Qeyri-konstruktiv şəhid ataları

Son vaxtlar xüsusilə çox işlənilən bir söz var: “Bəzi qeyri-konstruktiv qüvvələr… – filan hadisədən yararlanmağa çalışırlar…” və s. və i.a. Məsələn, filan əsgər şəhid olub, ölüb, ya öldürülüb, nə olsun, hər şey qaydasındadı, ancaq qeyri-konstruktiv qüvvələr hadisədən öz xeyirlərinə yararlanmağa çalışır.
Qardaş, lap hesab eləyək ki, qeyri-konstruktiv qüvvə deyilən əcinnələr var, fikir-zikrləri də ancaq aranı qarışdırmaqdı. Özü də düzələn deyillər. Nə qədər hadisə baş versə, hamısından istifadə eləməyə çalışacaqlar. Xalqın başını aldatmağın, fikrini yayındırmağın çox gözəl, psixoloji yolunu tapıblar. Əsgər ölümünə (və ya başqa hadisələrə, məsələn, bölgələrdə baş qaldıran iğtişaşlara) görə cavab vermək əvəzinə, ancaq ondan yapışırlar ki, əsgərin ölümündə təəccüblü bir şey yoxdu, sadəcə, aranı qarışdırmaq, kiçik bir hadisədən yararlanmaq istəyən qeyri-konstruktiv qüvvələr var. Sanki əsas məsələ əsgər ölümü deyil, faciədən yararlanmaq istəyidi. Onlar dövlətçiliyimizin əsaslarını sarsıtmaq, qrantlar almaq, hakimiyyətə gəlmək istəyirlər. Bir daha deyirəm, yazıqlar olsun ki, camaat da belə psixoloji tələyə tez düşür, fikri ard-arda baş verən faciələrdən, onların yaranma səbəblərindən yayınır, başlayır qeyri-konstruktivlər haqda düşünməyə. Halbuki xalq da o “qeyri-konstruktivlərə” qoşulub hakimiyyətin iki ayağını bir başmağa dirəməli, ondan baş verən faciələrə görə hesabat tələb etməli və bu qədər intiharların, hərbi qətllərin, xalq etirazlarının yaranmasına şərait yaradan rejimi ya düzəlməyə məcbur etməli, ya da o rejimi süpürüb atmalıdırlar.
Kəsəsi, əsas məsələni (yenə də deyək ki, qeyri-döyüş şəraitində əsgərlərin ard-arda tələf olmasını) arxa plana keçirir, o faciələrə görə etiraz səsini qaldıranlara qarşı murdar təbliğat aparmağa başlayır. Yəni o hakimiyyətdə barı vicdan deyilən şeyin bir zərrəsi olsaydı, anlardılar ki, yaxşı, onlar qeyri-konstruktiv qüvvədirlər. Məqsədləri də hər qara xəbərdən yararlanmaqdı. Yaxşı, bəs sən niyə orduna sahib çıxa bilmirsən? Korrupsiya, rüşvət ordunu çürüdüb məhv edir, milli ordu qeyri-milli “oğru dünyası”na çevrilir. Gənc əsgərlər vəhşicəsinə qətl edilir, ancaq buna bir əncam qılan tapılmır ki, tapılmır. Hansısa komandiri dəyişməklə (ya icra başçısını) nə dəyişəcək axı. Sən çalış, əsgərini öldürmə, rayonları bərbad günə salıb, insanları alçaldıb şirin canından bezdirmə ki, alovlar qalxa, “qeyri-konstruktivlər” də bundan yararlanmağa çalışmayalar.
Martın 2-də müəmmalı şəkildə dünyasını dəyişən Yardımlı rayon sakini, Cəmşid Naxçıvanski adına Hərbi məktəbin 3-cü kurs müdavimi Raqil Əmikişiyevin ailəsi israrla bildirir ki, övladları çox sağlam olub: “Əgər Raqil xəstə idisə, niyə onu liseyə qəbul edirdilər? Bu məktəb komandir yetişdirir, yetişdirdiyi komandirin vəziyyətindən də xəbərdar olmalıdır. Mən qardaşımı generala təhvil vermişəm. O zaman general çıxış edib dedi ki, bunlar artıq bizim övladımızdır. Yoldaş general, indi mən susuram, axı Raqil sizin övladınızdır, siz danışın, niyə bu hadisə baş verdi?” – mərhumun qardaşı Rabilin dediyi bu sözlər insanın tüklərini ürpərdir.
Əzizim, Rabil! Sən nədən danışırsan? Dediyin sözləri qulağın duyurmu? Nə general, nə ata, nə övlad? Bu cür sözlər, yüzlərlə əsgərin heç nədən ölümü o generalların, onların ali baş komandanının tüklərini heç tərpətmir də. Onlar sizin kimi min əziyyətlə övlad böyüdənlərin dərdini hardan anlayacaqlar? Öz övladları dünyanın bir soyuq küləyini belə görməyiblər, ağrıları-acıları yox, günləri ən möhtəşəm tədbirlərdə, gəzintilərdə keçir. Onlardan sizin övladınıza ata çıxarmı? Yaxşısı siz elə özünüz öz övladınızın başında olun, generalları unudun və heç olmasa bundan sonrakı övladların müəmmalı ölümlərinin qarşısının alın. Ancaq onu da unutmayın ki, övladlarınız üçün savaşmağa başladığınız gündən sizin də adınız “qeyri-konstruktiv qüvvələr” olacaq, şəhid valideyni yox… Odur ki, başınızın çarəsinə baxın. Hələ başınızı itirməmisinizsə…