Gürcüstan prezidentinin bəyanatına Bakıdan iki fərqli baxışın sirri
İlham Əliyev bütün səlahiyyətləri əlindən alınan Mehdiyevi hələ də məğlub edə bilmir
Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Rusiya Azərbaycanda hakimiyyəti devirmək istəyir” bəyanatına iqtidardan iki paradoksal yanaşmanın şahidi olduq. Deputatlar və rəsmi şəxslərin daxil olduğu bir qrup dərhal Saakavşilini ittiham etdi. Onlar bu bəyanatda Azərbaycanla Rusiyanın məqsədli şəkildə qarşı-qarşıya qoyulduğunu, Tbilisi-Moskva qarşıdurmasının əsassız olaraq Azərbaycana da aid edildiyini bildirdilər.
Digər yanaşmada isə M.Saakaşvilinin haqlı olduğu, Rusiyanın Azərbaycanın müstəqil xarici siyasətinə qarşı çıxdığı, ölkəmizi Avrasiya Ittifaqına, Gömrük Ittifaqına qoşmaq üçün təzyiqlər göstərdiyi, TANAP enerji layihəsini reallaşdırmaq niyyətindən daşındırmağa çalışdığı qeyd olunur.
Fərqli yanaşma nədən doğur?
Əlbəttə, hər iki yanaşmanı irəli sürənlər Saakaşvilinin bu bəyanatı Tbilisiyə qayıtdıqdan dərhal sonra səsləndirməsinin səbəbini bilirlər. Paradoksu onların təmsil olunduqları hakimiyyətdaxili qrupların Rusiyaya münasibətində axtarmaq lazımdır.
Putinin ikinci qayıdışından sonra Moskva-Bakı münasibətləri getdikcə pisləşib. Rusiya, balans siyasəti aparan Azərbaycan hakimiyyətindən birmənalı seçim tələb edən ilk tərəf oldu.
Post-sovet məkanında mövqelərini möhkəmləndirmək, ölkələri Moskvaya bağlamaq üçün ortaya konkret layihələr qoyulub.
Azərbaycan hakimiyyəti üçün Putinin tələblərini yerinə yetirmək mümkün deyil. Təkcə bir məsələni qeyd etməklə bunun səbəbinə aydınlıq gətirək: Gömrük Ittifaqına qoşulmaqla rejimin Azərbaycanda yaratdığı iqtisadi monopoliya dağılar, bu da hakim oliqarxiyanı milyardlarla gəlirdən məhrum etməklə yanaşı, ölkədə rejimdən asılı olmayan yeni sahibkarlıq subyektlərinin, iri maliyyə imkanları olan iş adamlarının meydana çıxmasına rəvac verə bilər.
Ilham Əliyev əvvəlcə Kremli güzəştlərə vadar etmək xətti seçdi. Qəbələ RLS-lə bağlı Moskva qarşısında qəbulolunmaz şərtlər irəli sürdü. Arxasınca hakimiyyətdə Rusiya ilə strateji münasibətlərin tərəfdarı olanları sıxışdırmağa start verdi. Amma Əliyevin gözləntiləri özünü doğrultmadı, Rusiya Qəbələ RLS-dən imtina etdi. Şimal qonşumuz dərhal Rusiyadakı azərbaycanlılar faktorundan təzyiq vasitəsi kimi istifadə etməyə başladı. Miqrasiya qanunları sərtləşdirildi, Moskvadakı iri bazarlar bir-birinin ardınca ləğv olundu, ölkədə çalışmaq icazəsi almaq xeyli çətinləşdi. Əksər ekspertlər Milyarderlər Ittifaqının təsis olunmasını da Kremlin Əliyev iqtidarına təzyiq vektorlarından biri hesab edirlər. Rəsmi Bakının Ittifaqa qarşı genişmiqyaslı hücum kampaniyası aparması da bu versiyaları gücləndirir.
