Heydər Əliyev “bizim Xıdır hardadır?” deyə soruşdu
Bakı, 1988-ci il, 17 may…
Sumqayıt hadisələrinin belə asanlıqla baş tutmasında o vaxtkı respublika rəhbərliyinin qətiyyətsizliyi mühüm rol oynayıb. Bunu bir daha ona görə xatırlamağı özümüzə borc bilirik ki, birinci katib Kamran Bağırovun zəifliyi, Qorbaçovun komandası ilə dil tapmaması, bir çox katiblərin açıq-aşkar birincilik uğrunda mübarizə aparması, hüquq-mühafizə orqanlarının gözləmə mövqeyi tutması ermənilərin mübarizəsinə təkan verdi. Sumqayıtda ziyan çəkənlərin demək olar ki, hamısı təhrikçilərin mübarizəsindən kənar duran Qarabağ erməniləridir.
Ermənilərin lehinə ifadə verən yeganə məmur
Sumqayıt şəhər rəhbərlərinin kabinetlərdə oturub yuxarıdan tapşırıq gözləməsi, müstəntiqlərin, xüsusi ilə azərbaycanlı müstəntiqlərin şahid və həbs edilənlərə istədiklərini yazdırmaları, birtərəfli qaydada özümüzünküləri suçlu çıxarmaları bağışlanılmaz səhvdir. Hadisələrin ən qızğın çağında Sumqayıt Şəhər Icraiyyə Komitəsinin sədri Təvəkkül Məmmədovun bir çox təssərrüfat rəhbərlərini icraiyyə komitəsinin binasında saxlamaqda nə məqsəd güdüb? Demək olar ki, şəhər rəhbərlərindən heç kim Moskvadakı məhkəmədə şahid kimi ifadə verməyib. Yalnız Sumqayıt evlər idarəsinin müdiri T. Təhməzov erməni vəkillərin vəsadəti ilə ifadə vermək üçün Moskvaya çağrılıb. O da bizim xeyrimizə olmayan ifadə verib, hadisənin dəlillərinin Azərbaycan KP MK-nın məsul işçisi Hənəfiyevin tapşırığı ilə məhv edildiyini söyləyib.
***
Yaxşı, bunu başa düşürük. Bu hadisəni KQB, digər orqanlar, Qorbaçov yenidənqurmasının düşmənləri, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyən erməni millətçiləri, SSRI-nin dağılmasını qarşısına məqsəd qoyan Mərkəzi Kəşfiyyat Idarəsi törədib. Bəs ölkəmizin vəzifə sahibləri, milis buna niyə imkan verib? Niyə təhlükənin gəldiyi barədə həyəcan siqnalı çalınmayıb? Indi çox söz deyib, çox dəlillər gətirə bilərik. Amma bütün bunlar sonradan baş verənlərə görə heç kimə haqq qazandırmır. Həmin gün Sumqayıtı idarə edənlərin çoxu sakitcə öz ömürlərini yaşayırlar. Yeri gələndə vətəndən, millətdən danışırlar.
“Üçüncü respublikanın süqutu”
1993-cü ilin əvvəlində SSRI “KQB”-nin sədri V.Kryuçkov demişdi: “Sizin Qarabağ faciəniz hələ qabaqdadı”!.
Zərdüşt Əlizadənin “Üçüncü respublikanın suqutu” kitabından:
“Axırıncı mitinqlərin birində orta məktəblərdən birinin direktoru Xıdır Aloyev çıxış etdi. O, Ermənistandan köçmüş kürd əsilli idi. Xıdır Aloyev öz nitqini belə qurtardı: ”Ermənilərə ölüm””!
Heydər Əliyev hakimiyyətə gələndən sonra, Sumqayıta ilk səfərində qəfildən soruşdu: “Bəs bizim Xıdır haradadı?” Kütlənin içindən xoşbəxtlikdən alışıb-yanan ağsaçlı talanlara, ölümə çağıran adam çıxdı, rəhbər “bizim Xıdırla” bərk-bərk görüşdü. Görünür, prezident Əliyev Xıdır Aloyevi belə mükafatlandırdı, onun adını 2000-ci ildə seçiləcək deputatların siyahısına saldı.
***
Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Boris Gevorkov isə deyirdi: “Vilayətin sovet, partiya, təsərrüfat rəhbərlərinin çoxunun nə üçün təhrikçilərin arasında olması məsələsi məni çox düşündürür, lakin bu suala birmənalı cavab tapa bilmirəm. Görünür, bunun çoxsaylı səbəblərindən biri də odur ki, onlar bu məsələnin Moskvada, Mərkəzi Komitədə həll ediləcəyinə əmindilər. Bu cür təhrikçiliyi kim etmişdir? Onları kim inandıra bilmişdir”?
