Nazir generalın şou-biznes əhlinin razborkasına qoşulmasından hiddətlənib
Xalq artisti Nazpəri Dostəliyevanın Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə çağırılması və bununla bağlı ölkə prezidentinə müraciəti böyük rezonansa səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, bir neçə sənətçi arasında yaranan şou qalmaqala mütəşəkkil cinayətkarlıqla məşğul olmalı yüksək bir qurumun reaksiyası və xalq artistinin “Bandotdel”ə çağırılaraq dindirilməsi maraqlı nüanslar ortaya çıxarıb. Bununla bağlı redaksiyamıza daxil olan ilginc məlumatlara görə xalq artistləri Ilhamə Quliyeva ilə Nazpəri Dostəliyeva, həmçinin Məleykə Əsədova və digərləri arasında yaranan adi şou-biznes qalmaqalına Azərbaycan Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin rəisi, polis general-mayor Mirqafar Seyidovun qoşulması sırf şəxsi münasibətlərlə bağlıdır.
Belə ki, general Ilhamə Qulyieva ilə yaxın dostluq münasibətlərindədir. Buna görə də, o, primadonnanın xahişini yerinə yetirərək digər sənətçiləri aiddiyatı olmayan bir iş üzrə çağıraraq öz aləmində hədə-qorxu gəlmək istəyib. Nazpəri Dostəliyevanın isə bu olayla bağlı ölkə prezidentinə müraciət etməsi sözün əsl mənasında aləmi bir-birinə qatıb.
Xalq artistinin sözügedən müraciəti və bunun mətbuatda yaratdığı geniş rezonansdan sonra nazir Ramil Usubov “Bandotdel”in rəisini çağıraraq ciddi şəkildə tənbeh edib. Nazir Mirqafar Seyidovun şou-biznes əhlinin razborkasına qoşulmasını axmaq hərəkət kimi qiymətləndirərək ona sərt xəbərdarlıqlar edib.
Məlumatlara görə, baş verən olayla bağlı digər sənətçilər Məleykə Əsədova ilə Sərxan Kərəmoğlunun da açıqlamalar verəcəyi gözlənilir.
Məsələ ilə bağlı DIN-in mövqeyini öyrənmək olmayıb.


