Amnesty Əliyevi ittiham edir

«Azərbaycan hakimiyyəti onu tənqid edənləri susdurmaq üçün narkotik, silah ittihamlarından tez-tez istifadə edir»

“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini David Dias-Joj əsgər ölümlərinə etiraz olaraq Bakıda keçirilən aksiya zamanı baş verənləri, eləcə də aksiya öncəsi “NIDA”çıların həbsini Azərbaycanda prezident seçkisi öncəsi hakimiyyətin əks mövqedə dayananlara qarşı zorakılığının növbəti aktı kimi qiymətləndirib.
“Amnesty International”ın təmsilçisi Avropa Ittifaqı və ABŞ-ın Azərbaycan hakimiyyətinin zorakılıqlarına yetərincə diqqət yetirməməsindən təəssüfləndiyini bildirib: “Öz öhdəliklərinə saymazyana münasibət göstərən hökumətlə əməkdaşlıq edən beynəlxalq ictimaiyyətin Azərbaycanda baş verənlərə diqqət ayırmasının vaxtı çatıb”.
NIDA-çılara qarşı ittihamların saxta olduğunu vurğulayan David Dias-Joj gənclərin həbsini onların hakimiyyəti tənqid etmələri, həmçinin etiraz aksiyalarının təşkilində fəallıqlarıyla əlaqələndirib. O, yada salır ki, həbs olunan gənclərin ikisi “facebook”da Əliyevlər haqda tənqidi, satirik materiallar yayan səhifənin yaradıcılarıdır: “Azərbaycan hakimiyyəti tənqidi səsləri susdurmaq üçün narkotik, silah ittihamlarından tez-tez istifadə edir”.

Informasiya şöbəsi