Əvəz Zeynallının həyat yoldaşı: «Xəbəri gətirən adam dedi ki, Gülər Əhmədova hər şeyi danışmaq istəyir, həbsxanada çox pis vəziyyətdədir»
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə fevralın 28-də keçirilən məhkəmə iclasında baş redaktor onun həbsində xüsusi rolu olan keçmiş deputat Gülər Əhmədovanın məhkəmədə dindirilməsi haqda vəsatət qaldırmaq istəyib. Əvəz Zeynallı hakimə bildirib ki, Gülər Əhmədova ona xəbər göndərib. Baş redaktorun sözlərinə görə, keçmiş deputat bir sıra məsələləri açıqlamaq istəyir.
Lakin hakim Ramella Allahverdiyeva iş üzrə artıq məhkəmə istintaqının başa çatdığını qeyd edərək, vəsatətə baxılmayacağını bildirib. Maraqlıdır, Gülər Əhmədova kimin vasitəsilə xəbər göndərib və o, nələri açıqlamaq istəyir?
Əvəz Zeynallının vəkili Elçin Sadıqovdan bu haqda məlumatı olub-olmadığını soruşduq. Vəkil bildirdi ki, xəbəri gətirənin kimliyini açıqlamayacaq. Müdafiəçinin sözlərinə görə, Gülər Əhmədova məhkəmədə dindirilsə, Əvəz Zeynallı ilə bağlı əməliyyatda necə iştirak etdiyini və kimin onu buna məcbur etdiyini açıqlayacaq.
Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı da vəkilin dediklərini təsdiqləyib: “Məlumatı gətirən adam dedi ki, Gülər Əhmədova hər şeyi danışmaq istəyir. Həbsxanada çox pis vəziyyətdədir. Ona imkan yaradın, məhkəməyə gəlib hər şeyi danışsın. Bununla bağlı vəsatəti hakim qəbul etmədi. Əvəz bəy dəfələrlə hakimdən soruşdu ki, sizin bu işdə nə marağınız var? Onlar da əsaslandırmağa çalışdılar ki, istintaq yenilənməlidir. Əvəz bəy dedi ki, yeni hallar var. Qanunlar imkan verir ki, istintaq yenilənsin. Çünki dələduzluq ittihamı ilə həbs olunan adamın iddiası ilə başqa bir adama 11 il iş vermək istəyirsinizsə, onda bunu əsaslandırmalısız. Mütləq həmin adamın özü məhkəmədə iştirak etməlidir”.
Amma Gülər Əhmədovanın vəkili Eldar Qədimi keçmiş deputatın danışmaq istədiyi barədə deyilənləri təkzib edib: “Bunların hamısı yalandır. Əvəz Zeynallı yəqin, bunu yuxusunda görüb. Gülər Əhmədova ona heç bir xəbər göndərməyib və məhkəmədə yenidən ifadə vermək fikri də yoxdur. Hamısı yalandır, belə şey olmayıb”.
Bəyim Həsənli