5 gəncin rekordu

Martın 10-da gənclərin “Əsgər ölümlərinə son” adlı möhtəşəm aksiyası oldu. Həmişə olduğu kimi ünlü yapokratlar Mübariz Qurbanlı və Siyavuş Novruzov da tamaşaçı qismində çıxış edirdilər. Aksiya öncəsi fəal gənclərin həbs olunması, TV-lərin qorxulu bəyanatlar yayması, yapokratlarda “uğursuz aksiya” ehtimalı yaratmışdı. Nəticədə isə gənclər əsl cəsarət nümayiş etdirdilər. 
Aksiyadan sonra yapokratlar “qiymətləndirməyə” başladılar. Bəziləri bu aksiyanı 5-10 gəncin şıltaqlığı, bəziləri təxribatçı qüvvələrin sabitliyi pozması, bəziləri isə siyasi partiyaların antimilli mövqeyi kimi şərh elədi. Xatırladım ki, IP-in ötən ilin mart ayında keçirdiyi 10 minlik mitinqə münasibətdə Siyavuş Novruzov “babat adamın yasında bundan çox adam olur” demişdi. Bunu ona görə yazdım ki, səmimliyin “dozasın” görəsiniz.
Dünənki aksiyada Gənclər “Əsgər ölümlərinə yox” dedi.
Hakimiyyət isə su şırnaqları, rezin güllələri, dəyənəkləri ilə “Əsgər ölümlərinə davam” dedi.
Siyavuş Novruzov da, Mübariz Qurbanlı da millət vəkilidi. Bu adı daşıyan adamlar, polisin yerə yıxıb sürüdüyü əsgər anasına yardım etməli deyildimi?
Gənclərin sırasına girib, “əsgərimiz ölməsin, ordu morqa dönməsin” şüarını təkrarlamalı deyildimi? Bəs niyə etmədilər?
Çünki onlar millət vəkili yox, hakimiyyət vəkilidilər.
Bu adamlar aksiyada tendensiyanı izləyirlər. Adam çoxdursa, cəza tədbirləri görülür, adam azdırsa, lağ obyektinə çevirirlər.
Bu adamların saytlara verdikləri qalaq-qalaq müsahibələrin, keçirdikləri rəsmi görüşlərin oxunma sayı 0-30 arasındadı. Nadir hallarda 100 rəqəmini görmək olar.
Sizin 5-10 uşaq adlandırdığınız gənclərin keçirdiyi aksiyanı isə təkcə “Azadlıq”ın saytında 80000 nəfər oxuyub. Başqa saytları da nəzərə alsaq, yüz minlərlə adam izləyib.
Bilirsinizmi bu nə deməkdi? Bu o deməkdir ki, sizin “ünsür”, “element”, “narkoman” adlandırdığınız gəncin cəmiyyətdəki nüfuzu, bütün YAP funksionerlərinin nüfuzundan 100000 dəfə çoxdur.
Bəs, 600000 üzvünüz hardadı, niyə yazdıqlarınıza dəstək vermirlər?
Bu qədər insan resursunun qarşısında Ilham Əliyev sorğuda Əli Kərimliyə niyə məğlub oldu?
Bu qədər fərqi necə görməzliyə vura bilərsiniz? Yüz minlərlə nifrətli gözlərin təqibində yaşamaq çətin deyilmi?
AVP sədri Fəazail Ağamalı isə deyir ki, “Azərbaycanda ”Facebook” təhlükəsi var. “Facebook”da hakimiyyət əleyhinə təbliğat aparılır”. O zaman mən də deyirəm ki, Azərbaycan televiziyaları təcili bağlanmalıdı, televiziyalarda müxalifətə qarşı kampaniya aparılır. Bu gün azad sözün yeganə tribunası kimi, “Facebook”var. Bu sosial şəbəkə vasitəsilə gənclər aksiya təyin edir. Buna görə də deputat narahat olub.
Həmişəki kimi səbəb kənarda qalıb, nəticə axtarışındadılar.
Dünənki aksiyadan sonra “Facebook” yox, müdafiə naziri hədəfə alınmalı idi.
Yəni dünənki aksiyada gənclər doğurdanmı haqsız idi?
Aksiyada qızların belə su şırnağının, polis gülləsinin qarşısında dik durmağı sizə bir şey ifadə etmədimi?
Artıq qorxmaq vicdan əzabı yaradır, artıq insanlar susduqları üçün utanırlar.
Artıq xalq bu olanları təhqir sayır. Artıq həbslər “şərəfli ömür” xatirəsinə çevrilib.
Dünəki aksiyaya 5 gənc çıxsaydı belə, bu, alqışlanası hal idi.
Dünən zəhmli görünmək istəyən hakimiyyət yenə ironik duruma düşdü.
Bir gənc öz “Facebook” səhifəsində yazırdı: “Azərbaycanda yeni masaj növləri fəaliyyətə başlayıb. Su şırnaqları ilə masaj, rezin dəyənəklərlə masaj”. Başqa bir istifadəçi isə yazır: “Su məsələsi xoşuma gəlib, gələn dəfə şampun da aparacam”.
Bu gənclər ən qorxulu şeyi, yəni sizləri 20 ildi görür. Öyrəşiblər, daha qorxmurlar.
Dünya dünən iki qüvvəni bir daha tanıdı.
Azərbaycanın cəsarətli gəncliyini və xalqına qənim kəsilmiş rejimi.