Əli Kərimli: «Həyat hamımıza sübut edib ki, bir araya gəlmədən heç kim belə bir avtoritar rejimi dəyişə bilməz»
«Məqsədimizə çatmadan ayrılmağa, parçalanmağa haqqımız yoxdur»
Martın 12-də “Azadlıq” radiosunun “Işdən sonra” proqramının qonağı olan Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli müxalifətin birliyi və son günlərin aktual mövzuları ilə bağlı aparıcı Xədicə Ismayılın və dinləyicilərin suallarını cavablandırıb. Ə.Kərimli ilk olaraq bu günlərdə Ziyalılar Forumu ilə Ictimai Palata arasında baş tutan görüşlərdən danışıb.
Ə.Kərimli: Pozitiv bir söhbət aparmışıq, birliklə bağlı konseptual yanaşmamızda ziddiyyət olmadığını təsbit etmişik. Hər hansı detallı razılaşma əldə olunmayıb ki, mən bu barədə sizə və dinləyicilərə məlumat verim. Detallı razılaşma üçün bir az da işləmək lazım gələcək.
X.Ismayıl: “Yeni Müsavat” qəzeti anonsla çıxış etmişdi ki, belə bir razılaşma var. “Yeni Müsavat”ın da haqqında söhbət gedən iştirakçıların birinə xüsusi yaxınlığı var.
Ə.Kərimli: Hər halda mən öz adımdan danışıram. Çünki hələ arzuladığımız o böyük birlik real olaraq yaranmayıb və biz hamının adından danışmaq səlahiyyətinə də malik deyilik. Mən öz adımdan cavab verirəm ki, biz yalnız konseptual söhbət aparmışıq, ümumi yanaşmamızda üst-üstə düşən məqamların çox olduğu qənaətinə gəlmişik. Xüsusən də Ictimai Palatanın və Ziyalılar Forumunun əslində bir il bundan əvvəl anons edilmiş xüsusi münasibətləri təsbit olunub. Və bütövlükdə digər ictimai-siyasi qüvvələrin də bu prosesdə iştirakı ilə bağlı konseptual razılıq əldə olunub. Amma hər hansı bir detallı razılaşma yoxdur. Indi hansı qəzet nə barədə informasiya verib, bu, o qəzetin öz mülahizəsidir.
X.Ismayıl: Mübahisə doğuran məqam “nə”, yoxsa “kim” sualı ətrafındadır?
Ə.Kərimli: Mən deməzdim ki, mübahisə doğuran məqam var. Biz sadəcə müzakirələrə başlamışıq və qərara gəlmişik ki, bu müzakirələr davam etsin. Siz necə təsəvvür edirsiniz ki, ölkənin ən mühüm ictimai-siyasi qüvvələrinin hamısının bir araya gəlməsi ilə bağlı elə bir görüşdə detallı razılaşdırma əldə olunsun. Ona görə də hələlik sadəcə işləmək, müzakirə etmək lazımdır. Formatın, formanın seçimində ən optimalını tapmaq, tərkiblə bağlı müəyyən razılaşmalara gəlmək lazımdır.
X.Ismayıl: Nəyin tərkibi?
Ə.Kərimli: Gələcəkdə nəzərdə tutulan daha böyük birliyin.
X.Ismayıl: Söhbət, Rüstəm İbrahimbəyovun haqqında danışdığı Milli Şuradan gedir?
Ə.Kərimli: Bəli.
X.Ismayıl: Qərar qəbul etmə formatı ilə bağlı hər hansı bir razılaşma varmı?
Ə.Kərimli: Xeyr. Çünki bu prosesdə başqa qüvvələr də iştirak edəcək. Ilkin məsləhətləşmələrə başlamışıq. Prosesin çətin keçməməsi, əlavə sualların, narazılıqların olmaması üçün bu birliyi istəyən qüvvələrin hamısı bunda maraqlı olmalıdır. Bizə onsuz da dözüb Azərbaycan ictimaiyyəti. Bir qədər də dözsünlər, səbrlə yanaşsınlar, bu məsləhətləşmələr başa çatsın.
X.Ismayıl: Bu bir qədərin rəqəm ekvivalenti nə qədərdir?
Ə.Kərimli: Mən onu bilmirəm, konkret olaraq söhbətin gedişindən məlum olacaq. Bizi dinləyənlərə pozitiv bir xəbərimiz var. Axı, 5-6 ay bundan qabaq müxalifətin və demokratik qüvvələrin daha böyük birliyi istiqamətində fikirlər müxalifətin öz daxilində birmənalı qarşılanmırdı. Hətta süngü ilə qarşılanırdı. Hansısa narazılıqlar yaranırdı. Amma bu 5-6 ay ərzində bunu əsaslandırmamız, cəmiyyətin sosial sifarişi ona gətirib çıxarıb ki, artıq ölkənin nüfuzlu siyasi qüvvələrinin heç biri buna etiraz etmir. Bunun özü önəmlidir. Buna gəlib çatmışıqsa, növbəti addımları atacağıq.
