Gülərin ağzı açılır…

Fevralın 28-də Ağır Cinayətlərə dair Işlər üzrə Bakı Məhkəməsində “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı onun işi üzrə əsas şikayətçi – keçmiş deputat Gülər Əhmədova həbs edildiyindən işin təkrar istintaqa göndərilməsini və Əhmədovanın məhkəmədə iştirakının təmin edilməsini tələb edib. “APA”nın yaydığı xəbərə görə Ə.Zeynallı iddia edib ki, G.Əhmədova məhkəmədə danışmaq istəməsi barədə ona xəbər göndərib.
Mətləbə keçməzdən əvvəl bir nüansı yada salmaq istəyirəm. Qənimət Zahid həbs ediləndən sonra “Azadlıq”ın Yasamal Polis Idarəsinə gedib-gələn əməkdaşları təsadüfən gördülər ki, idarənin “Axtarılanlar” stendində onu şərləyən “nişanlı” Sevgiladə Əzimovanın şəkli var. Və jurnalist araşdırması başladıldı. Sevgiladənin kimliyi, demək olar, bütün detallarıyla üzə çıxdı və bilindi ki, bu yolundan sapmış qadın gerçəkdən axtarışdadı, özü də həyatın dibinə yuvarlanmış biridi. Lakin o, sərbəst şəkildə idarəyə gəlir, ifadə verir, bəzən də nəşriyyatda gözə dəyirdi. Lakin bunu bilə-bilə onu saxlamırdılar. O zaman artıq kimsədə Qənimət bəyin bir əməliyyat nəticəsində şərləndiyinə şübhə qalmamışdı. Ancaq Sevgiladəyə “gözün üstə qaşın var” deyən olmadı və onun namuslu “nişanlı” ifadələri Azərbaycan hakimiyyəti üçün Quran ayələrindən də qutsal sayıldı. Sonradan başqa bir rayon polislərinin “yanlış” operativliyi nəticəsində Sevgiladə oğurluq üstə yaxalandı (Neftçilər xəstəxanasının həkiminin, ya da mühasibinin zinyət əşyalarını oğurlamışdı) və bu xəbər ehtiyatsızlıq üzündən KIV-ə (ANS) ötürülərək hakimiyyətin iyrənc əməllərinin üstünü açdı. Hamı gördü ki, bu qadın hansı iyrənc yolun quluymuş. Lakin Qənimət Zahid yenə də həbsdə qaldı.
Indi də Əvəz Zeynallını şərləyən “qaynana” həbs edilib. Əvəzi nə üstə şərlətmişdisə, elə onun üstündə. Məlum olub ki, sən demə, bu özü Əvəzi suçladığı işin kralı ilə məşğul imiş və təkcə özü deyil, onun alverində Ramiz Mehdiyevəcən uzanıb gedən qollar varmış. Hər halda onun Elşad Abdullayevə öz dilindən dediyi sözlərə əsasən. Ancaq video-görüntülərə inanılırsa (ki, ayrı cür mümkün də deyil) bu şəxs etibarlı adam deyil, dələduzluğun ən böyüyü ilə (dövlət vəzifələrinin alqı-satqısı) məşğul olub. Elə isə Zeynallını boş yerə orda nədən saxlayıb uşaqlarına və hüquqa əzab verirlər?
Bu rejimdə insan o qədər dəyərsiz, taleyi o qədər önəmsizdi ki, bəlkə də dövlət başçısından tutmuş onun həbsində ən aşağı instansiyanın yiyəsinəcən redaktorun varlığını belə unudublar, buna görə də sifarişlə işləməkdən başqa hüquqi yol bilməyən məhkəmə, prokurorluq qalıb çətin durumda.
Indi APA-nın məlumatına inansaq, Gülər Əhmədova redaktorun məhkəməsində danışmaq istəyir. Mənimçün çox maraqlıdı – o, nə danışa bilər? Məntiqlə yanaşanda sırf bu məhkəmədə onun danışa biləcəyi iki şey var: Bir: “Mən gerçəyi demişəm. Zeynallı məni şantaj edib, para istəyib”; Iki: “Məni hakimiyyət yetgililəri şantac edərək bu işə təhrik ediblər, ona görə Əvəz və onun ailəsindən, yanlış ifadəyə görə istintaqdan, bir də xalqdan üzr istəyirəm. Hakimiyyətin iyrənc əməllərində istəmədən vasitəçi olmuşam”.
Birinci, yəni köhnə varianta görə o, çətin ki, məhkəməyə gəlmək istəsin. Hərçənd, müəyyən vəd olunan güzəştlər qarşılığında buna da gedə bilər. Ikinci variantı yuxarılara blef və ya mesajın yenilənməsi kimi dəyərləndirmək mümkündü. Ancaq bu tezlikdə onun ağzının açılması ağlabatandırmı? Bir yandan da bunu Zeynallının işində Gülərin ağzının açılmasının “A” hərfi kimi qəbul eləmək olar. Yəni “A” dedimsə, Adamın adını da deyə bilərəm. Çünki Zeynallının işi Elşadın işinin yanında çay pulu kimi bir şeydi.
Onun məhkəməyə gətirilib-gətirilməyəcəyi, danışıb-danışmayacağı məlum deyil, ancaq ümid verən bir şey var – məlum məsələlərin üstü simvolik qırx gündən artıq bağlı qalmır…