FIFA “Şəfa”da ot örtüyünün dəyişdirilməsini tələb edir

U-17 qızlar arasında gələn il dünya çempionatının Bakıda təşkil olunmasına dair dünən mətbuat konfransı keçirilib. Tədbirdə FIFA-nın Yarışların Keçirilməsi Departamentinin rəhbəri Oliver Voqt, FIFA-nın media üzrə mütəxəssisi Monika Huser və yerli təşkilat komitəsinin rəhbəri, AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Elxan Məmmədov bildirib ki, dünya çempionatının keçirilməsi ilə bağlı FIFA-nın bir sıra tələbləri var ki, Azərbaycan da artıq o tələblərin çox hissəsinə hazırdır: “FIFA-nın tələblərinə görə, dünya çempionatının keçirilməsi üçün 4 oyun stadionu və 17 məşq yeri olmalıdır. Azərbaycanda artıq Mərdəkanda ”Dalğa” stadionuna və AZAL klubunun stadiona FIFA “2 ulduz” verib. Bayıl qəsəbəsində və 8-ci km-də inşa olunan stadionlar da hazırdır. Azərbaycanda həmçinin artıq 10 məşq yeri də mövcuddur”.

Daha sonra çıxış edən O.Voqt qeyd edib ki, FIFA nümayəndələri artıq Azərbaycanda olan stadionları yoxlayıblar. O, iki stadiona “2 ulduz” verildiyini bildirsə də, “Şəfa” stadionunun süni ot örtüyünün təbii ilə əvəzlənməli olduğunu, daha sonra isə FIFA-nın stadiona müsbət rəy verəcəyini bildirib: “Süni örtüklü meydançada dünya çempionatının oyunları keçirilə bilməz. ”Şəfa” stadionunun ot örtüyü 2012-ci ildədək dəyişdirilməlidir. Biz AFFA ilə stadionların inkişafı istiqamətində hər zaman işləməyə hazırıq”.

O.Voqt çempionatın tolesmanının 2-3 həftə ərzində açıqlanacağını deyib. O, dünya çempionatının oyunlarının televiziyalar vasitəsilə yayımlanması və yerli azarkeşlərin oyunlara cəlb olunmasının vacibliyindən də danışıb.