Bakıda aksiya: “Əsgər ölümlərinə son”

Fevral ayının 28-də Qazax rayonundakı N saylı hərbi hissədə əsgər Seymur Allahverdiyev müəmmalı şəkildə dünyasını dəyişib. Müdafiə Nazirliyindən əsgərin intihar etdiyi deyilsə də, ailəsi onun döyülərək öldürüldüyünü iddia edir. Yanvar ayında əsgər Ceyhun Qubadovun döyülərək öldürülməsindən sonra siyasi partiyalar, gənclər təşkilatları, ictimai – siyasi fəallar, QHT nümayəndələri, cəmiyyətin müxtəlif kəsimləri, şəhid ailələri minlərlə insanın iştiakı ilə şəhərin mərkəzində mitinq keçirmişdi.
Ötən aksiyanın təçkilatçısı olan gənclər aksiyanın nəticəsiz qaldığını, əsgərlərin hələ də döyülərək öldürülməsini əsas gətirərək “Facebook” sosial şəbəkəsində mart ayının 10-u saat 15:00-a növbəti “Əsgər ölümlərinə son” aksiyası elan edib. edib. Təşkilatçılar bildirirlər ki, Bakı Şəhər İcra Hakimiyyətinə aksiya ilə bağlı müraciət olunacaq. BŞİH-in aksiyaya razılıq verəcəyinə ümid edən təşkilatçılar razılıq verilməyəcəyi halda da aksiyanı keçirəcəklərini bildirirlər. Təşkilaçıların açıqlaması belədir:
“12 yanvarda əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı aksiya keçirdik. Ümid etdik ki, ordudakı qanunsuzluqlarla bağlı tədbir görüləcək. Lakin görülmədi. 2 ay ərzində ölən əsgərlərin sayı 14-ə çatdı. Bu əsgərlərin heç biri döyüş şəraitində öldürülməyib. Və onların qanlarını batırmaq istəyirlər.
Biz bu haqsızlıqlara dur deməliyik! O əsgərlərin yerinə hamımız ola bilərik. Orduda bizim yaxınlarımız, dostlarımız, ailə üzvlərimiz xidmət edir və bu təhlükə hamı üçündü. Bu haqsızlığa bir son verilməlidir!
Bu, vicdan məsələsidir! Bu, ləyaqət məsələsidir! Günahsız gənclərin orduda öldürülməsinə susmayaq!”.

Bəyim