X.Ismayıl: Nədir, birləşdirən məqam?
Ə.Kərimli: Birləşdirən məqam ilk növbədə ölkədə dəyişikliklərə nail olmaq istəyidir. Hamı başa düşür ki, ölkədə elə bir rejim formalaşıb ki, ayrı-ayrı ictimai-siyasi qüvvələr yalnız öz daxili resursu ilə bu dəyişikliyi həyata keçirmək iqtidarında deyil. Ola bilsin, ictimai-siyasi həyata hələ tam atılmayanda bəzi qüvvələrdə belə qənaət var idi ki, mən tək bu işin öhdəsindən gələrəm, başqası bunu bacarmayıb, mən bacararam. Amma indi həyat hamımıza sübut edib ki, bir araya gəlmədən, ayrılıqda heç kimin belə bir avtoritar rejimi dəyişmək imkanı yoxdur. Bu, əslində dünya təcrübəsinə də ziddir. Dünyadakı bütün avtoritar rejimlər böyük qüvvələrin koalisiyası ilə dəyişdirilib. Demokratiyanın önünü açmaq, azad-ədalətli seçkilərə zəmin yaratmaq bu gün bizim hamamızı birləşməyə sövq edən əsas səbəbdir.
X.Ismayıl: Dinləyicilərdən suallar var: Əli bəy, yeni vətəndaş hərəkatı mövcud olacaqsa, bu plan qarşıdakı seçkiyə kimi olacaq, yoxsa daha uzunömürlü?
Ə.Kərimli: Bax, elə bunun özü də müzakirə olunmalı məsələlərdəndir. Amma mən hesab edirəm ki, bizim ən azı, nəzərdə tutacağımız bu yeni, böyük birlik Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidi nəzərdə tutmalıdır.
Bunu bu seçkidə başa çatdıracağıqmı, yoxsa seçkidən sonrakı dövrdə də davam edəcəkmi? Nə qədər ki, sülalə hakimiyyəti var, məncə, belə böyük birliyə ehtiyac var. Çox yaxşı olar ki, bu ehtiyac elə bu seçkiyə qədər olsun. Seçkidə demokratiya qalib gəlsin. Amma istənilən halda biz daha böyük bir çatı altında birləşiriksə, məqsədimizə yetişmədən yenidən ayrılmağa, parçalanmağa haqqımız yoxdur.
X.Ismayıl: Nəyi istəyirsiniz, hansı dəyişiklikləri? Avtoritarizmdən demokratiyaya keçid dedikdə nəyi başa düşdüyünüzlə bağlı ümumi razılıq varmı?
Ə.Kərimli: Fikir razılığı var. Biz bu birliyi yaratmağa müvəffəq olanda, mən buna ümidliyəm ki yaradacağıq, o zaman xüsusi bir bəyannamə ilə xalqa müraciətimiz olacaq. Siyasi sənədimiz olacaq. O siyasi sənəddə bu böyük birliyi hansı məqsədlə yaratdığımızı, nədən-nəyə keçməyi nəzərdə tutduğumuzu göstərəcəyik. Demokratiyaya keçidi necə nəzərdə tutduğumuzu qeyd edəcəyik. Burada Konstitusiya islahatlarından, məhkəmə hakimiyyətinin təmin edilməsindən, dövlət hakimiyyətinin bütün qollarının tədricən legitimləşməsindən söhbət gedəcək.
X.Ismayıl: Parlamentli respublika məsələsi də müzakirə predmetidir?
Ə.Kərimli: Hələ ona gəlib çatmamışıq. Amma bilirəm ki, istənilən halda Azərbaycanın indiki Konstitusiyası hakimiyyət bölgüsünü sıfıra endirir. Ona görə də, istənilən halda Konstitusiya dəyişikliyi olmalıdır. Ya parlamentin səlahiyyətlərinin artırılması, prezident səlahiyyətlərinin azaldılması, müstəqil məhkəmələrə və bələdiyyələrə təminatlar yaratmaq şəklində olmalıdır. Yaxud da parlamentar sistemə keçid olmalıdır. Hələ bu müzakirələrə gəlib çatmamışıq. Amma bu keçid ilk növbədə Azərbaycanda demokratiyanın əsaslarının qurulmasına, hakimiyyət bölgüsünün, insan hüquq və azadlıqlarının təminatına, seçkilərin hakimiyyəti formalaşdırmağın yeganə mexanizm olması hamı tərəfindən qəbul olunmasına və artıq növbəti seçkilərin daha azad və ədalətli şəkildə keçirilməsinin təminatlarının qurulmasına yönələcək.