Rus prokuror Azərbaycan dilini harada öyrənmişdi?
Moskva, 1988-ci, 28 oktyabr, cümə…
Məhkəmə səhər saat 10:00-da başlayır.
Zərərçəkənlərin vəkilləri adından Şapoşnikova söz alır. Onun qaldırdığı vəsadətdə bildirilir ki, “SSRI prokurorluğu yanında mühüm işlər müstəntiqi, Sumqayıt hadisələrini araşdıran istintaq qrupunun dağıntılar zamanı öldürülən Raisa Arakelyanla bağlı cinayət işini prokurorluqdan tələb edilsin. Bu işlər bizə təqdim olunduğu halda aparılan cinayət işinin nə dərəcədə əsas işdən ayrıldığının həqiqətə uyğunluğunu sübüt etmək mümkündür”.
Zərərçəkənlər adından çıxış edən Casmin Ambarsumyan Azərbaycan dilindən tərcüməçinin dəyişdirilməsi tələbini qaldırır. O qeyd edir ki, tərcüməçi Nəcəfov deyilənləri istədiyi kimi tərcümə edir:
“Şahid deyir:
– Erməniləri işdən azad etmişdilər.
Tərcüməçi:
– Ermənilər işə çıxmamışdılar
Şahid:
-Quldurlar əllərində balta, daş və ağacla hücum edirdilər.
Tərcüməçi:
-Quldurların əllərində daş və dəyənəklər vardı.
Şahid:
-Bütün bu hadisələrə görə Əliyev, Bağırov, Müslümzadə günahkardır.
Tərcüməçi:
-Bütün hadisələrə görə rəhbərlər günahkardır.
Şahid:
-Hadisələrə milislər rəhbərlik edirdi.
Tərcüməçi:
-Milislər durub baxırdılar”.
Erməni vəkilin təklifini azərbaycanlı vəkillər və mühakimə olunanların yaxınları da müdafiə edirlər. Söz alan prokuror ifadələrin tərcüməsində bəzi yanlışlıqlar olduğunu etiraf etsə də, bunun cinayət işinin aparılmasında elə də əhəmiyyət kəsb etmədiyini bildirir. Belə çıxırdı ki, prokuror Azərbaycan dilini mükəmməl bilir…
Hakim qərar çıxarmaq üçün fasilə elan edir.
***
SSRI Ali Məhkəməsinin qarşısına 30-a qədər erməni yığışır. Onlar məhkəmə zalına daxil olmaq istədiklərini bildirirlər. Onları məhkəmə zalına buraxmırlar. Səbəb kimi zalda yer olmadığı göstərilir. Əslində zalda yer vardı.
Saat 11:20-də hakim tərcüməçinin dəyişdirilməsi haqqında hər iki tərəfin qaldırıdığı vəsadətin rədd edilməsi haqqında qərarını oxuyur. Qərarda bildirilir ki, tərcüməçi Nəcəfovun dəyişdirilməsi ilə bağlı bir əsas görmür.
Şahid Camal Muradov ifadə verir. O deyir:
-Hadisələrdən xeyli vaxt keçib. Mənim yadımda heç nə qalmayıb. Buna görə də danışmağa sözüm yoxdur.
Zala süküt çökür. Hakim də susur. Bir qədər sonra şahid dillənir:
-Təqribən danışa bilərəm. Mən yanan maşının yanında bir meyit gördüm. Çox qorxulu bir mənzərə idi. Bunu kim etmişdi? Üz-gözü qan olan başqa bir qadın da vardı. Sonradan mən üz-gözü əzik başqa bir qadının da döyülməsini gördüm. “Siz nə edirsiniz, bunlar da insandır!”, dedim. Kimsə dilləndi: “Bunlarla belə davranmaq lazımdır”. Bütün gecəni yata bilmədim.
Fevralın 29-da həyat yoldaşımla çörək almağa gedirdim. Yaxınlıqdakı evi dağıdırdılar. Milislər isə durub tamaşa edirdi.
Şahid mütəhhimləri göstərərək deyir:
-Bunlardan da kimsə vardı. Əlində meqafon olan oğlanı mən tanımıram. O, kiçik boylu idi, bığı da vardı. Meqafonla nə dediyini də bilmirəm, 41-ci məhəllədə mən Şakirlə olmuşam. Orada bizim yanımıza Ilqar adlı bir tanışımız gəldi.
Hakim Camalovun ilkin istintaqda verdiyi ifadəni oxuyur: “Əlində meqafon olan oğlan erməniləri öldürməyə çağırırdı. Bizim ana, bacılarımızı Ermənistanda, Qarabağda öldürdüklərini deyirdi”.
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala