Obamadan Sarkisyana Qarabağ mesajı

Vəfa Quluzadə: «Amerikanın Cənubi Qafqazdakı siyasəti ədalətlidir və əvvəl-axır öz bəhrəsini verəcək»

ABŞ prezidenti Barak Obama Qarabağ münaqişəsinin nizamlanması barədə danışıb. Bununla o, münaqişənin həllinə dair mümkün mesaj verib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqiyə nail olmaq üçün dəstəyimizi davam etdirəcəyik. Uzunmüddətli sülh və təhlükəsizliyə gətirib çıxaracaq bu nizamlanma prosesi məzmunlu addımlar atılmasını tələb edir”, – deyə ABŞ prezidenti Barak Obama yenidən prezident seçilməsi münasibətilə Serj Sarkisyana göndərdiyi təbrik məktubunda yazır.
Obama onu da qeyd edib ki, ABŞ Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması istiqamətində işi davam etdirmək niyyətindədir.

Politoloq Vəfa Quluzadə sözügedən məsələdə Amerikanın mövqeyinin açıq-aydın olduğunu deyir. Politoloqun sözlərinə görə, Cənubi Qafqaz regionunda sülh, əmin-amanlıq və sabitliyin, iqtisadi əməkdaşlığın bərqərar olması Amerikanın milli maraqlarından irəli gəlir: “Azərbaycanla Ermənistan sülh müqaviləsi imzalasa, Ermənistanın Türkiyə ilə sərhədləri açılsa, Cənubi Qafqaz tamamilə Qərbin nəzarətinə keçəcək. Amerika cidd-cəhdlə öz siyasi danışıqlarında Qarabağ məsələsinin əhəmiyyətini qeyd edir və müharibənin qəbuledilməzliyini vurğulayır”.
V.Quluzadə Amerikanın mövqeyinin Azərbaycana və regiona böyük xeyir verəcəyini də istisna etmir. Amerikanın müharibə tərəfdarı olmadığına diqqət çəkən politoloq, dünyanın aparıcı ölkəsinin siyasi iradəsinin əvvəl-axır qalib gələcəyini düşünür: “Ermənilər də bu mesajı başa düşür və bilirlər ki, gələcəkdə müstəqil dövlət kimi, Qərb və Avropa Ittifaqı ilə əməkdaşlıqda inkişaf edəcəklər. Sözsüz ki, Rusiya ilə əlaqələr öz yerində qalacaq. Regionun ən böyük və inkişaf etmiş dövləti kimi, Rusiyadan bəhrələnəcəyimiz çox şeylər var. Hesab edirəm ki, Amerikanın Cənubi Qafqazdakı siyasəti olduqca ədalətlidir və bu iradə əzminə görə öz sözünü deyə biləcək”.

Nigar