Eldar Namazov: «Demokratik düşərgə ilə bir yerdə seçkiqabağı mühitin dəyişdirilməsi üçün ciddi işlər görməliyik»
Bir neçə aydır haqqında anons edilən “EL” hərəkatı martın 12-də elan olunub. Mərasim hərəkatın Bakıdakı ofisində keçirilib. Mərasimə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, Ziyalılar Forumunun üzvləri, Azərbaycanın bir sıra keçmiş yüksək rütbəli dövlət məmurları, insan haqları müdafiəçiləri, diplomatik korpusun təmsilçiləri, o sıradan ABŞ, Fransa, Almaniya səfirliklərinin, Avropa Birliyinin, ATƏT-in nümayəndələri qatılıb.
Hərəkatı təşəbbüs qrupunun üzvü Eldəniz Quliyev elan edib. E.Quliyev toplantı iştirakçılarına Ziyalılar Forumunun təsisçisi, “EL” hərəkatının ideya müəlliflərindən olan Rüstəm İbrahimbəyovun təbriklərini çatdırıb: “Bir neçə dəqiqə öncə Rüstəm müəllim Marseldən zəng vuraraq xeyir-dualarını səsləndirdi və bütün toplantı iştirakçılarına onun atəşin salamlarını çatdırmağımızı xahiş etdi. Rüstəm İbrahimbəyov dedi ki, onun fikrincə, Azərbaycanın siyasi xəritəsində bir boşluq var. “EL”in hədəfi bu boşluğu doldurmaqdır. Biz bütün qüvvəmizi bu istiqamətdə sərf edərək Azərbaycanda demokratik bir düzən yaradılmasına çalışacağıq”.
Daha sonra söz qurumun təşkilat komitəsinin sədri politoloq Eldar Namazova verildi: “Bu gün Yel çərşənbəsidir. Mən toplantı iştirakçılarının çərşənbəsini təbrik edirəm və arzu edirəm ki, Azərbaycanın bütün problemlərini yel aparsın. Bəzən bizə deyirdilər ki, niyə “EL”in elan edilməsini yubadırsınız. Ancaq biz ötən müddətdə çox fəal işləmişik. Dünən axşama olan məlumata görə 35 şəhər və rayonunda “EL”in təşəbbüs qrupları artıq yaradılıb. Mən bu işdə əməyi keçən bütün insanlara – Zəfər Quliyevə, Eldəniz Quliyevə, Abdulla Allahverdiyevə, Köçəri Nağıbəyliyə, Musa Yaquba, Rəhman Bədəlova, Eldar Abbasova, Rasim Ağayevə, Nurəddin Mustafayevə, üçqat dünya çempionu Məhyəddin Abdullayevə, milli qəhrəman Maşallah Abdullayevə təşəkkür edirəm. “EL” hərəkatının məramı Azərbaycanda haqq-ədalətin bərpa olunması, demokratiyaya keçidin təmin edilməsidir. Biz bu düşüncədə olan bütün insanların maraqlarını müdafiə etmək istəyirik. Biz cəmiyyətin müəyyən səbəblərdən siyasi proseslərdən kənarda qalan hissəsini fəal vətəndaş mövqeyinə cəlb etməyi hədəfə almışıq. Əsas istinad etdiyimiz təbəqə bu insanlardır. Qarşıdan prezident seçkiləri gəlir. Biz hesab edirik ki, demokratik düşərgə ilə bir yerdə seçkiqabağı mühitin dəyişdirilməsi üçün ciddi işlər görməliyik. Biz demokratik düşərgə ilə bərabər konsensus şəkildə namizədimizi müəyyən edib seçkilərdə əsas hədəfimizə çatmağı düşünürük. Hər kəsə demokratiya uğrunda mübarizədə uğurlar arzulayıram”.
Daha sonra söz professor Nurəddin Mustafayevə verilib: “Seçdiyimiz yol çox ağır və çətin olacaq. Ancaq bu çətinlik bizim heç birimizi qorxutmur. Azərbaycan vətəndaşı daha indiki kimi idarə olunmaq istəmir. Hakimiyyət də artıq idarə edə bilmir. Biz elliklə çalışıb elə bir mühit yaratmalıyıq ki, xalq öz namizədinə səs verə bilsin və ən əsası onun səsi oğurlanmasın”.