Ramiz Mehdiyevin itirdiyi hakimiyyət…
Əliyevin diqqət çəkən tədbirlərindən biri də hakimiyyətdəki şərti olaraq “ruspərəstlər” adlandırılan qrupu əzməsidir. Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin səlahiyyətlərinin məhdudlaşdırılması, ona və onunla bir komandada təmsil olunan rəsmilərə qarşı ortaya çıxan kompromatların “sükutla” qarşılanması təsadüf sayıla bilməz. Son üç ildə R.Mehdiyev hakimiyyətin idarə olunmasında əsas funksiyalarını Əliyevin ailəsinə, yaxud başqa oliqarxlara devr etməli olub. Məsələn, parlamentin formalaşdırılması əvvəlki qaydada PA-da hazırlanan vahid siyahı ilə yox, bir neçə oliqarxın Əliyevə təqdim etdiyi siyahı əsasında formalaşır (Elşad Abdullayevin Gülər Əhmədova ilə mandat bazarlığı 2005-ci ildə keçirilmiş parlament seçkiləri ərəfəsində baş verib, söhbətdən o zaman R.Mehdiyevin əsas söz sahibi olduğu aydın görünür).
Yerli icra hakimiyyətləri əvvəlki kimi, PA-dan deyil, qubernatorlar vasitəsilə idarə olunur. Rayonlar bir neçə oliqarx arasında bölüşdürülüb, hər icra başçısı öz qubernatoru və prezident qarşısında hesabatlıdır. R.Mehdiyev buradakı ənənəvi səlahiyyətlərindən məhrum edilib.
Kadrların təyinatı məsələsində də R.Mehdiyevin rəyi nəzərə alınmır. Yerli icra başçıları qubernatorların, daha yuxarı ranqlı vəzifələrə isə hakim ailənin öz seçimi əsasında təyinatlar həyata keçirilir.
Mərkəzi Seçki Komissiyası da tamamilə PA rəhbərinin nəzarətindən çıxarılıb. MSK Əliyevin özünə yaxın şəxsin – PA-nın şöbə müdiri Zeynal Nağdəliyevin kurasiyasına verilib, Əliyevin bütün əmrləri onun vasitəsilə seçki strukturlarına ötürülür.
QHT-lər və KIV-lər də artıq Ramiz Mehdiyevin idarəçiliyinə daxil deyil. QHT-lərə Dövlət Dəstəyi Şurası və hüqüq müdafiəçiləri ilə “iş” PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun kurasiyasındadır. Yeni təsis olunan ASAN Xidmətə də F.Ələsgərovun yaxın adamı – Inam Kərimov rəhbər təyin olunub. Hətta bəzi mənbələr R.Mehdiyevin məhz F.Ələsgərovla əvəzlənəcəyini deyir.
Mətbuata nəzarət xeyli sərtləşdirilib, oliqarxların nəzarətində olan media strukturlarının idarə olunması bir mərkəzə verilib. PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun hakimiyyətə bağlı bütün media strukturlarına tapşırıq vermək, irad tutmaq səlahiyyətləri var. Ə.Həsənov isə Ilham Əliyevdən bu “etimadı” Ramiz Mehdiyevdən imtina etməklə qazanıb.
Nəhayət, beynəlxalq təşkilatlarla, Bakıdakı diplomatik korpusla əlaqələr də PA rəhbərinin kurasiyasından çıxarılıb. Bu məsələlərə sorumlu dövlət rəsmisi Fuad Ələsgərovdur.
R.Mehdiyev artıq əvvəlki kimi Qərb ölkələrinin səfirlərini çağırıb danlamır. Azərbaycana gələn (Rusiya rəsmilərindən başqa) diplomatları, siyasətçiləri qəbul etməyə səlahiyyətli deyil.
Ilham Əliyev PA-dakı şöbə müdirlərini Ramiz Mehdiyevə müavin təyin etməklə, həm onun səlahiyyətlərinin əlindən alınmasını rəsmiləşdirdi, həm də onu tam nəzarətə götürməyə cəhd etdi.
Bu tədbirlər “boz kardinalı” məğlub etməyə kifayət etdimi? Bu sualın cavabı ritorikdir. Kifayət etsəydi, Əliyev R.Mehdiyevi ən azı, istefaya göndərmişdi. PA rəhbəri hələ də müqavimət potensialına malikdir. Onun nəzarətində hüquq-mühafizə orqanlarının bir hissəsi, məhdud sayda KIV (telekanallar bura aid deyil), deputatlar, partiyalar var.
Qısamüddətli revanş və əks reaksiya
Yanvarda keçirilən etiraz aksiyalarında, xüsusən, Ismayıllı, “Binə” olaylarında güc strukturlarının aşırı zor tətbiq etməsi, ehtiyac olmadığı halda, minlərlə əsgərin, çoxsaylı texniki vasitələrin etiraz bölgəsinə göndərilməsi təəccüb doğururdu. Buna nə ehtiyac vardı? Sualın cavabını aksiyalardan sonra cərəyan edən hadisələrdə axtarmaqla tapmaq olar.
