctimai Palatanın Koordinasiya Şurasının iclası olub. Koordinasiya Şurasının dönəm sədri Qələndər Muxtarlının verdiyi məlumata görə, iclasda gənclərin 10 martda keçirdiyi etiraz aksiyası təqdir olunub və gənclərə göstərdikləri fədakarlığa görə İP adından minnətdarlıq edilib.
Q.Muxtarlı bildirdi ki, Koordinasiya Şurası mart 18-də saat 12-dən saat 15-dək Müsavat Partiyasının qərargahında xeyriyyə marafonu keçirmək barədə qərar qəbul edib. Xeyriyyə marafonu Müsavat Partiyasının qərargahında keçiriləcək. Toplanacaq vəsait ötən həftə yaradılan Demokratiyaya Yardım Fonduna təqdim ediləcək. İctimai Palatanın Koordinasiya Şurası Azərbaycanda demokratiyanın qurulmasını istəyən hər bir vətəndaşı 18 martda keçiriləcək xeyriyyə marafonunda iştirak etməyə çağırıb.
Koordinasiya Şurası “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 9 il həbs cəzasına məhkum edilməsini pisləyib, məhkəmənin bu qərarını qanunsuz, sifarişli verilmiş siyasi qərar sayıb. Əvəz Zeynallıya azadlıq tələb edilib.
Q.Muxtarlı daha sonra məlumat verdi ki, KŞ “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin iki güclü nazir tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilməsini onun peşə fəaliyyəti ilə bağlı olduğunu bəyan edib. Bunu hakimiyyətin alternativ fikir daşıyıcılarına divan tutma kampaniyasının davamı kimi qiymətləndirib.
Koordinasiya Şurası “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə məhkəmələr tərəfindən cərimə tətbiqi qərarlarının verilməsini azad mətbuatın susdurulması və sıradan çıxarılması siyasətinin davamı hesab edib. Hər iki qəzetə qarşı cərimə qərarlarının ləğvini tələb eləyib. O cümlədən “Gündəm xəbər” qəzeti barəsində xüsusi ittiham qaydasında iş qaldırılması yuxarıda qeyd olunan xəttin davamı kimi qiymətləndirilib.
Q.Muxtarlının sözlərinə KŞ son dövrdə demokratik düşərgənin birlik istiqamətində təşəbbüslərinin artması tendensiyasını müsbət qiymətləndirib. Bu tendensiyanın İP tərəfindən dəstəkləndiyini bəyan olunub.
KŞ “EL” hərəkatının təsisçilərini Hərəkatı yaratmaları münasibətilə təbrik edib.
İP KŞ Tofiq Yaqublunun və İlqar Məmmədovun qanunsuz olaraq iki ay müddətinə həbs edilməsini, lakin bu müddət ərzində heç bir istintaq hərəkətinin aparılmadığı halda həbs qət-imkan tədbirinin vaxtının əlavə olaraq uzadılması üçün Baş Prokurorluğun təşəbbüsünü pisləyib. KŞ bu hadisəni həbsin siyasi xarakter daşıdığının bir daha sübutu kimi dəyərləndirib. Bu hadisəni qanuna zidd hərəkət adlandırıb.
Dönəm sədrinin dediyinə görə, İP-in regional təşkilatlanma komitəsi 2013-cü il prezident seçkilərinə hazırlıqla KŞ-a tövsiyələr təqdim edib. KŞ tövsiyələri müzakirə üçün qəbul edib.
Q.Muxtarlı dedi ki, ictimai-siyasi vəziyyətin müzakirəsi kontekstində bir sıra mühüm məsələlər də müzakirə edilib və qərarlar qəbul olunub. Bu qərarlar ictimaiyyətə yaxın günlərdə açıqlanacaq. Bu sırada ən çox müzakirə olunan məsələlərdən biri kütləvi aksiyalara başlamaq məsələsi olub. Aksiyalara başlamaq məsələsi müzakirə edilib, lakin qərar qəbul edilməyib.