“Artıq birlik ümummilli ideyaya çevrilməkdədir”
AXCP sədri Əli Kərimli isə çıxışında diqqəti demokratik düşərgənin qarşısında duran vəzifələrə yönəltdi. Yaranan yeni qurum müxalifətdaxili inteqrasiyanın sürətləndirəcəyinə əmin olan AXCP sədri vurğuladı ki, hazırda əsas məqsəd ölkədə normal seçki mühütünün yaradılmasıdır: “Azərbaycanın problemləri çoxdur. Azərbaycanın gün-gündən artan problemləri bizdən hərəkət, təşkilatlanmağı tələb edir. Bizim hədəflərimizə çatmamağımızın səbəblərindən biri də indiyə qədər yaxşı təşkilatlana bilməməyimizdir. ”EL”in yaranmasını bu prosesə töhfə kimi qiymətləndirirəm. Mənim üçün ayrıca xoş oldu ki, “EL” hərəkatının təşkilatçıları yaxınlaşan seçkilər ərəfəsində ölkədə demokratik mühitin yaradılmasının vacibliyini dönə-dönə vurğuladı. Seçkilərə az vaxt qalsa da ölkədə demokratik seçki mühiti yoxdur. Ona görə gerçək dəyişiklik istəyən qüvvələrin prioriteti seçkiöncəsi demokratik mühitin yaranmasıdır. Biz elə bir dövrdə “EL” hərəkatının qədəmlərini görürük ki, bu dövr əsasən iki tendensiya ilə müşayiət olunur. Birincisi ondan ibarətdir ki, Azərbaycan gəncliyi təşkilatlanır. Fəal, təhsilli gənclər məsuliyyətin ilk hissəsini öz üzərinə götürür. Amma bu bizi arxayınlaşdırmamalıdır. Mən xüsusilə orta və yaşlı nəslə müraciət etmək istəyirəm ki, biz ölkənin bu qədər problemlərini yetişməkdə olan gəncliyin çiyninə qoymamalıyıq. Nəhayət sevindirici haldır ki, siyasi qüvvələrin inteqrasiyası az müqavimətə rast gəlir. Bir il bundan qabaq bu barədə danışmaq belə çətin idi. Amma görünür Azərbaycan cəmiyyəti özü o mərhələni keçib. Artıq birlik ümummilli ideyaya çevrilməkdədir. Hesab edirəm ki, bu tədbirdə demokratik qüvvələrin birliyi istiqamətində bir təkana çevriləcək”.
2013-cü ili qələbə ilə başa vurmalıyıq
ReAL-ın təmsilçisi Natiq Cəfərli çıxışına təmsil etdiyi qurumun rəhbəri, 26 yanvar Ismayıllı olaylarına görə həbs edilən İlqar Məmmədovun təbriki ilə başlayıb: “Məndən öncə çıxış edən düşərgə dostlarımın fikirlərini bölüşürəm. Bizim bu gün prioritetimiz demokratik seçki mühitinin yaradılması olmalıdır. Dəyişikliklər mütləq olacaq. Biz 2013-cü ili qələbə ilə başa vurmalıyıq. Bunu üçün də gəncləri prosesə cəlb etmək vacibdir. Düşünürəm ki, cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə biz demokratik dəyişikliklərə nail ola biləcəyik”.
DEVAMM-nin rəhbəri Hacı İlqar İbrahimoğlu artıq Azərbaycan cəmiyyətinin bölücülük mərhələsini adladığına diqqət çəkib: “Bu gün Azərbaycan toplumunda bölücülük və qruplaşmanın mənasız olduğunu hər kəs anlamaqdadır. Bu çox yaxşı tendensiyadır. Bir zamanlar inanclı insanlar həbs ediləndə cəmiyyət buna səssiz qalırdı. Biz o zaman deyirdik ki, hər kəsin növbəsi çatacaq. Bu gün bizim çox-çox dəyərli mübarizə dostlarımız məhbəsdədir. Cəmiyyətin bu həbslərə reaksiyası bir neçə il öncəkindən köklü şəkildə fərqlənir. Hazırda buzlar əriməkdədir. Amma cəmiyyətdəki hazırkı hərarətin uzun müddət düşməməsinə, qalmasında səylər göstərən Əli Kərimli və İsa Qəmbərə də təşəkkürümü bildirirəm. Mən “EL” hərəkatına uğurlar arzulayıram. İnşallah biz ümumi səylərimizlə əldə edəcəyimiz qələbənin sevincini birgə yaşayacağıq”.
Müsavat başqanı İsa Qəmbər “EL”in Azərbaycandakı demokratik mübarizəyə layiqli töhfə verəcəyinə inandığını bildirib: “Hərəkatın yaradılmasında əməyi olan insanları təbrik edirəm. İnanıram ki, fəalliyyətiniz uğurlu olacaq. Azərbaycanda yeni bir mərhələ başlayır. Dünya dəyişim mərhələsindədir, Azərbaycanda da dəyişiklik labüddür, dəyişikliklər mütləq olacaq. İnanıram ki, “EL” hərəkatı cəmiyyətin önəmli bir hissəsini öz ətrafında toplaya biləcək, haqlı iddialarını ortaya qoyan demokratik kəsimlə bərabər hərəkət edəcək. Bizim ölkədə dəyişkliyin nə şəkildə baş verməsi ilə bağlı razılaşmalara ehtiyac var. Əgər prosesdə namizədlərdən hansınasa daha çox dəstək gələcəksə, bizlər ona dəstək verəcəyik. Çünki önəmli olan Azərbaycan xalqını layiq olduğu mərhələyə yülsəltməkdir. Mən inanıram ki, “EL” bu yöndə ciddi addımlar atacaq. Hərəkata hədəflərinə çatmaq yolunda uğurlar arzulayıram”.
