Goranboyda iş adamının həbsi ilə bağlı yeni məlumat

“Qardaşım başçının mənimsədiyi pullara görə tutulub”

Müqayis Verdiyevin yaxınları işin obyektiv araşdırılmasını tələb edir

İş adamı Müqayis Verdiyevin həbs olunması ilə bağlı məlumat vermişdik. Qeyd etmişdik ki, sahibkarı “iğtişaş yaratmaqda” ittiham edərək tutublar. Ötən gün məlum oldu ki, Müqayis Verdiyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Sahibkarın qardaşı Ilqar Verdiyev “Azadlıq”a açıqlamasında bildirib ki, rayonda aparılan təmir-tikinti, abadlıq işlərinə görə sərf etdiyi 256 min manat vəsaiti almaması ucbatından onu həsb ediblər: “Dəfələrlə qardaşım Goranboyun icra başçısı Nizaməddin Quliyevin qəbulunda olsa da, fəhlələrə çatacaq əmək haqları barədə müraciəti nəticəsiz qalıb. Sonda rayonun abadlıq işlərində bir il çalışan fəhlələr məcburiyyət qarşısında aksiya keçirməli olurlar. Vəziyyətdən çıxış yolu kimi onlar qardaşıma qarşı ”iğtişaş törətmək” ittihamı irəli sürüblər və martın 7-də anamın dəfn mərasimində həbs ediblər”.
Sahibkarın yaxınları deyir ki, Müqayis Verdiyev banklardan kredit götürərək rayonun abadlıq işlərinə sərf edib: “Icra başçısı rayona ayrılan pulları mənimsəyib, bunu ört-basdır etmək üçün Müqayis Verdiyevi içəri atıblar”.
Sahibkarın yaxınları və ailə üzvləri ölkə başçısına müraciət edərək rayondakı təmir-tikinti işlərinin hansı vəsait hesabına aprılmasının təftiş edilməsini, eləcə də Müqayis Verdiyevin anasının yasında iştirak etməsini aidiyyəti qurumlara göstəriş verməsini tələb edirlər.
Rayon icra hakimiyyətindən APA-ya verilən məlumata görə, aksiyaya səbəb sahibkar Müqayis Verdiyevdir.
“Biz icra hakimiyyəti olaraq sahibkar Müqayis Verdiyevin pulunu ödəmişik. Lakin o fəhlələrin pulunu vermədiyi üçün fəhlələr aksiya keçirirlər”.
Tia.az saytının yaydığı məlumata görə, fəhlələrin sahibkardan heç bir şikayəti yoxdur. 14 fəhlənin imzasıyla yayılan məktubda qeyd edilir ki, onların Müqayis Verdiyevdən heç bir şikayəti yoxdur: “Bizi ora başçının müavini Baxış Abdullayev topladı və hamımıza zəng vurub Icra Hakimiyyətinin qarşısına toplaşmağa göstəriş verdi”.

Ramin DEKO