X.Ismayıl: Ilk elə bundan – parlament cümhuriyyəti və ya prezident üsul-idarəsi sisteminin seçilməsindən başlamalı deyildinizmi?
Ə.Kərimli: Xeyr. Azərbaycanda demokratiyanın olub-olmaması ölkənin prezidentli və ya parlamentar sistemlə bağlı olması ilə əlaqəli deyil. Türkiyə illərdir ki, parlamentar sistemlə, amma diktatura altında idarə olunur. Latın Amerikası ölkələrinin əksəriyyəti prezidentli sistemdən demokratiyaya keçdi. MDB məkanında Gürcüstan da, Ukrayna da demokratiyaya prezidentli sistemdən keçdi. Burada birbaşa bağlılıq qurmaq düzgün deyil ki, parlamentar sistemə keçid olacaqsa, demokratiya olacaq və ya əksinə. Birbaşa prezidentlik sisteminin özündən də demokratiyaya keçid olur. Nə mane olur ki, biz oktyabr ayında seçkilərin demokratik keçirilməsinə nail olaq və orada demokratik bir prezident seçilsin. Və o, Azərbaycanda elə islahatların önündə getsin. Önəmli olan sülalə hakimiyyətindən xilas olmaqdır. Bundan xilas olmasaq, parlamentar sistemdə də eyni şeyi yaratmaq olar.
X.Ismayıl: Amma bu, yenə də bir adamın əlində mərkəzləşmiş hökumət olacaq.
Ə.Kərimli: Xeyr, olmayacaq.
X.Ismayıl: Siz söz verirsiz ki, olmayacaq, amma…
Ə.Kərimli: Söhbət sözdən getmir. Mən dedim ki, istənilən halda Konstitusiya islahatı olacaq. Bu o deməkdir ki, hər hansı səbəbdən prezidentli respublika qalacaqsa belə, indiki prezidentlik statusu olmayacaq. Çox güclü parlament və məhkəmə hakimiyyəti olacaq, onlar prezident səlahiyyətlərinin qarşısında tarazlıq yaradacaqlar. Bu, özü bir təminatdır. Bu fikir çox səslənir ki, bundan sonra kim hakimiyyətə gəlsə, o da belə olacaq və s. Əgər Azərbaycan xalqı təpədən-dırnağa zorakı və korrupsioner, qanun, hüquq bilməyən, ölkəni feodal qaydalarla idarə edən bir sistemdən canını qurtarmağa nail olacaqsa və bu zaman hansısa dünənki demokrat əgər özünü dəyişib, qəlbinin dərinliklərində gizlənmiş diktatura meyllərini işə salacaqsa, onunla bu cəmiyyətin bacarması asan olacaq. Kimin seçilməyindən asılı olmayaraq demokratiyanın önü açılacaq. Əgər bu hakimiyyətdən sonra seçilən hakimiyyət doğrudan da, öz dediklərinə dönük çıxıb onlardan geri çəkilmək istəsə, Azərbaycan cəmiyyətinin gücü çatacaq ki, ondan da xilas olsun.
X.Ismayıl: Dinləyici sualı: Bir vətəndaş kimi müxalifətin bir olmasını istəyərdim. Bu rejim bu xalqa xidmət etmir, xalqın sərvətini talayır, bizim ziyalılar da bu rejimə yaltaqlanırlar. Bir ölkədə ki, əlillər aya 44 manat pul alır, hansı inkişafdan danışırlar?
Ə.Kərimli: Doğrudan da, bu rejim xalqa xidmət etmir. Əlilə də, fəhləyə də, pensiyaçıya da zülm olunur. Bu yaxınlarda Siyəzəndə fabrikdə işləyən zəhmətkeş qadınlar etiraz aksiyası keçirirdilər. Çox dəhşətli şeydir, 140 manat alırlar, onu da aylardır vermirlər. Böyük inkişafdan danışırlar. Yalnız Qış Bulvarı layihəsi 2007-ci ildən dövlət büdcəsindən 998 milyon manat yeyib. Bir milyarda yaxın pulu ancaq bu layihəyə yönəldiblər. 650 milyon yalnız bir stadiona yönəldiblər. Amma həmin o əlilə, fəhləyə 40 və ya 140 manat verirlər. Yalnız bir məqamla razı deyiləm ki, ziyalılar bu rejimin yanındadırlar. Bu rejimin yanında yalnız ziyasızlardır. Ziyalılar mövqelərini müəyyənləşdiriblər. Onlar ya Ziyalılar Forumundadırlar, ya Ictimai Palatada, ya da müxalifət partiyalarında.