Yeri gəlmişkən, Ilham Əliyev bu olaydan sonra Fövqəladə Hallar Nazirliyinə hüquq-mühafizə orqanı statusu verdi. Beləliklə, bu nazirliyin tabeliyində olan qüvvələrin kütləvi aksiyalara qarşı istifadə olunması qanuniləşdirildi.
Hakimiyyətdəki qruplardan biri (Mehdiyevə qarşı qrupa yaxın olanlar) Ismayıllı olayında dolayısı ilə Rusiyanı ittiham etməyə başladılar. Açıq mətnlə bildirilirdi ki, Rusiya Azərbaycandakı müxtəlif təsir mexanizmlərilə ölkədə gərginlik yaratmaqla, hakimiyyətə təzyiq göstərməyə çalışır. Bununla da həm Əliyevi Kremlin MDB-dəki layihələrinə qarşı inadından çəkindirməyi, həm də hakimiyyətdə sıxışdırılan “adamlarını” qorumağı hədəfləyib.
PA rəhbərinə yaxın ekspertlər, deputatlar və KIV-lər isə Rusiya təhlükəsini qabartmağa, rəqibləri 2005-2006-cı ildəki revanşın (Əli Insanovun, Fərhad Əliyevin həbsi, Ramil Usubov və R.Mehdiyevə qarşı yönələn Hacı Məmmədov kampaniyasının dayandırılması nəzərdə tutulur) təkrarlanmasıyla hədələməyə başladılar.
Gülər Əhmədova ilə bağlı videoların yayılmasından bir müddət sonra siyasi səhnədən demək olar ki, qeyb olan R.Mehdiyev də həmişəki yerində göründü. Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının iclasını keçirdi, Həmkarlar Ittifaqının qurultayına qatılıb I.Əliyevin namizədliyini irəli sürdü, dövlət başçısının olimpiya uğurlarından bəhs edən kitab nəşr etdirdi…
Mehdiyev özünü xilas etməyə çalışır
R.Mehdiyevin addımlarından belə nəticə çıxır ki, o bütün vasitələrlə özünü qorumağa çalışır. Hətta səlahiyyətsiz olsa belə, postunda qalmaqda israrlıdır. O, Əliyevə inanmır və ondan çəkinir, özünün məsələsinin Rusiya-Azərbaycan arasındakı gərginlik kontekstində çözüldüyünün fərqindədir. Yəni, onu Rusiyaya görə cəzalandırırlar, belə çətin məqamda Moskva köməyə yetişməyə bilər.
Çox keçmədi ki, R.Mehdiyevin əndişələrində haqlı olduğu təsdiqləndi. I.Əliyev məmurları hədələdiyi müşavirəyə onu çağırmadı, Gülər Əhmədova həbs edildi və akademikin prezidentə həsr etdiyi kitabın təqdimatına hakim partiyanın, hökumətin əksər üzvləri qatılmadı.
Əliyev Saakavşilini daha sanballı lider kimi qəbul edir
Hazırda hakimiyyətdə mövqe döyüşləri davam edir. “Vurulan” qrupun əlindəki kompromatlar və Rusiyanın getdikcə sərtləşən mövqeyi Əliyevin əl-qolunu bağlayıb. O, nə konkret addım atıb cəmiyyətə faş olan dövləti cinayətlərin məsuliyyətini üzərindən ata bilir, nə də əks mövqeyi qəbul etməyə hazırlaşır.
Mixail Saakaşvilinin məlum bəyanatı I.Əliyevi düşdüyü labirintdən çıxarmağa hesablana bilər. Dövlət başçısı Qərbin “adamı”nın dili ilə Qərbi Rusiya təhlükəsinə qarşı köməyə çağırır. Acınacaqlı vəziyyət odur ki, Əliyev özünə və komandasına beynəlxalq ictimaiyyətdə etimad olmadığını bilir və bu cür bəyanatların daha sanballı şəkildə səslənməsini istəyir. Görünür, Əliyev buna öz kanalları vasitəsilə əvvəllər cəhd etsə də, istədiyi reaksiyanı ala bilməyib. Bəs Saakaşvilinin çağırışından sonra Qərb Əliyevə köməyə gələcəkmi? Rusiyanın Azərbaycanı siyasi cəhətdən işğal etmək potensialı doğrudan da varmı?
Bu suallara növbəti yazıda aydınlıq gətirməyə cəhd edəcəyik.
Analitik şöbə