«Baş verənlər Azərbaycanda tənqidi səsləri susdurmaq məqsədilə bütövlükdə rejimin gedişi hesab olunmalıdır»
Xəbər verdiyimiz kimi, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Bu məqsədlə hər iki nazir Yasamal Rayon Məhkəməsində baş redaktora qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Maraqlıdır, media kapitanları bu son olayla bağlı nə düşünür?
“Qənimət Zahidi həbs eləmək istəyirlər”
“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, bu yolla Qənimət Zahidi susdurmaq istəyirlər. Təqsir və böhtana görə cinayət məsuliyyətinin ləğvi, həmçinin Diffamasiya haqqında qanunun qəbulu ilə bağlı hökumətin illərdir vəd verdiyini, lakin əməl etmədiyini yada salan Elçin Şıxlının fikrincə, hökumət Qənimət Zahidin həbsini planlaşdırır: “Düşünürəm ki, Qənimət Zahid təcili şəkildə siyasi mühacir statusu almalıdır. Yoxsa, onu ekstradisiya edib, yenidən tutacaqlar. Siyasi mühacir olmadığı üçün hansı ölkədədirsə, ora müraciət edəcəklər və ekstradisiya olunmasını tələb edəcəklər. Görünür, istəyirlər ki, Qənimət daha yazmasın, onun nə qəzeti çıxsın, nə proqramı (”Azərbaycan saatı” – red.) yayımlansın. Ümumiyyətlə, onun səsi çıxmasın”.
“Hakimiyyətdə ”Azadlıq”a qarşı münasibət çox ciddidir”
“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, mətbuata qarşı cərimələrlə başlanan hücumların getdikcə daha da güclənəcəyi hələ bir müddət əvvəldən görünürdü və bu barədə “Azadlıq”ın rəhbərliyilə də söhbətləri olub: “Mən ”Azadlıq”ın rəhbərliyinə demişdim ki, bu cərimələrlə bağlı məhkəmə prosesləri hələ xırda məsələlərdir və daha ciddi problemlər olacaq. Çünki məndə belə bir məlumat da, təəssürat da var idi. Hakimiyyətdə “Azadlıq” qəzetinə qarşı münasibət çox ciddidir. Nəzərə alsaq ki, seçki öncəsi dövrdür və “Azadlıq” da prezidentlə bağlı kəskin yazılar verən yeganə qəzetdir, deməli, baş verənlər repressiyaların bir həlqəsidir”.
“Azadlıq”a qarşı hücum kampaniyasının tezliklə bitəcəyini düşünməyən və bundan təəssüfləndiyini deyən Arif Əliyev onu da qeyd edib ki, nazirlərin jurnalistə qarşı cinayət işi qaldırılması tələbinə heç cür haqq qazandırmaq mümkün deyil: “Hansısa vətəndaşın, eləcə də nazirlərin hər hansı məsələnin dəqiqləşdirilməsi haqqına qarşı çıxmıram. Amma dövlətin bu səviyyəli məmurlarının jurnalistə qarşı cinayət işi qaldırılması tələbinə də heç cür haqq qazandıra bilmərəm. Ümumiyyətlə, o maddələrin qanunvericiliyimizdə qalması çoxdan problemlər yaradıb. Sözə görə insanın həbsinin tələb olunması heç cür qəbul oluna bilməz”.
“Bu məsələdə Qənimət Zahidin yanında olacağıq”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə adıçəkilən nazirlərin Qənimət Zahidə qarşı addımıyla bağlı xəbəri təəccüblə qarşıladığını deyir. Onun sözlərinə görə, son illərdə jurnalistlərin dövlət məmurları tərəfindən ittiham qaydasında məhkəməyə verilməsi faktı müşahidə olunmur. Dövlət rəsmiləri də dəfələrlə bildiriblər ki, Cinayət Məcəlləsindən 147 və 148-ci maddələrin yığışdırılmasına hökumət də hazırdır: “Bununla bağlı sanki gözləmə mövqeyi yaranmışdı. Bu baxımdan olduqca ciddi narahatlıq yaranır. Qənimət Zahidə qarşı iki güc nazirinin bu maddələrlə məhkəməyə müraciət etməsi, xüsusi ittiham qaydasında jurnalistlərin məhkəməyə verilməsi ənənəsinin yenidən bərpa olunması istiqamətinə yönəlmək kimi başa düşülməlidir”.
Rauf Arifoğlu yada salır ki, Qənimət Zahid bu hakimiyyətin onu şərləməsi ucbatından bir dəfə uzunmüddətli həbsxana həyatı yaşayıb. Onun yenidən həbs olunmaq təhlükəsi həmkarlarını narahat edir: “Bu məsələdə Qənimət Zahidin yanında olacağıq. Həmin nazirləri öz iddialarından imtina etməyə çağırırıq. Düşünürəm ki, əks halda, bu, Azərbaycan üçün ciddi problemlər yaradacaq”.
“Hücumlar ”Azərbaycan saatı” proqramına görədir”
“Turan” Informasiya Agentliyinin baş direktoru Mehman Əliyev hesab edir ki, Qənimət Zahidə qarşı bu hücum daha çox “Azərbaycan saatı” proqramı ilə bağlıdır: “Hesab edirəm ki, bu ittihamlar Qənimət Zahidin son dövlərdəki fəaliyyətindən irəli gəlir. Əsasən də Türkiyənin ”Media TV” kanalı vasitəsilə yayımlanın “Azərbaycan saatı” proqramına görədir. Hakimiyyəti tənqid edənlərə bu yolla təzyiq göstərmək istəyirlər. Baş verənlər Azərbaycanda tənqidi səsləri susdurmaq məqsədilə bütövlükdə rejimin gedişi hesab olunmalıdır”.
Bəyim Həsənli


