Ölkənin Fransaya qaçmış ilk prezidenti Tunis və Misir inqilabları ilə İrandakı hərəkat arasında paralellər aparıb
Bənisədr: “Rejimlər köhnələn zaman məqsəd və hədəfini itirir”
Yaxın Şərqi bürüyən xalq hərəkatları barədə İranın ilk prezidenti, hazırda Fransada yaşayan Seyid Əbulhəsən Bənisədr maraqlı münasibət bildirib. Bənisədr İranda baş verənlərə də toxunub.
İranın sabiq prezidenti “Amerikanın səsi”nə müsahibəsində bildirib ki, iranlıların Yaşıl Hərəkatı ölkənin əsas məsələsinin həllini qaldırmadı, amma misirlilər və tunislilər asas məsələni qaldırdılar və qələbə çaldılar: “İranlıların Yaşıl Hərəkatında əsl şüar, seçkilərin rəsmi nəticələrinə etiraz olaraq “Rayi Mən Kocast?”, yəni “Mənim səsim hardadı” şüarı idi. Amma, Misir və Tunis xalqı “Bizim haqqımız hardadır? şüarı ilə çıxış etdi”.
Bənisədr Şimali Afrika və Yaxın Şərqdə baş qaldıran xalq etirazları, xüsusilə Misir və Tunis inqilabı barədə fikrini bir atalar sözü ilə açıqlayıb: “Rejimlər köhnələn zaman məqsəd və hədəfini itirir. Belə olduqda isə hakimiyyəti əldə saxlamaq, əsas məqsədə çevrilir. Amma, hakimiyyətin qarşısında yeni nəsil və gənclərin məqsədi olur. Əgər, bu nöqteyi nəzərdən Misir və Tunis inqilablarına baxsaq, görərik ki, bu ölkələrin xalqları etiraz nümayişlərində iştirak etmişdilər, bu xalq hərəkatları İranın həm Yaşıl Hərəkatına, həm də 32 il əvvəl İslam inqilabı zamanındakı xalq hərəkatına oxşayır”.
Bənisədr deyib ki, neçə illərdir bu bölgələrdə diktatura rejimləri İran İslam İnqilabına istinad edərək Qərbə “təhlükə mesajı” çatdırırlar – əgər diktatorluqlar deyişsə, radikal islamçılar hakimiyyətə gələcək.
“Bu ölkələrin liderləri deyirdilər ki, ölkələrinin xalqları demokratiyaya hazır deyil”, deyən Bənisədr bu fikirlə razılamadığını diqqətə çatdırb. Onun fikrincə, İranda 32 il əvvəl baş verən inqilabdan sonra ölkədə azadlıqların, o cümlədən media azadlığının baharı olub: “Tehranda əvvəlcə misli görünməmiş azadlıqlar var idi, amma ölkəyə nəzarət edənlər amerikalıların girov tutulması, inqilab məhkəmələrinin yaranması, İran-İraq müharibəsi və iqtisadi blokadadan istifadə edərək hökumət çevrilişi etdilər”.
Bənisədr İslam inqilabından bir il sonra seçicilərin doxsan faizindən çoxunun səsi ilə prezident seçilib. Amma Ayətullah Ruhullah Xomeyni ilə yola getmədiyi üçün, Xomeyninin əmri əsasında, İranın birinci parlamenti Bənisədri vəzifədən kənarlaşdırıb və o, həyatına təhlükə hiss etdiyi üçün Fransaya qaçıb.
Bənisədr deyib ki, Ayətullah Xomeyni Fransada olarkən bütün azadlıqları və insan haqlarını qəbul edirdi. Amma İranda hakimiyyəti ələ keçirəndən sonra dediklərinə əməl etmədi. Onun fikrincə, indi Tunisdə “Əlnehzət” və Misirdə “Müsəlman Qardaşları” təşkilatlarının liderləri Xomeyninin həmin sözlərini təkrar edirlər, amma onlar Xomeyni kimi İslamdan siyasi vasitə olaraq istifadə etmək istəmirlər: “Onlar gördülər ki, İranda siyasi islamın təcrübəsi, demokratiyaya uyğun gəlmədi. Buna görə də bu təcrübəni istəmirlər”.
Bənisədr əlavə edib ki, hazırda İranda da demokratiya üçün baza mövcuddur və ölkə demokratiyaya hazırdır.