Məni ölməyə qoymayın

Venesuelanın yaxınlarda dünyadan əli üzülmüş prezidenti Uqo Çaves Müəmmər Qəzzafidən sonra ən dikbaş diktator idi. Yeri də qılınclayırdı, göyü də. Dünya vecinə deyildi. Deyərdin, bu adamda ölüm qorxusu deyilən şey yoxdu, hələ bəlkə də ölüm ondan qorxur. Ancaq ölərkən son dediyi söz bu olub: “Mən ölmək istəmirəm, xahiş edirəm, məni ölməyə qoymayın”. Maraqlıdı, ən qəddar, ən cəsur görünən şəxslər, illah da diktatorlar ölərkən daha çox qorxurlar. Zənnimcə, bu, özünü əbədi sayma xəstəliyinə tutulmaqdan doğur. Bu nadan bədbəxtlər hakimiyyətdə olduqları sürəcə bir sözlərini iki eləyən olmur, halbuki hətta Tanrını belə insanlar bu qədər eşitmirlər, ondan sonra bu zavallılarda elə təəssürat yaranır ki, onlar heç zaman ölməyəcəklər, hətta Əzrayıl da Tanrını yox, onları eşidəcək. Ancaq o Canalan ki gözə göründü, başlayırlar yalvarmağa. Qəzzafinin son yalvarışları hələ də qulağımdadı: “Məni öldürməyin, axı mən sizin atanızam…” 
Ancaq bu miskin ölümlər yerdə qalan diktatorlara dərs olmur ki, olmur. Elə bilirlər zülmlə, zalımlıqla dünyanı tutub gedəcəklər.
Azərbaycanda baş verən allahsızlıq gözlərimiz qarşısına eyni mənzərəni sərir. Gəncədə özünü yandıran 15 yaşlı köçkün qızının tüklər ürpərdən hekayətini əvvəldən axıra dinləyəndə için tar-mar olur. Ancaq əldən nə gələr…
Təsəvvür eləyin, ağa əmri yerinə yetirən kölə kimi özünü şəhid edən polis işçisi körpə qıza alışqanı verib deyir ki, al, yandır özünü hələ, görüm. Baxın, bu sözü demək üçün gərək dünyanın ən axırıncı, ən murdar insanı olasan. Üstəlik, özün də polis. Bu hardan qaynaqlanır? Təbii ki, başdan. Ölkəni idarə edənlərin yaratdığı gerçəklikdən. Polis bilir ki, nə qədər şərəfsiz olsa, bir o qədər ağasının hörmətini qazanacaq, yallanacaq, ənam alacaq, rütbə alacaq, ancaq məzlumu yandırdığına, ahını göylərə çıxardığına görə ona kimsə bir kəlmə acı söz deməyəcək, cəza verməyəcək. Bu rejim ancaq öz köpəklərini sevir. O da bir yerə qədər.
Eyni hadisə iki il qabaq baş vermişdi. Bərdənin Qasımbəyli sakini Cəmaləddin Paşayev 2011-ci il aprelin 19-da özünü yandırmışdı, daha doğrusu, onu özünü yandırmağa təhrik eləmişdilər, o hadisədə də polis zabiti söyüş qoyaraq özünü yandırmaq istəyən vətəndaşa demişdi: “Yandırmayanın var yoxunu…” Cəmaləddin aprelin 23-də həlak oldu – 5 saylı xəstəxanada. Dövlət başçısının yolunun üstündə, beş addımlığında. Elə 15 yaşlı köçkün qız da indi 5 saylı xəstəxanada yatır. Burayacan hər şey eynidi, heç olmasa sonluq eyni olmasın…
Belə… Bu hakimiyyət qaçqını, köçkünü yandırır. Əzab verir, işgəncə verir, torpağını qəsb edir. Və guya qaçqını, köçkünü təhqir etdiyinə görə yazıçı Əkrəm Əylislinin fəxri adlarını əlindən alır, başdan havalı birinə onun qulağını kəsmək tapşırığı verir və yazıçını bütün xalqın gözündə rüsvay etmək üçün amansız təbliğat aparır. Hətta hesab eləsək ki, Əkrəm bəyin əsəri onların dediyi kimidi, yenə də vətəndaşa alışqan verib, “özünü yandırmayanın var-yoxunu…” söyüşünü qoyan hakimiyyət qədər deyil. Bu minvalla özünü yandıran xalq isə daha çox Əylislini müzakirə edir, ta ki hakimiyyət onları yandırana qədər.
Rejim eyni qəddarlıqla öz əsgərlərinin də axırına çıxır və martın 10-na təyin olunmuş “əsgər ölümlərinə yox” aksiyası ilə bağlı amansız və ləyaqətsiz əməliyyatlar keçirir. Sanki bu aksiya “əsgər ölümlərinə davam” olmalıymış.
Gəncənin Nizami rayon IH başçısı Məharət Mustafayev baş verən intihar-yanğından xəbərsiz olduğunu bildirib. Bəli, onlar öz dədələri yanmayana kimi heç bir alovu görmürlər. Sonunda isə mütləq belə deyirlər: “Məni ölməyə qoymayın…”