Sabiq rektordan yeni video-“bomba” vədi; “Pul birbaşa Ramiz Mehdiyevə çatdırılıb”
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev hələ bir müddət əvvəl bəyan etmişdi ki, onda daha dəhşətli videolar var. Sabiq rektor bildirmişdi ki, bu videoları yayması ölkədə aranı qarışdıra bilər.
Hakimiyyət də bundan xəbərdar olduğundan Elşad Abdullayevi susdurmaq üçün tədbirlər görməyə başlayıb. Sabiq rektor barədə cinayət işi başlanması belə deməyə əsas verir.
Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı araşdırma aparan blogger Elnur Məcidli də “Azadlıq” qəzetinə açıqlamasında bu fikirdə olduqlarını ifadə edib. E.Məcidli deyib ki, sabiq rektora qarşı cinayət işinin açılması yeni bir şey deyil. Bundan əvvəl də – hələ videolar yayınlanmazdən qabaq – Elşad Abdullayevi susdurmaq üçün buna bənzər addımlar atılmışdı.
Blogger qeyd edib ki, Elşad Abdullayevə qarşı rüşvət ittihamı yersizdi, çünki Vaqif Hüseynova 1 milyon dollar verdiyinə dair ilk şikayəti elə Elşad Abdullayevin özü 3-4 il qabaq edib.
“Vaqif Hüseynov pulu universitetin fəaliyyətinin bərpası, lisenziyasının uzadılması və s. məqsədlərlə alıb. Pul birbaşa Ramiz Mehdiyevə çatdırılmalıydı və çatdırılıb. Lakin universitetin fəaliyyəti bərpa olunmayıb, əksinə bu dəfə Ramiz Mehdiyev başqa bir adamın vasitəsilə Elşad Abdullayevdən 5 milyon istəyib. Daha sonra isə universitetin tamamilə Ramiz Mehdiyevin qohumunun adına keçirilməsi üçün təzyiqlər edilib.
Vaqif Hüseynov daha sonra öz cibindən 1 milyon dolları ödəməyə razılaşıb və ödəyib. Elşad Abdullayevin ondan hazırda heç bir şikayəti yoxdur.
Vaqif Hüseynovun tutulması cinayət işini növbəti dəfə fərqli istiqamətə yönəltmə cəhdidir. Diqqət etsəniz, görəcəksiniz ki, Ramiz Mehdiyev əleyhinə danışa biləcək, əlində faktlar olan insanlar – Gülər Əhmədova, Arzu Kazımov, Vaqif Hüseynov həbsdədilər. Hər 3 şəxs müstəqil istintaq komissiyası tərəfindən istintaqa cəlb edilsə, onları daha ağır həbs cəzası gözlədiyi üçün Ramiz Mehdiyevlə bağlı etiraflarını edərək, cəzalarını yüngülləşdirməyə çalışacaqlar”, – deyə E.Məcidli “Azadlıq”a açıqlamasında bildirib.
E.Məcidli “Yeni Müsavat” qəzetinin 9 mart sayında da E.Abdullayevdən ABU-ya görə 5 milyon dollar istənildiyi haqda danışıb və bununla bağlı əllərində videoçəkiliş olduğunu, həmin videonu yaya biləcəklərini deyib: “Həmin video Elşad Abdullayevin evində çəkilib. ABU-nun bağlanma səbəblərindən biri kimi guya oradan metro xəttinin keçəcəyi göstərilirdi. Amma həmin videodakı adam xəritəni göstərib deyir ki, metro universitetdən 65 metr qıraqdan keçir.
Hazırda 5 milyon dollar istəyən şəxsin videosu üzərində işləyirik. Müstəqil Istintaq Komissiyasından da rəy öyrənəndən sonra konkret addım atacağıq. Sadəcə bildirmək istəyirik ki, belə addımlar bizi çəkindirmir. Elşad Abdullayevin ilk gündən məqsədi qardaşının tapılması olub və addımlarını da buna müvafiq atır. Onun qarşısına bu cür sədlər qoyan adamlar başa düşməlidir ki, o, mübarizəsində axıra qədər gedəcək. May ayından etibarən tamamən yeni xətt üzrə mübarizəyə başlayacağıq”.
Yeri gəlmişkən, E.Məcidli “Yeni Müsavat”a açıqlamasında V.Hüseynovun E.Abdullayevdən 1 milyon dolları kimə çatdırmaq üçün aldığını da deyib, lakin qəzet məhkəmə təhlükəsini nəzərə alaraq, həmin adamın adını açıqlamayıb.
“Azadlıq”a açıqlamasında isə E.Məcidli əlavə edib ki, Azərbaycanda istənilən sahibkarın, böyük və ya kiçikliyindən asılı olmayaraq, iş qurmaq, fəaliyyətini davam etdirmək üçün rüşvət verməli, korrupsiya əlaqəsinə girməli olduğunu indi dünyada bilməyən yoxdur. Təəssüf ki, bu, artıq ölkənin reallığına çevrilib.
“Ramiz Mehdiyev anti-korrupsiya idarəsinin rəhbəri olaraq rüşvətxorluqla mübarizə aparmaq əvəzinə, bu idarə vasitəsiylə korrupsiya axınını təkəlləşdirdi, yəni bütün axınlar, çirkli pul dövriyyələri onun nəzarətində həyata keçirilir.
Bir şeyi də qeyd edim ki, son günlər gənclərə qarşı total hücumların arxasında da Prezident Administrasiyası və onun rəhbəri Ramiz Mehdiyev dayanır. Bu şəxs əlindəki dövlət resurslarından istifadə edərək, davamlı şəkildə ölkə gündəmiylə spekulasiya edib, ictimai diqqəti fərqli istiqamətə yönəltməklə məşğuldu. Ancaq bilsin ki, gec, ya tez şəxsən özü istintaq qarşısına çıxacaq”, – deyə E.Məcidli PA rəhbərinə qarşı ittihamlar səsləndirib.
İnformasiya şöbəsi