Saakaşvili hakimiyyəti pis vəziyyətdə qoyub

Rəsmi Bakı Gürcüstan prezidentinin «çevriliş bəyanat»ından  şoka düşüb

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Gürcüstan prezidenti Mixail Saakaşvilinin “çevriliş bəyanatı”nı şərh edib. “Media forum” saytı “Newtimes.az” portalına istinadən məlumat verir ki, Novruz Məmmədov Gürcüstan prezidentinin bəyanatına birmənalı münasibət bildirməyin çətin olduğunu deyib:
“Bu bəyanata birmənalı münasibət bildirmək çətindir. Çünki bəyanatda qoyulan məsələlər təəccüb doğurur. Azərbaycanda və Gürcüstanda gedən proseslər arasında müəyyən oxşarlıq olsa da, tam paralellik aparmaq doğru deyil. Hər bir ölkənin daxili və xarici siyasətdə öz dəst-xətti var. Bu ölkələrdəki durum və proseslər bir sıra fundamental cəhətləri ilə fərqlənirlər.
Digər tərəfdən isə prezident Saakaşvilinin Rusiyadakı bir neçə azərbaycanlının Azərbaycana qarşı təhlükəli mövqedə olmaları barədə verdiyi bəyanatı yalnız onun özünün şəxsi mövqeyi hesab etmək lazımdır. Vahid Ələkbərov və digərləri haqqında prezident Saakaşvilinin dediyi fikirlərin həqiqətə uyğun olması inandırıcı deyil. Mən şəxsən bu səfər zamanı keçirilən görüşlərdə iştirak etmişəm və sizə onu qətiyyətlə deyə bilərəm ki, deyilən fikirlər ətrafında heç bir müzakirə aparılmayıb və ona ehtiyac da yox idi.
Bəyanatda söhbət Rusiyada yaşayan azərbaycanlılardan getdiyi üçün mən bildirirəm ki, bu gün Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli və çoxtərəfli münasibətlər elə xarakter daşıyır və elə səviyyədədir ki, bəyanatda səslənən fikirlərə burada yer yoxdur və ola da bilməz. Mən təəssüf edirəm ki, o, Rusiya ilə bağlı fikirlərini Azərbaycana da aid edib”.
Novruz Məmmədovun bu şərhindən açıq-aydın sezilir ki, Mixail Saakaşvilinin məlum bəyanatı Azərbaycan hakimiyyəti üçün şok effekti yaradıb. Gürcüstan prezidenti bu bəyanatla rəsmi Bakını pis vəziyyətdə qoyub. Çünki Novruz Məmmədov Saakaşvilininin bəyanatını “təəccüblə” qarşılasa da, Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi planlaşdırdığı təzə xəbər deyil. Hələ Rusiya Azərbaycan Təşkilatları Ittifaqı (RATI) təsis ediləndə bu Kremlin hakimiyyət dəyişikliyi layihəsi kimi dəyərləndirilirdi. Rəsmi Bakının RATI-nin yaranmasına sərt reaksiyası bu ehtimalları bir qədər də gücləndirdi. Bundan əlavə həmin ərəfədə məlumat yayıldı ki, hakimiyyət daxilində rusiyapərəst qüvvələrin zərərsizləşdirilməsinə başlanılacaq. Bildirilirdi ki, bu, Rusiyadan gözlənilən təhlükəni minimuma endirmək üçündür.
Görünür, indi rəsmi Bakı düşünür ki, Saakaşvilinin məlum bəyanatından sonra Kreml Azərbaycanla bağlı planlarının həyat keçirilməsini sürətləndirə bilər. Bu baxımdan da hakimiyyət Gürcüstan prezidentinin bəyanatını təkzib etmək məcburiyyətində qalıb.  
Xatırladaq ki, Mixail Saakaşvili Rusiyanın Azərbaycanda çevriliş etmək planlarının olduğunu bəyan edib.

Namiq