Kriminal korrupsiya – korrupsioner kriminal

Azərbaycan belə bir bataqlıqda bulunmaqdadır. Bum-bum, gum-gum, dum-dum – Azərbaycandan belə səslər eşidilməkdədir; bataqlıq səsləri. Bunlar batan, batmaqda olan minlərin, milyonların səsləridir. Hələ qarşıdan bir seçki də gəlir – bataqlıq seçkisi! 
Azərbaycan demokratik jurnalistikasının lideri Elmar Hüseynovun öldürülməyindən 8 il ötdü; hava hücumundan qorunma generalı Rail Rzayevin öldürülməyindən 4 il ötdü; akademik, tarix generalımız Ziya Bünyadovun öldürülməyindən… çox, lap çox ötüb, ölkə ekstrasenslərinin başçısı Etibar Erkinin öldürülməyindən çox-çox illər ötüb; eləcə də bir çox tanınmışların öldürülməyinin üstündən uzun illər ötüb – bunların hamısı açılmamış ölüm faktlarıdır. Bizim çoxumuz bilmir, anlamırıq: bunlar hamısı bir yerdə, eləcə də hər biri ayrı-ayrılıqda bizim ölkəmizin, sevgili Azərbaycanımızın öldürülməyi faktlarıdır. Kimlərsə illərdən bəri Azərbaycanın bir-birindən dəyərli, say-seçmə yetirmələrini snayper ustalığı ilə bir-bir aradan götürür. Kimlərsə? Bir belə ölüm faktının üstü açılmamış qalır. Niyə görə? Bunu kim istəyir? Bu ölümlər, bu professiyasından asılı olmayaraq, çeşidli GENERAL ölümləri kimə (kimlərə) gərəkdir? Baxın: burada adı çəkilən – çəkilməyən öldürülmüşlərin, Elmar Hüseynov başda olmaqla, hər biri öz işinin, öz professiyasının generalıdır. Bu elitar soyqırım, milləti yenməyə, dövləti çökürtməyə yönəlmiş soyqırım, kimin (kimlərin) işidir? Görünür, bunun bilinməsi, gerçəyin ortaya çıxması üçün siyasi sistem dəyişikliyindən başqa yol yoxdur.
MTN E.Hüseynovla bağlı 8 il qabaq başladığı soruşdurmanın hələ də bir sonuca varmadığını bildirir. Inanırıq, ancaq, bəlli olduğu kimi Türkiyədən gəlmiş soruşdurma qrupu 8 il qabaq cinayəti planlayanların da, onu törədənlərin də adlarını aydınlatmışdı… “Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-leytenant” Rail Rzayev. Mən bu dilimizə yad gurultulu söz yığınını yalnız ərəb dilində olduğuna görə dırnaqda yazmıram, bundan daha çox bu gurultulu söz yığını general Rail Rzayevin öldürülməsi, öldürülmə faktının 4 ildən bəri üstüörtülü qalması ilə bağlı bütünlüklə dəyərsizləşdiyindən, dırnaqda yazıram. Ekspertlərin bildirdiyinə görə, R.Rzayev öz işinin professionalı olub. Eləcə də o, ölkənin, dövlətin qorunması baxımından olduqca önəmli, strateji bir postun başında dururdu. Ən azı bu baxımdan dövlət başçısı generalın öldürülməsi ilə bağlı bütün faktlartın tezliklə ortaya çıxarılmasına çalışmalı idi. Ancaq nə baş verir? Bugünlərdə ortaya çıxan bir jurnalist araşdırmasından göründüyünə görə, generalın ən yaxın adamları belə 4 il qabaq baş vermiş kriminal olayla bağlı danışmağa qorxur. Demək, onları qorxudublar. Kimlər? Sözsüz, işdə əli olanlar!
Generalın öldürülməyi ilə bağlı araşdırma apardığını deyən hüquqçu Əyyub Kərimov bildirir: “Əsas məsələ bir yanda qalır, işə aidiyyəti olmayan insanların üstünə düşürlər, nə qazana bilsələr onu qənimət sayırlar”. Istər-istəməz yada Elşad Abdullayev, onun başına açılan oyunlar düşür. Ayrı-ayrı hakimiyət orqanları (adamları yox, orqanları!) qardaşı oğurlanmış bu adamdan pul qoparmaq üçün nələrə əl atmır, hansı oyunlardan çıxmırlar! Elşadın yeni videokompromatında başlıca fiqurantlar görün kimlərdir: dövlət başçısının ən yaxın çevrəsində olan adamlar. Oğurlanmış dövlət adamını – MTN mayorunu – qardaşı, doğmaları ilə alver obyektinə çevirmiş… dövlət adamları! Tofiq Fikrət belə yerdə deyir: “Dövlətsə də, qanunsa da artıq yetər olsun!..”.
Gurultulu 12 fevral yığıncağında I.Əliyev deyir: “Ölkədə baş verənlərlə bağlı mənə bütün məlumatlar çatır”. Elədirsə, onda çatmayan nədir? Görünür, çatmayan siyasi istənc – siyasi iradədir. Bu, Xalq üçün, Dövlət üçün olduqca qorxulu çatışmazlıqdır!