“Elə bilirdiniz, İlham Əliyevin real tədbirlər görmək əvəzinə “Əsgər ölümünə son” deyənləri “qeyri-milli ünsür” adlandırması ilə əsgər ölümləri dayanacaq?”
AXCP sədri Əli Kərimli ölkədəki axırıncı əsgər ölümü faktına – fevralın 28-də Qazaxdakı N saylı hərbi hissədə Göyçaydan olan əsgər Seymur Allahverdiyevin müəmmalı şəkildə dünyasını dəyişməsinə münasibət bildirib. AXCP sədri özünün Facebook səhifəsində yazıb:
Elə bilirdiniz ki, İlham Əliyevin real tədbirlər görmək əvəzinə “Əsgər ölümünə son” deyənləri “qeyri-milli ünsür” adlandırması ilə ordumuzdakı müəmmalı əsgər ölümləri dayanacaq? Budur, daha bir şübhəli əsgər ölümü: 1990-cı il təvəllüdlü Seymur Allahverdiyev xidmətini başa vurmağa bir ay qalmış müəmmalı şəkildə ölüb və ya öldürülüb. Allah rəhmət etsin. Son 2 ay ərzində ölən əsgərlərin sayı 14-ə çatdı. Bu əsgərlərin heç biri döyüş şəraitində öldürülməyib.
Yanvar ayında əsgər ölümlərinə ğörə İlham Əliyevi və qurduğu rejimi tənqid etdim. Çoxlu sayda insan bu mövqeyimi müdafiə etdi. Amma xeyli suallar da aldım. Bu sualların müəllifləri iddia edirdilər ki, əsgərlərin bir-birini öldürməsinə görə hökumət məsuliyyət daşımalı deyil. Prezident kim olur-olsun orduda ölüm halları olacaq. Sonra da sual verirdilər ki, hakimiyyət əsgər ölümlərinin qarşısını almaq üçün nə edə bilər? Mövzu hələ də aktual olduğu üçün həmin sualları gec də olsa cavablandırmaq qərarına gəldim.
1. İlk növbədə müstəqil və peşəkar məhkəmə sistemi formalaşdırılmalıdır. Orduda baş verən cinayətlər ört-basdır edilməməli, hər bir cinayətə görə cəzanın labüdliyi təmin edilməlidir. Hər bir ölüm hadisəsi prezident səviyyəsində diqqətdə saxlanılmalı, baş verən hər bir cinayətə görə müvafiq vəzifəli şəxslərdən məsuliyyət tələb olunmalıdır. Kütləvi cəzasızlığa son qoyulmalıdır.
2. Orduda ciddi islahatlar həyata keçirilməli, əsgər və zabitlərin maddi tələbatları yüksək səviyyədə təmin olunmalıdır. Bütövlükdə cəmiyyətdə, xüsusilə orduda korrupsiya ilə çox sərt mübarizə aparılmalıdır. Orduda qardaş Türkiyədə olduğu kimi, sərt nizam-intizam və qanunçuluq təmin olunmalı, hər yerdə orduya, zabit və əsgərlərə xüsusi üstün münasibət təbliğ olunmalıdır.
3. Peşəkar orduya keçid başlanılmalıdır. İlkin mərhələdə düşmənlə təmas xəttində və xüsusi əməliyyatlarda yalnız müqavilə əsasında, orduya könüllü cəlb olunacaq nisbətən yaşlı və peşəkar hərbçilərin xidmətindən istifadə edilməlidir. Tədricən ordunun peşəkar orduya çevrilməsi siyasəti aparılmalıdır.
4. Ordu üzərində ictimai nəzarət, parlament nəzarəti təmin olunmalıdır. Ən əsası əsgər valideynlərinə hərbi hissələrdəki vəziyyətə nəzarət imkanı yaradılmalıdır. Əsgər valideynləri heç bir xəbərdarlıqsız hərbi hissələrə gedib, övladlarının yaşayış və xidmət şəraitini izləyə bilməlidirlər və s.
Əlbəttə ki, orduda islahat proqramı daha detallı və geniş olmalıdır. Lakin təkcə mənim burada sadaladığım tədbirlər həyata keçirilsə, orduda çox ciddi müsbət dəyişikliklər olar. Əsgər ölümləri və digər ağır cinayətlər minimum həddə düşər. Demək istəyirəm ki, hakimiyyət istəsə çox iş görə bilər. Hakimiyyətin necəliyindən də çox şey asılıdır. O başqa söhbətdir ki, bu iqtidar sadaladığım tədbirləri həyata keçirməz.