Həlledici güc xalqdır

Illərdir ki, bu ölkədə köhnəlməyən, yararsız, ziyanlı arqumentləri eşitməkdən yorulmuşuq. Bu arqumentləri səsləndirənlər özləri də bir neçə qrupa bölünür. Birinci qrup kimlərinsə fikirlərini təkrarlayanlardı, ikinci qrup həqiqətən bu cür düşünənlərdi. Üçüncü qrup isə cəsarətsizliyinə, mübarizə yükünün altına girmək istəmədiyinə görə bu arqumentlərdən yararlananlardı. Bəs bu arqumentlər hansılardı?
“Qərb dəstək verməsə, mübarizə aparmağa dəyməz”, “Rusiya imkan verməz bu rejim dəyişsin”, “bunlar elə kök salıblar ki, tərpətmək mümkün deyil” və s. Hakimiyyət isə bu “arqument”lərin yaşaması üçün 20 ildi təbliğat maşınını işə salıb.
Dünyada gedən proseslər, ərəb inqilabları bir daha göstərdi ki, xalq çəkici bir zindana vuranda bütün böyük güclərin planı pozulur və bu planlar xalqın istədiyi istiqamətə yönəlməyə məhkum olur. Liviyada xalq üsyanları başlamazdan əvvəl Sarkozi Qəzzafinin əlindən öpürdü. Misir isə ABŞ-ın ən çox pul ötürdüyü ölkələrdən biri idi. Hətta Obama müsəlman dünyasına müraciətini Misirdən səsləndirmişdi. Reallıq budur ki, yüzminlərin inqilabı istənilən siyasi ssenarini pozmağa qadirdi. Ərəb inqilabları Ərəb Ölkələri Liqasını da demokratiya çağırışı etməyə məcbur etdi. Digər arqumentə gəlincə, Əliyevlərin saldığı kök, nə Mübarəkin, nə də Qəzzafinin kökündən dərin və möhkəmdir.
Ümumiyyətlə, avtoritar rejimlərdə komandanı birləşdirən müqəddəs dəyər olmur. Maddi nemətlər onlar üçün dəyərə çevrilir. Əsl dəyərlərdən imtina isə sonu labüd edir. Rusiya faktoruna gəlincə, Rusiya-Azərbaycan münasibətləri Putin- Əliyev münasibətləri səviyyəsində iflasa uğrayıb.
Qərb, Rusiya faktorunu inkar etmirəm. Lakin bu, həlledici və yeganə faktor deyil.
Heç bir ölkədə insanlar narazılığını ifadə etmək üçün kənardan inqilab meydanına qüvvə gətirmir. Biz tərəddüdlərimizi real olmayan arqumentlərlə gücləndiririk. Nə vaxta qədər ki, mübarizə aparmamaq üçün “min dərədən su gətirməklə” məşğul olacağıq, nə Qərbin, nə də Şərqin birmənalı dəstəyini ala biləcəyik.
Axı bizim hər gün yaşadıqlarımızı fransız, alman, ingilis öz həyatında hiss eləmir. Qərblilər üçün susmuş xalqın dərdini analiz etməkdən çox, rejimin bahalı hədiyyələrini, kürüsünü, milyonlarını qəbul eləmək daha asandı.
Axı niyə övladımızın sabahını hansısa qərb siyasətçisinin düşüncəsinə uyğun olaraq müəyyənləşdirməliyik? Qidalanmağımızı, geyinməyimizi, istirahətimizi Qərbin münasibətiylə tənzimləmiriksə, qarşılaşdığımız haqsızlığa niyə beynəlxalq diqqət konteksində münasibət bildirməliyik? Bu kölə təfəkkürü deyilmi?
Digər tərəfdən, biz etirazımızı susaraq beynəlxalq aləmin gündəminə gətirə bilmərik. Mübarizə, gördüklərin uğrunda vuruşmaq deyil, görmək istədiklərin uğrunda çarpışmaqdı. Arzuladıqlarımızı həyata keçirə bilmək üçün vətəndaş olmalıyıq. Bütün problemlərin həlli vətəndaş olmaqdan, ola bilməkdən keçir. Ölkədə populyar bir ifadə var: “Siyasət mənlik deyil, mən siyasətə qoşulmuram”.
Faciə orasındadır ki, bu sözü hansısa siyasi polemika başlayanda yox, əmək haqqının aşağı olmasından, ədalətli məhkəmənin olmamasından, təhsilin, səhiyyənin bərbad vəziyyətindən söhbət düşəndə deyirlər. Bu sadaladıqlarım siyasətdirsə və sən siyasətə qoşulmursansa, onda həkimə niyə müraciət edirsən, övladını niyə məktəbə göndərirsən, keyfiyyətsiz qidadan niyə narazısan? Bu qədər məntiqsizliyi beyninizdə necə inkişaf etdirirsiniz? Belə getsə, çimib-çimməməyi, yeyib-yeməməyi, yatıb-yatmamağı da siyasi məsələ kimi qiymətləndirəcəklər. Biz, bizi bədbəxtçiliyə sürükləyən problemlərin həllini siyasi və qeyri-siyasiyə bölüb qiymətləndirməklə reallıqdan nə qədər uzaq düşdüyümüzün fərqində deyilik. Bu, təxminən bir çox dindarların “allah səbr edənlərlədi” ayəsinə sığınaraq səssiz qalmasına bənzəyir. Axı din həm də “Zülmün qarşısında susan, dilsiz şeytandır” mesajını verir. Yəni elə məqam var ki, səbr etmək özü günahdı.
Bir sözlə, kölə kimi yaşamağa davam etmək siyasətə qoşulmamaq deyil, haqsızlığa etiraz isə siyasətə qoşulmaq anlamına gəlmir. Bu ölkədə siyasətçi də, sıravi vətəndaş da eyni məhrumiyyətləri yaşayır. Deməli, çıxış yolu da birlikdə addımlamaqdan keçir.
Biz qorxumuzun əsarətindəyik. Ləyaqətli yaşam üçün isə, cəsarət sağaldıcı məlhəm rolunu oynayır.