Akademik Cəlal Allahverdiyev “EL”in Azərbaycanın siyasi həyatında birlik modeli olacağı ilə bağlı ümidlərini səsləndirib: “Arzu edirəm, “EL” hərəkatı xalqımızı xoşbəxtliyə aparsın. Bizim buna həm ehtiyacımız , həm də ixtiyarımız var. Azərbaycan xalqı tarix boyu heç zaman işgalçı olmayıb. Xalq bundan artıq istismar edilməsinə imkan verməməli, layiq olduğu idarəetmə üsulunun yaradılmasına nail olmalıdır”.
“NİDA”dan Rəşad Həsənov çıxışı zamanı əsas diqqəti gənclərin prosesə cəlb edilməsinə yönəldib: “Gənclər olaraq sevinirik ki, biz də Azərbaycanda demokratikləşmə prosesinə əlimizdən gələn dəstəyi veririk, demokratiya uğrunda mübarizə aparanların yanındayıq”.
İctimai fəal Bəxtiyar Hacıyev “EL” deyəndə iki atalar sözünün yada düşdüyünü deyib: “Bunlardan biri “El gücü sel gücü”, digəri isə “El bir olsa dağ oynadar yerindən”dir. Biz bir olsaq lazımsız dağları yerindən oynadacağıq”.
Daha sonra söz “EL” hərəkatının ideya müəllifi professor Firudin Cəlilova verilib: “Niyə “EL”, hamımız üçün maraqlıdır. Mən bu məsələyə istiqlalçı deputat kimi aydınlıq gətirmək istəyirəm. Şərqdə ilk demokratik dövləti bizim babalarımız qurub. Biz o babaların nəvələri olaraq 70 ildən sonra həmin dövləti bərpa edə bildik. Demokratiya bizim qanımızdadır. Bakının mərkəzinə baxın – məscid, kilsə, sinaqoq – hamısı bir arada rahat fəaliyyət göstərir. El nədir? Xalqın hakimiyyəti, demokratik düzən, bütün təbəqələrin təmsilçiliyi. Bu anlamların hamısı “el” sözündə birləşib. Ona görə biz toplumun geniş təbəqələrinin təmsil olunduğu quruma ad düşünəndə məhz “el” sözünü seçdik. “Dədəm Qorqud” dastanında deyildiyi kimi, adını biz verdik, yaşını Tanrı versin”.
Daha sonra “EL”in təşəbbüs qrupunun üzvlərindən İsmayılı rayonundan ictimai fəal Məzahir Şahvələdov çıxış edib: “Belə bir hərəkata qoşulmaq həm çətin, həm də şərəflidir. Arzu edirəm ki, mübarizəmizin sonunda düşündüyümüz hədəfə çataq Azərbaycanda hüquqi demokratik dövlət qurmağı bacaraq”.
Hüquqşünas Fuad Ağayev də qısa çıxışında hərəkata uğurlar diləyib: “EL” hərəkatı böyük perspektivlər vəd edir. Bəlli olan odur ki, hazırkı rejimin siyasi səhnədən getməsi üçün birlik lazımdır. Mən hər kəsə uğurlar arzulayıram”.
Təşkilat qrupu üzvlərindən professor Eldar Abbasov “EL”ə ədalətin bərpası uğrundan öncüllük arzulayıb:
“Demokratik düşərgənin digər qurumları ilə bərabər fəaliyyət nəticəsində Azərbaycanda layiqli bir düzən yaradacağımıza əminəm. Demokratiya ciddi problemdir. Demokratiyanın bərqərar edilməsi həm də Qarabağın işğaldan azad olunmasının açarıdır. Hər birimiz bu yolda iradəmizi ortaya qoymalıyıq. Xalqın dəstəyi ilə yeni uğurla imza atmağı bütün mübarizə dostlarımıza arzulayıram”.
Ziyalılar Forumunun İdarə Heyətinin üzvü, professor Rafiq Əliyev də çıxışını təbriklər və yeni hərəkata uğur diləkləri ilə başlayıb: “EL”in yolu uğurlu olsun. Bu gün azpolitika.az saytı yazıb ki, Ziyalılar Forumunun siyasi qanadı yaranır. Ancaq bu, kökündən yanlış fikirdir. Ziyalılar Forumunun iki qanadı var – biri elmdir, digəri incəsənət. Ziyalılar Forumunin “EL” hərəkatına münasibəti AXCP-yə, Müsavat Partiyasına olan münasibətilə eynidir. Mən hədəflərinə çatmaq yolunda “EL”ə uğurlar arzu edirəm”.
Keçmiş deputat, Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli çıxışında Azərbaycan xalqına seçki ilində ən xeyirli olanları arzulayıb: “Qarşıda az bir müddət, ancaq böyük hədəflər var. Bu gün elan olunan “EL” hərəkatının Azərbaycanda demokratiyanın bərqərar olması üçün böyük işlər görəcəyinə inanıram. Arzu edirəm ki, seçki ilində Azərbaycan xalqı üçün xeyirli olan nədirsə, o da həyata keçsin”.
Daha sonra toplantı iştirakçılarına hərəkatın elan olunması münasibətilə ziyafət verilib.
Xəyal