“Azadlıq”da çıxmış “Üzləşdiyimiz qanunsuzluqlar…” yazısının sonluğu başlanğıcdır – bu gün ölkədə baş verənlərin başlanğıcı. Sonluq bu: “Ermənilərlə Naxçıvandakı ATƏŞKƏS rejimi sonradan Qarabağın 6 qıraq rayonla birgə verilməsi, minlərlə Azərbaycan oğlunun şəhid edilməsi bahasına Bakıya – bütün ölkəyə keçirildi”. Azərbaycan xalqıyla savaş, ermənilərlə ATƏŞKƏS dönəmi başladı. ATƏŞKƏSDƏN bu yana 4 minə yaxın əsgər itirmişik. Ermənilər elə hey atırlar. ANS-in cəbhə bölgəsindən informasiyaları indi adamlarda ancaq acı gülüş doğurur: “Düşmən cavab atəşilə susdurulmuşdur”. I.Əliyevsə elə hey bizim ordu büdcəmizin “Ermənistanın” dövlət büdcəsindən qat-qat artıq olduğu ilə öyünür. Ermənilər torpaqlarımızı işğalda, özümüzü ATƏŞ altında saxlayırkən I.Əliyev bizim ordumuzun regionda ən güclü ordu olduğundan dəm vurur. Istər-istəməz yada bir el deyimi düşür: “Içinə qan qusacağım qızıl teşti neynirəm?!”.
2003-2012-ci illərdə çoxu döyüşdən qıraq 647 əsgər itirmişik. Son bir ildə əsgər itkisi 97, son iki ayda 17! Bu görsənişi belə dəyərləndirmək olar: ordu içində qırğın. Daha doğrusu, dövlətin öz-özüylə döyüşü! Sağlamlıq sistemində qırğın, təhsil sistemində qırğın, ordu-güvənlik sistemində qırğın! Niyə belədir? Bunların hamısı bir yerdə açıq soyqırım faktlarıdır. Sağlamlıq sistemi, antisağlamlıq sisteminə, təhsil sistemi antitəhsil sisteminə, ordu-güvənlik sistemi özünüqırma-güvənsizlik sisteminə çevrilirsə istər-istəməz ortaya SOYQIRIM faktı çıxır – ermənilərin törətdiyi Xocalı SOYQIRIMINDAN geri qalmayan, bəlkə, ondan da ötə gedən SOYQIRIM! 1870-1871-ci illərdə Fransa ilə savaşda Almaniya Fransanı darmadağın etmişdi. O savaşı udmuş “dəmir kansler” Bismark onda demişdi: “Bu savaşı alman müəllimi uddu”. Bismarkın iki sözlə anlatdığı “alman müəllimi” rüşvətdən uzaq sağlam, uğurlu təhsil sistemi, bu təhsil sisteminin yetirdiyi ideyaca güclü, yurdsevər gənclik deməkdir. Ideyaca çürük siyasi sistemlə YURDSEVƏR deyil, PULSEVƏR yurddaşlar yetirmək olar. Biz bu gün belə bir yetənək yiyəsiyik. Rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya DÖVLƏT SIYASƏTINƏ çevrilən yerdə yetənək yalnız belə olar, başqa cür olmaz, olamaz!
DIN, MTN, Prokurorluq, məhkəmə kimi qanunu qoruma orqanlarına dövlət büdcəsindən milyonlar ayrılır. Bu qurumlar rüşvət-korrupsiya içində funksionallığını itirdiyindən dövlət büdcəsindən yeni ayırmalarla Antikorrupsiya qurumu yaradılır. Onun da funksionallığı uzaqbaşı hansısa bələdiyə başçısını, məktəb direktorunu tutmaqla qapanıb qalır. Nə baş verir? Hamıya bəlli başlıca korrupsiya subyektləri toxunulmaz qalır! Hərbi komisasrlıqlarda “reforma” aparılır, ad dəyişməklə Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (I.Əliyev dönəminin qurum-görəv adları rejimin özü kimi qondarma, gülünc adlardır) yaradılır. Nə baş verir? Rüşvət stavkaları qaldırılır! Bir ara effekti effektsizlik olan Ictimai yayın şurası yaradılmışdı, indi “prezident yanında Ictimai şura” yaradılır. Nə baş verəcək? H.Əliyevdən qalma klan-korrupsiya sistemi içində DƏYIŞƏN kadr konfiqurasiyası!
Yaranış əyriliyi içində düzgünlük görüntüsü yaradılır. Xarakterlə uzlaşmayan görüntü qondarma olduğundan, tezliklə ortaya saxta sonuclar çıxır. Çoxillik saxta seçkilərin doğurduğu saxta sonuclar kimi! Saxta seçkilər saxta parlament doğurur. Saxta parlament prezident-diktatorun saxta qanunverici orqanı olaraq sonadək funksionallıq qazana bilmir. Funksionallıqdan uzaq parlament dövlət yönətim sistemini aşındırma faktoruna çevrilir. Bu isə prezidentin hamıyla, hamının prezidentlə savaşına gətirib çıxarır. Belə bir savaş içində prezident-ali baş komandan “Əsgər ölümünə YOX!” deyənlərə ANTIMILLI ÜNSÜR damğası vurur. “Əsgər ölümünə HƏ!” deyilsə necə olar?..

Çürük siyasi sistem: hamı prezidentə, prezident hamıya qarşı
•