ABŞ-dakı səfirimiz Amerika-İsrail Komitəsinə müraciət etdi
Hakimiyyətin İsrail qarşısında hansı öhdəlikləri olub?
“İctimaiyyətlə Əlaqələr üzrə Amerika-İsrail Komitəsinin üzvlərinin yaşadıqları ştatları təmsil edən Konqres üzvlərinə müraciət etməyə və ermənipərəst lobbist qruplaşmaların təsirinə düşməməyə çağırıram”. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bu fikirləri Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda Ictimaiyyətlə Əlaqələr üzrə Amerika-Israil Komitəsinin (AIPAC) illik toplantısında çıxışı zamanı deyib.
“Azərbaycan öz tərəfindən Israillə münasibətlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Biz istərdik ki, AIPAC-ın ABŞ-da Israilin maraqlarını təmsil edən nümayəndələri və bizə yaxın olan siyasətçilər ermənipərəst və Azərbaycan əleyhinə mövqelərdə çıxış etməsinlər”.
Səfir fikirlərinə misal olaraq AIPAC üzvlərinin dəstəklədiyi konqresmen Bermanın Azərbaycana ABŞ istehsalı olan hərbi-dəniz avadanlığının verilməsinə qarşı səylərini göstərib. Qeyd edək ki, Azərbaycanın Ermənistanla dəniz sərhədləri olmasa da, konqresmen Berman iddia edir ki, bu Azərbaycan qeyd olunan avadanlıqdan Ermənistana qarşı istifadə oluna bilər. Səfir həmçinin senator Menendezin səyləri nəticəsində ABŞ-ın Azərbaycana il yarım səfir təyin edə bilməməsini misal çəkib.
Maraqlıdır ki, bir neçə gün Israilin nüfuzlu nəşrlərindən olan “Haaretz” qəzetində Əliyevlər rejiminin “oğru hakimiyyəti” adlandırıldığı “Antisemitizmin olmadığı ölkə” başlıqlı tənqidi məqalədə Azərbaycan hakimiyyətinin yəhudi lobbilərinə güvəndiyinə işarə edilib. Ilham Əliyevi diktator adlandıran qəzet onun öz xalqı ilə pis rəftar etdiyini vurğlayaraq yazır: “Diktator öz xalqı ilə pis, yahudilərlə yaxşı rəftar edə bilərmi? Bəlkə onun hərəkətləri Vaşinqtondakı ”yəhudi lobbisinin” himayəsinə olan ümidlə izah edilir?”.
Elin Süleymanovun Amerika-Israil Komitəsindən isə belə aydın olur ki, artıq yəhudi lobbisi də Azərbaycan hakimiyyətinə yiyə durmur. Hətta Əliyev hakimiyyəti Israil qarşısında hansısa öhdəlikləri yerinə yetirə bilər.