Baş redaktor Elşad Abdullayevi və onunla bağlı xəbər yayanları aşağıladı, ağır cavab aldı
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov ABU-nun keçmiş rektoru Elşad Abdullayevə cavab yazıb. B.Sadıqovun yazısı “Azərbaycan” qəzetinin 5 mart sayında dərc olunub. Xatırladaq ki, bir neçə gün əvvəl E.Abdullayevdə B.Sadıqovla bağlı da videogörüntünün olması barədə məlumat yayılmışdı. Bu məlumatdan sonra sabiq rektor onda baş redaktorla bağlı hər hansı videonun olmadığını bildirmişdi.
Lakin B.Sadıqovla bağlı bir maraqlı məqamı diqqətə çatdırmışdı. E.Abdullayev bildirmişdi ki, Ilham Əliyevlə bağlı hazırladığı kitab barədə “Azərbaycan” qəzetində tənqidi materiallar dərc olunanda, B.Sadıqov ona deyib ki, bütün bunların arxasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dayanır. Baş redaktor isə E.Abdullayevə cavab hazırladığını bildirmişdi.
B.Sadıqov cavab yazısında kitab məsələsinə aydınlıq gətirməyib. Bununla bağlı bir cümlə belə yazmayıb, əvəzində E.Abdullayevi və videolarında adı hallanan, onun söhbət etdiyi şəxsləri dələduz adlandırıb: “Qardaşı müəmmalı şəkildə yoxa çıxdıqdan sonra özü kimi dələduzlara rast gələn Elşad Abdullayev (su çuxurun tapar) artıq antiazərbaycançı şəbəkənin əlində alətə çevrilərək Azərbaycana qarşı vuruşur!”
***
Elşad Abdullayevin sözçüsü Elnur Məcidli B.Sadıqovla bağlı videomaterialın olub-olmaması məsələsinə münasibət bildirib. Məcidli özünün Facebook səhifəsində yazıb:
“Hazırda Bəxtiyar Sadıqovun videosunun olub olmaması, müzakirə məsələsi olmalı deyil.
Elşad Abdullayevin birinci məqsədi qardaşı, MTN mayoru Mahir Abdullayevin oğurlanması cinayətinin açılması və cinayəti törədənlərinin cəzalandırılmasıdır.
Bəxtiyar Sadıqovun belə deyək, hansı məzhəbə qulluq etdiyi hamıya bəllidir, adını jurnalist qoyub jurnalistlərə qarşı normal etik davranışı göstərməyən, dediyi sözlərin məsuliyyətinin fərqində olmayacaq qədər qeyri-peşəkar və nəhayət qanunsuz seçki şəraitində deputat mandatı əldə edən birindən nəsə gözləməyə dəyməz.
Bu şəxs, özündən yuxarıdakıların tapışırıqlarını yerinə yetirməklə məşğul olan qulluqçudan başqa bir şey deyil.
Saxta deputat mandatını qəbul etmək, özü bir cinayətdir, çox təəssüf ki, Bəxtiyar Sadıqov da bu cinayətin içindədir”.
Bəxtiyar Sadıqov yazdığı cavabda media orqanlarının da hədəf alıb və bu zaman “Moderator” və “Qafqazinfo” saytlarının adlarını çəkib. Baş redaktor adları çəkilən saytları və ad çəkmədən müxalifyönlü qəzetləri Elşad Abdullayev də onunla bağlı videonun olduğuna dair xəbər yaymaqda ittiham edib.
“Moderator” və “Qafqazinfo” saytlarının da baş redaktora cavabı gecikməyib.
***
“Qafqazinfo”nun saytının rəhbəri Elbrus Ərud məsələ ilə bağlı cavab yazısı ilə çıxış edib. “Bu gün ”Azərbaycan”ın baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov rəhbərlik etdiyi dövlət qəzetində bir yazı qaralayıb. Yazının qısa xülasəsi belədir ki, Bəxtiyar Sadıqov onun barəsində Elşad Abdullayevdə ifşaedici videonun olması ilə bağlı xəbər yayan saytların və qəzetlərin ünvanına təhqirlər səsləndirib. Onların “reket” media olduğunu bildirib, həmin redaksiyalarda çalışanları isə bu video yayılmasa “başıləçəkli” adlandıracağını deyib…
Mən öz növbəmdə Bəxtiyar Sadıqovun təhqirlərini cavabsız buraxmaq istəmirəm. Məsələ belədir ki, indiki zamanda söyüş söymək, başqasını təhqir etmək o qədər rahatdır, təsəvvür edin ki, dövlət qəzeti olan “Azərbaycan”da bunu etmək mümkündürsə, indi gör “Qafqazinfo” kimi müstəqil xəbər portalında bu təqhirin neçə mislini qaytarmaq olar?”, – deyə yazıda bildirilir.
