Nəqliyyat naziri «antikorrupsiya şousu»nun qurbanı olunmaqdan qorunmağa çalışır
Nəqliyyat naziri Ziya Məmmədov Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin keçirdiyi Korrupsiyaya qarşı Mübarizə Komissiyasının iclasından təşvişə düşüb. Ramiz Mehdiyevin toplantısından dərhal sonra kollegiya iclası keçirən və bir neçə nəfəri işdən çıxaran nəqliyyat naziri növbəti dəfə toplantı keçirib.
Əldə etdiyimiz məlumatlara görə, Ziya Məmmədovu təşvişə salan “antikorrupsiya şousu”unun bir neçə iri məmurun “başını yeməsi” ilə nəticələnəcəyi barədə dolaşan xəbərlərdir. Nəqliyyat naziri düşünür ki, həmin məmurlardan biri özü ola bilər. Çünki daha çox narazılıq məhz onun rəhbərlik etdiyi sahə ilə bağlıdır.
Doğrudan da hakimiyyətdə “antikorrupsiya şousu”nun daha effektiv alınması üçün iri məmurların işdən çıxarılması və ya həbs olunması barədə düşünürlər. Iqtidar ideoloqları fərqindədir ki, xırda çinovniklərlə bağlı sərt tədbirlər görülməsi cəmiyyətdə ikrah hissi oyadır. Insanlar korrrupsiyaya qarşı mübarizənin şou olduğunu başa düşür. Ona görə də daha radikal addımlar atmağa ehtiyac var.
Nəzərə alsaq ki, Ramiz Mehdiyevlə Ziya Məmmədovun münasibətləri qarşıdurma səviyyəsindədir, həmçinin nəqliyyat sahəsi ilə bağlı narazılıqlar daha çoxdur, bu halda ilk növbədə onun qurban verilə biləcəyi ehtimalı artır. Ziya Məmmədov da bunu anladığından qabaqlayıcı tədbirlər görməklə şounun qurbanı olmaqdan qorunmağa çalışır.
İnformasiya şöbəsi