Ermənistan qana gedir?

Arif Yunus: «Vəziyyət tədricən sakitləşəcək»

Ermənistanda fevralın 18-də keçirilmiş prezident seçkiləri ilə bağlı vəziyyət gərginləşməkdədir. Özünü seçkilərin qalibi elan edən keçmiş xarici işlər naziri, “Irs” partiyasından olan deputat Raffi Ovanisyan sona qədər gedəcəyini və qələbəni təmin etmək üçün radikal mübarizəyə, hətta ölməyə hazır olduğunu bəyan edib. Bazar günü Yerevanın Azadlıq meydanında keçirilən aksiyada Ovanisyan həyatı bahasına olsa belə, aprelin 9-na qədər qələbəni qeyd edəcəyini deyib. Bəs Ovanisyan Qərbin və beynəlxalq təşktlatların da qələbəsini etiraf etdiyini Sərkisyanın hakimiyyətini laxlada biləcəkmi?
Gərginliyin nəticəsində qanlı toqquşmanın olacağına inanmayan politoloq Arif Yunus hesab edir ki, bir müddət gərginlik, mitinqlər olsa da, sonradan vəziyyət tədricən sakitləşəcək. Çünki budəfəki vəziyyət ötən seçkilərdən xeyli fərqlidir. O zaman hakimiyyətdə olan Köçəryan Ter-Petrosyanın hakimiyyətə gələcəyindən ehtiyatlanırdı. Bu səbəbdən də Qarabağdan iki batalyon çağıraraq qanlı toqquşmaya bais oldu. Bu hadisələrin yenidən təkrarlanacağını isə gözlənilmir: “Mitinqlər bir neçə həftə davam edəcək. Ancaq bunun nəticəsində Sərkisyanın hakimiyyətdən gedəcəyinə inanmıram. Çünki Qərb hələ ki, Sərkisyanı dəstəkləyir. Əsas budur. Digər tərəfdən də Ermənistanda cəmiyyətin bütövlükdə müxalifətin tərəfində deyil”.
Bununla belə ekspert Sərkisyanın danışıqlara gedəcəyini və hər hansı bir formada kiçik güzəşt edəcəyini də qeyd etdi. Bu güzəştin nəticəsində də gərginlik bitəcək.

Fizzə