E.Ərud qeyd edir ki, indi təhqirlə fərqlənmək, “onu-bunu qapmaqla maraqlı görünmək” ancaq siyasi şou effekti yarada bilər. “Bəxtiyar Sadıqov tutduğu postda, daşıdığı deputat adına yaraşmayan şəkildə küçə ifadələri ilə, öz səviyyəsinə uyğun danışıb”, – deyə sayt rəhbəri əlavə edib.
E.Ərud daha sonra E.Abdullayevlə bağlı bütün məlumat və videoları yaydıqlarını xatırladır, B.Sadıqovun adı çəkilən məlumatın da bu qəbildən olduğunu vurğulayır və deputat həmkarına sual verir ki, bunun ona qarşı sifarişlər yerinə yetirməyə, hansısa məmurların göstərişi ilə oturub durmağa nə dəxli var?
“Məsələ bu qədər bəsit və sadəykən, heç ayıb deyilmi ki, özünü çoban kimi aparıb ağzına gələni yazasan? Adambaşına əzbər tanınan bu ölkədə kiməsə ad qoymaq, kimisə nədəsə suçlamaq elə bilirsiz o qədər asandır? Bu ölkə o qədər balacadır ki, burada başını kola soxub, dalını çöldə saxlayıb bildiyini eləmək gülüş doğura bilər. Bu məmləkətdə kimin kim olduğunu hamı gözəl bilir. Mənim də, sizin də… Kimin rəhbərlik etdiyi mətbuat orqanında ”reket” tipli, pulla, palaz-palaz yazılar dərc etdiyi də göz qabağındadır. Bu yazıların qiyməti də hər kəsə bəllidir.
Yazırsız ki, bu saytlar hansısa məmurların sifarişini yerinə yetirir. Elşad Abdullayevin videosunda onunla iş quranlar, ortaqları olan dələduzlardır. Siz heç bilirsizmi nə danışırsız? Təkcə bu abzasa görə sizin başınıza bir oyun açarlar ki… Mən sizi şantaj eləmək istəmirəm. Ancaq yazınıza diqqət edin, lütfən. Yoxsa yeriniz ya Gülərin, ya da Elşad Abdullayevin yanı olar. Yeri gəlmişkən, bu anonslar yayılanda elə Gülər də sizin kimi hamını təhqir edirdi, yalandır deyirdi…
Sizin dediyinizdən belə çıxır ki, Azərbaycanda məmurlar bütün günü bir-birlərini qırmaqla, öz komandalarını parçalamaqla məşğuldurlar? Deyirsiz ki, Elşad Abdullayevin videosunda adları çəkilənlər dələduzlardır? Axı siz də bu komandada təmsil olunursuz? Və öz təmsil olunduğunuz komandanın ən yüksək rütbəli məmurundan tutumuş ən kiçiyinə kimi kimin adı keçibsə, hələlik bu adamların əksəriyyəti öz yerlərində oturub. Haqqında dələduz dediyiniz adamlar, Elşad Abdullayevin iş qurduğu şəxslər sizə divan tutar axı… Ən əsası hər gün Prezidentin stolunun üstünə gedən bir qəzetdə küçə ifadələri yazmağın adı nədir? Sayğısızlıq, harınlıq, ya heyvərəlik?”, – deyə E.Ərud iri həcmli cavab yazısında qeyd edir.
***
“Millət vəkili və jurnalist həmkarımız Bəxtiyar Sadıqov bilir ki, onunla Elşad Abdullayevin görüşünü əks etdirən hər hansı bir video yayılacaqsa, onu ilk növbədə Elşad Abdullayev özü yaymalıdır. Əgər Elşad Abdullayev həmin videonu yayacaqsa, biz də böyük məmnuniyyətlə o videonu saytımızda yerləşdirəcəyik. Bu xəbəri yayarkən, Elşad Abdullayevin həmin videonu yayıb-yaymayacağının da bəlli olmadığını vurğulamışıq”. Bu isə “Moderator”un verdiyi cavabdandır. Sayt deputatın qeyri-etik ifadələrə söykənən yazısından təəssüfünü bildirməklə yanaşı onu da xatırladır ki, məlum xəbərdə onun münasibətinə də yer ayırıb: “Bəxtiyar Sadıqov sayta açıqlamasında belə bir videonun olub-olmaması barədə təkzib verməyib. Əksinə, o, bildirib ki, belə bir video yayılacaqsa, o zaman suallara aydınlıq gətirəcək”.